Qodu-qodu
Nümunənin reyestr kodu : DB0204020003
Arasıkəsilmədən yağış yağdıqda uşaqların həyət-həyət gəzərək nəğmə oxumaqla icra etdikləri mərasimin adıdır. Mövsüm mərasimləri, bir qayda olaraq, söz, musiqi və xüsusi hərəkətlər vasitəsilə təbiətə təsir göstərmək mahiyyəti daşıyır. Uzun sürən yağışlı, dumanlı, çiskinli havalarda icra olunan Qodu-qodu mərasimi də təbiətə təsir edərək yağışı kəsdirmək, günü çağırmaq məqsədilə icra olunub.
Mərasim zamanı çömçə və ya taxta qaşıq gəlincik kimi bəzədilirdi. Bir nəfər həmin gəlinciyi əlinə götürərək qapı-qapı gəzir, aşağıdakı sözləri oxuyub pay yığırdı.
Qodu-qodu gördüyün varmı?
Qoduya salam verdiyin varmı?
Qodu gedəndən bəri
Qırmızı gün üzü gördüyün varmı?
Qodu batdı palçığa,
Qarmaladım çıxartdım.
Qara qaya dibindən
Bir qırmızı gün çıxartdım.
Qoduya qaymaq gərək,
Teştlərə yaymaq gərək.
Hər kəs Qodunun payın verməsə,
Gözlərin oymaq gərək.
Gəlinciyin hazırlanması belədir: Şaqulu tutulmuş çömçənin sapına bir qarış aşağıdan taxta qaşığı yanı üstə qoyub qırmızı parça ilə bağlayırlar. Həmin taxta qaşıq gəlinciyin qollarını formalaşdırır. Bir bölgədə həmin gəlincik yun və əski parçalarla, digər bölgədə qırmızı lentlərlə bəzədilir, gəlinciyin boynundan kəhrəba muncuqlar asılır, alnına güzgü parçası bağlanırdı. Quruluşlarına görə fərqlənən həmin oyuqlar “qodu”, “dodu”, “hodu”, “çöçmçəxatun” və sair adlarla tanınır.
Qodunu gəzdirən dəstə adətən iki nəfərdən ibarət olur: çömçəni gəzdirən və pay yığan. Müəyyən maraqlı uşaqlar isə onları müşayiət edirlər. Pay yığan şəxsin çiynində xurcun olur, yığılan ərzağı həmin xurcunun içinə tökür. Mərasimin icrası zamanı uşaqlar yeddı qapı gəzir, ondan sonra bir evdə toplaşıb yığdıqları ərzaqları yeyirlər.
Qodu mərasimi erməni və gürcülər arasında da keçirilib. Həmin xalqlarda mərasimin sonunda kukla dama çıxarılır, ona yumurta və şam bağışlanır, sonra isə od vurulub yandırılır. Yağışı kəsmək məqsədilə düzəldilən kuklaların dama sancılması Azərbaycanın Qusar rayonundan da qeydə alınıb. Qusarın Həzrə kəndində yağışı kəsmək üçün çubuqdan yeddi ədəd kukla düzəldilər, hacıyar adlanan həmin kuklaları dama və ya hasarın başına sancardılar. Bostan oyuğunu xatırladan həmin kuklaların əyninə köhnə paltar geyindirər, başına parça bağlayar, çiyinlərindən içində taxıl, buğda, duz, un, mişar olar heybələr asardılar. Yağış kəsənə qədər həmin kuklalar damın üstündə qalardı.
Tədqiqatçılar rəngli parçalarla bəzədilmiş çömçənin günəş tanrısının rəmzi fiquru hesab edir və bu mərasimin günəş tanrısının şəninə icra olunduğu qənaətindədirlər. Gəlinciyin boynuna salınan kəhrəba, alnına bağlanan güzgünün də günəşin – işığın rəmzi olduğu söylənilir. Mərasim zamanı gəzdirilən kuklanın qadın formasında bəzədilməsi də Azərbaycan əfsanələrində günəşin qadın şəklində təsvir olunmasından irəli gəlir. Elçin Aslanovun yazdığına görə, ilkin dövrdə günəş tanrısına həsr olunmuş və yaşlılar tərəfindən icra olunmuş bu tamaşa sonralar mahiyyətini itirmiş, XX əsrin əvvəlində subay gənclər və uşaqlar tərəfindən oynanılan bir oyuna çevrilmişdir. M.H.Təhmasib isə Qodu haqqında təsəvvürləri zərdüştlüklə əlaqələndirmiş, qodu sözünü günəş ilahəsi İndranın təhrif olunmuş, dəyişilmiş şəkli kimi izah etmişdir.