Mifoloji rəvayətlər
Nümunənin reyestr kodu : FL0111020001
Qaynağı etibarilə mifoloji təsəvvürlər sisteminə bağlanan və özünəməxsus janr əlamətləri olan Azərbaycan mifoloji rəvayətləri süjet baxımından, adətən, qısa olur, bəzən epizodik hadisə təsiri bağışlayır. Mifoloji rəvayətlər mifin təhrif olunmuş, müəyyən mənada pozulmuş bir şəklidir. Fövqəltəbii varlıqlar haqqında mövhumi xarakterli bu mətnlər xalq inanclarının, xalq demonologiyasının öyrənilməsində başlıca qaynaqlardan biridir. Mifoloji rəvayətlərin süjet xəttini insanların demonik ruhlarla – fövqəltəbii varlıqlarla qarşılaşması təşkil edir.
Miflərdə olduğu kimi, bu mətnlərdə də bədii söz sənətkarlığına rast gəlinmir. Yəni mətnlərin danışılması söyləyicidən xüsusi hazırlıq tələb etmir. İnformativ funksiya daşıdığı üçün cümlələrin estetikliyi, bədii cəhətdən qüvvətli olub-olmaması söyləyicini, elə bir o qədər də dinləyicini maraqlandırmır. Söz sənətkarlığı olmayan bu tipli mətnlər, adətən, “Bu, həqiqətən olub, əfsanə deyil”, “Mən də gözümlə gördüm onu” və s. kimi cümlələrlə başlayır. Burada söhbət yaxın keçmişdə yaşanmış, həqiqətən baş vermiş hadisədən gedir və həmin hadisə ilə bağlı anladılanlara söyləyicinin zərrə qədər də şübhəsi yoxdur. Başlıca səciyyəsi informativlik olan mifoloji rəvayətlərin bir janr özəlliyi də ondan ibarətdir ki, burada hadisə, yəni demonik güclərlə qarşılaşma səhnəsi çox zaman birinci şəxsin – qəhrəmanın dilindən anladılır. Nəql olunanlar isə ya söyləyicinin özünün, ya da onun uzaqdan, yaxından tanıdığı birinin başına gələnlərdir. Bəzən kimlərisə şahid çəkən söyləyici nənəsindən, digər ailə üzvündən miras qalmış boyunbağının, kəhrəbanın və s. həmin varlıqlara məxsus olduğunu iddia edir. Memuar-xatirə xarakteri daşıyan bu mətnlər xalq arasında çox vaxt “başagəldi”, “əhvalat” adı ilə təqdim olunur. Beləliklə, mifoloji rəvayətlər, xalq inanclarına söykənən, birinin özünün və yaxud yaxın adamının başına gələn və onun mifoloji varlıqlarla qarşılaşmasını anladan kiçik həcmli mətnlərdir.
Mifoloji varlıqların mövcudluğuna inam gənc nəsil arasında azalsa da, şifahi ənənənin içində böyüyən yaşlı nəsil içində ona münasibət fərqlidir. Bu nəslin nümayəndələri arasında hal anasının, cinin və digər mifoloji varlıqların gerçəklikdə var olduğuna inananlar vardır. Mifoloji varlıqlar çox vaxt müəyyən bir ənənə, bəlli bir məkanla bağlı olur. Azərbaycandan qeydə alınmış mifoloji rəvayətlərdə belə varlıqların böyük əksəriyyətinə ümumtürk arealında da rast gəlinir. Hal anası, Təpəgöz, cin, meşə adamı və digər varlıqlar haqqında təsəvvürlər müəyyən variant fərqləri ilə digər türk xalqlarında da vardır. Bəzən bölgədən-bölgəyə bu təsəvvürlər fərqlənir. Məsələn, eyni bir mifoloji varlıq Azərbaycanın müxtəlif bölgələrində fərqli adlarla tanınır. Bir bölgədə Hal anası adlandırılan varlıq digər bölgədə Al arvadı, Ərdov adı ilə tanınır. Qarabağda, Salyan, Saatlı və digər bölgələrdə Qaraçuxa adı ilə tanınan varlıq, Şirvan zonasında Naxış adı ilə tanınır. Bəzi mifoloji varlıqlar haqqında təsəvvürlər isə yalnız müəyyən bölgələr üçün xarakterikdir. Məsələn, Meşə gəlini haqqında təsəvvürlərə Quba-Qusar zonasında, Su adamı haqqında təsəvvürlərə isə Kür-Araz ovalığında rast gəlinir.
Mifoloji varlıqların mövcudluğuna inam bəzən o qədər güclü olur ki, çoxları onlarla qarşılaşmaqdan çəkindikləri üçün şərqarışana qalmamağa çalışır, mifoloji varlıqların yaşadığı və toplaşdığı məkanlar olduğuna inanılan yerlərin – köhnə hamamın, qəbristanlığın, xaraba dəyirmanın və s. yanından keçərkən həmin varlıqlardan qorunmaq, onları qaçırtmaq üçün “bismillah” kəlməsini dillərinə gətirirlər. Toplama təcrübəsi zamanı dəfələrlə müşahidə olunub ki, söyləyici danışdığının mifoloji varlıqların xoşuna gəlməyəcəyindən, ona xətər yetirə biləcəklərindən ehtiyat edərək onlar haqqında danışmaqdan imtina edir. Bu amillər onu göstərir ki, elmi-texniki tərəqqinin bu qədər yayıldığı, ənənəvi mədəniyyətin əriyib yoxa çıxdığı müasir dövrdə mifoloji varlıqlara inam hələ də qalmaqdadır. Bu mətnlər insanların davranışının biçimlənməsində, inanclar sisteminin formalaşmasında mühüm rol oynamaqdadır.