Mis şərbət qabı
Nümunənin reyestr kodu : ST0702000021
Azərbaycanın ənənəvi xalq təbabətinə görə şirin qidalar və içkilər əhval-ruhiyyəni qaldırmaq və ürəyi qüvvətləndirmək qabiliyyətinə malikdir. Halva və şərbətin yas mərasimlərinin əsas qidasına çevrilməsinin başlıca səbəbi bununla bağlı idi. Qədimdən dərd-qəmin ürəyi zəiflətməsinin, orqanizmin gücdən düşməsinin qarşısını almaq məqsədilə xüsusilə yas mərasimlərində, hüznlü günlərdə şirin qidaların qəbulu tibbi baxımdan əhəmiyyətli sayılmışdır. Məhz bu təcrübə və ənənə şərbət qablarından ibarət süfrə dəstgahının yaranmasına gətirib çıxarmışdır. Şərbət qabları əsasən misdən, bəzən saxsıdan müxtəlif ölçü və tərtibatda düzəldilir, sahibinin istəyi ilə ümumi istifadə məqsədi ilə məscidlərə verilirdi.
Azərbaycan əhalisinin məişətində qədim dövrlərdən bəri istifadə olunan şərbət qabları bir kompleks təşkil etmiş, xüsusən mərasimlərdə istifadə olunmuşdur. Şərbət qablarına şərbətxor, şərbəti, şərbət qaşığı, şərbət çömçəsi daxil idi. Bəzən təkcə şərbətxor “şərbət qabı” adlandırılmışdır. Şərbətin və oxşar içkilərin süfrəyə verilməsində bu qablardan geniş istifadə edilmişdir. Bir sıra hallarda satıl da şərbət saxlamaq üçün istifadə olunurdu.
Əksər şərbətxor qablar faktiki olaraq, iki hissədən ibarət idi: aşağı hissə oturacaq və tutacaqdan, yuxarı hissə dərin hissədən ibarətdir. Şərbətxor kimi dərin qabların istehsalı (“izafə”) zamanı lavaşa döyülüb çuxur (çökək) hala salınır, sonra “pəsdayı edilirdi”. Bir neçə hissədən (dib, orta, boyun, tutacaq, oturacaq və s.) ibarət hazırlanandan sonra bir-birinə calaşdırılırdı. “Calğa” adlanan həmin hissələrin “dəndə” adlanan qıraq dilimləri bir-birinə keçirilərək ağız-ağıza birləşdirilir, sonra calğaların calaqları lehimlənirdi. Maye üçün nəzərdə tutulan qablar möhkəm və etibarlı lehim növü olan “qaraqaynaq” üsulu ilə lehimlənirdi, kürədə qızdırılarkən hərarət nəticəsində lehim əriyib calğa dəndələrinin aralarındakı boşluqları örtür və onların bir-birinə möhkəm yapışmasını təmin edirdi. Lehimləmədən sonra mis məmulatı çarxa verilərək səthindəki çəkic izləri itirilirdi, paxır verməsin deyə qalaylanırdı. Belə qablar peşəkar nəqşbənd ustalar tərəfindən naxışlanırdı.
Şərbətxorlar gündəlik məişətdə deyil, əsasən mərasimlərdə istifadə edildiyi üçün, adətən, iri tutumlu hazırlanardı. XIX əsrə aid şərbətxorun ağzının diametri 32-46 sm, oturacağının diametri 28-41 sm, hündürlüyü 37-58 sm olmuşdur. Eyni zamanda quruluşuna görə, fərqli, qazana bənzəyən şərbət qabları istehsal edilmişdir, belə qabların hündürlüyü 37 sm, ağzının diametri 34 sm, oturacağının diametri 41 sm idi.
Nazik təbəqəli misdən hazırlanmış şərbət qabları bədii tərtibatı və dini məzmunlu epiqrafik yazıları ilə seçilmişdir. Şərbət qablarının üzərində cızma üsulu ilə incə nəbati naxışlar və ərəb, fars dillərində nəsx xətti ilə “əhli-beyt”in adları, mərsiyələr və başqa dini məzmunlu yazılardan parçalar həkk edilirdi. Belə mis qabların naxışlarının zənginliyi, kamilliyi və sıxlığı qab yiyəsinin mənsub olduğu sosial təbəqədən, sifarişçinin zövqündən və misgərin sənətkarlıq səviyyəsindən asılı idi.
XIX əsrdə iri tutumlu şərbət qablarındakı içki şərbət qaşığı və şərbətxor çömçəsi vasitəsilə piyalələrə və xalq arasında “şərbəti” adlanan, nəlbəkiyə bənzəyən kiçik qablara tökülərək paylanırdı. Şərbətinin ağzının diametri 7-11 sm, hündürlüyü 2,5- 4 sm olur, üzərində Orta əsr klassik şairlərinin qəzəllərindən misralar, sahibinin adı həkk olunurdu. Şərbət qaşıqları ikiüzlü oyma üsulu ilə bəzədilirdi.
Tarixən şərbətxorlar əsasən mərasim məclislərində – nişan və yaslarda istifadə olunurdu. Bəzi etnoqrafik bölgələrimizdə nişan mərasiminin “şirni” adlanması da bu baxımdan təsadüfi deyil. Aşura günlərində məscidlərdə şərbət ehsanı paylanması adəti bu günə qədər qalmışdır. Keçmişdə yas məclisinə daxil olan şəxs xüsusi hazırlanmış şərbət suyundan “təbərrük” kimi içərdi. Bu, bir qayda olaraq, qadınların iştirak elədiyi məclislərə aid idi. İnanca görə, şərbət suyunu içmək mənəvi və fiziki xəstəliklərin sağalma vasitəsi və savab sayılırdı. Bəzən şərbət suyu niyyət edilib, şərbət qablarında paylanardı. İndi də bu ayinə bir çox bölgələrdə, xüsusən Lənkəran-Astara bölgəsinin bəzi kəndlərində rast gəlmək olur.