AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Məişət mahnıları

Nümunənin reyestr kodu : FM0203000001

Məişət mahnıları

Azərbaycan xalqının öz sevincini, kədərini, arzu və istəklərini bölüşdüyü məişət mahnıları müəyyən ritual və hadisələrlə bağlı olub xalqın gündəlik məişəti, insanların həyatında baş verən ən mühüm hadisələrlə bağlı yaranmışdı. Məişət mahnıları mətninə, məzmununa, bədii xüsusiyyətlərinə, ifadə etdiyi hisslərə və surətlərə görə digərlərindən fərqlənir. Bura laylalar, oxşamalar, lirik mahnılar, yumorlu və satiralı mahnılar daxildir.

Bayatı qəlibi üzərində qurulan laylalarda övladının gələcək taleyi üçün həyəcan keçirən ananın duyğuları, arzu və istəkləri öz əksini tapır. Laylalar uşağı yatırmaq məqsədi ilə oxunursa, oxşamalar uşağı əzizləmək üçün oxunur. Oxşamalar bəzən nazlama və əzizləmə kimi də təsnifləndirilir. Laylalar aşağı tonda oxunub həzinlik xüsusiyyəti daşıyırsa, oxşamalar əksinə, şən, ritmik olması ilə fərqlənir. Uşaqlara çeviklik, hünər, qorxmazlıq, mərdlik və s. kimi yüksək keyfiyyətlər aşılayan belə mahnılar onlar tərəfindən həmişə sevgi ilə qarşılanır. Laylaların və oxşamaların poetik vəzni, musiqi dili çox sadə və aydındır. Melodiyası zəngin melizmatikaya malik olan bu mahnılar özünəməxsus üslubda ifa olunur. Bu mahnıların intonasiyası, milli koloriti bir çox rus və Azərbaycan bəstəkarlarının diqqətini cəlb etmişdi. Məşhur rus bəstəkarı M.M.İppolitov-İvanov hələ 1930-cu ildə simfonik orkestr üçün yazdığı “Türk fraqmentləri” əsərində, Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyli dördsəsli xorunda onların melodiyasından istifadə etmişlər.

Məişət mahnılarının böyük bir hissəsi lirik mahnılardan ibarətdir. Lirik mahnılar məişət mahnılarının həm melodiya, həm də məzmunca fərqli növüdür. Xalqın gündəlik həyatını əks etdirən bu mahnılarda başlıca yeri ailə, ailəyə münasibət, saf sevgi-məhəbbət motivləri, hicran-vüsal, sevgidən doğan iztirablar, sevinc-kədər hissləri və digər insani duyğular tutur. “Qoy gülüm gəlsin, ay nənə”, “Bülbüllər oxur”, “Gül oğlan”, “Qara xal yar”, “Qara tellər”, “Yar bizə qonaq gələcək” və s. bu kimi mahnılar poetik mətnlə musiqinin gözəl vəhdətinin nümunəsidir.

Məişət mahnılarının qədim növlərindən biri yumorlu mahnılar sayılır. Bu mahnılarda xalqın həyata nikbin münasibəti, gələcəyə inamı, sevgi və xoş əhval-ruhiyyə tərənnüm olunur. Oynaq melodiya, şuxluq və gümrahlıq yumorlu mahnılar üçün səciyyəvi cəhətlərdir. “Çalpapaq” və “Məmmədhəsən” xalq mahnılarında səmimi yumor hiss olunur.

Satiralı mahnılar məişət, əxlaq və gündəlik həyatın mənfi cəhətlərini, insan münasibətlərində yaranan qüsurları musiqinin dili ilə açıb göstərən mahnılardır. Bu mahnılarda insan xasiyyətinin mənfi xüsusiyyətləri, riyakarlıq, yalan, lovğalıq, xudpəsəndlik gülüş obyektinə çevrilərək ifşa olunur. Bir çox mahnılarda satirik və lirik sevgi motivləri birləşir və onlarda şikayət, etiraz ruhu duyulur. “Aman nənə” xalq mahnısı buna bariz nümunədir.