Maldar
Nümunənin reyestr kodu : DA0104000044
Azərbaycanda maldar peşəsi hələ neolit dövründə ortaya çıxmış, tarixin gedişində yeni xüsusiyyətlər qazanmış, tədricən müəyyən ixtisaslaşma baş vermişdir. Əkinçilik kimi maldarlıq da uzun əsrlər boyu hər hansı əhali qrupunun məşğul olduğu bir peşə olmaqdan daha çox həyat tərzi, yaşam forması, dolanışıq yeri idi. Hələ Neolit dövründə əhalinin oturaq həyat tərzi sürməsinin səbəblərindən biri əkinçiliklə yanaşı, iri buynuzlu mal-qaranın bəslənməsinin üstünlük təşkil etməsi idisə, köçmə (yaylaq-qışlaq) təsərrüfat formasında xırda buynuzlu mal-qaranın sayının artması cəmiyyətin sosial-iqtisadi inkişafının istiqamətini müəyyənləşdirmişdir. Maldarlıq sahəsində əldə edilən yüksək məhsuldarlıq əhalinin sayının artmasını, yeni ərazilərin mənimsənilməsini stimullaşdırdığı kimi, ilkin dövlət birləşmələrinin yaranmasını, sənətkarlıq və ticarətin inkişafını sürətləndirmişdir. Hazırda “maldar” adı altında xırda və iri buynuzlu heyvan saxlayan əhali, yaxud bu işlə məşğul olan şəxs nəzərdə tutulur.
Yaylaq-qışlaq təsərrüfatının inkişafı maldarlıq məhsullarının artmasına, maldar tayfaların alış-veriş işlərində fəal vasitəçiyə çevrilməsinə, dağlıq və dağətəyi bölgələrdə yaşayış yerlərinin artmasına gətirib çıxarmışdır. Maldarlığın daxilində müəyyən ixtisaslaşma baş vermiş, naxırçı, çoban peşələri yaranmışdır.
Azərbaycanda xalqın empirik təcrübəsinin məhsulu olan Kiçik Qafqaz və Böyük Qafqaz qaramal cinsləri əsrlər boyu yerli əhalinin ən çox bəsləyib yetişdirdiyi heyvanlar olmuşdur. Qızılı rəngdə olan Kiçik Qafqaz cinsi əsasən Kür çayının sağ sahilindən başlayaraq, Kiçik Qafqaz dağlarını əhatə etmişdir. Onun az da olsa qara, boz və sarı rəngli cinslərinə təsadüf edilir. Böyük Qafqaz cinsi isə əksərən qara rəngli olub, ən çox Böyük Qafqazda yayılmışdır. Lakin bu cinsin içərisində, başqa rəngli qaramala da təsadüf edilir və bu cins Kürün sol sahilindən başlayaraq, Böyük Qafqaza yayılmışdır. Bu qaramal cinsləri şəraitə uyğun olaraq yaylaq və qışlaqlarda otarılır. Müvafiq iqlimə dözməsi, sıldırımlı dağ keçidlərindən keçməsi, dağın çətin şəraitində özünü örüşlərdə yemlə təmin etməsilə fərqlənir. Yerli cinslərdən başqa, bəzi gəlmə cinslər də olmuşdur. Azərbaycanın bir neçə qəzasında Rusiyanın cənubundan gətirilmiş çərkəz, boz, qırmızı və Don cinslərinə rast gəlmək olurdu.
Camışçılıq Azərbaycanda qədimdən olsa da, orta əsrlərdə inkişaf etmişdir. Qısabuynuzlu camış qrupu Azərbaycanda geniş yayılmışdır. Azərbaycan camışları əsasən qara və boz rəngdə olur. Camışdan əsasən südlük, ətlik və qoşqu qüvvəsi kimi istifadə edilmişdir. İribuynuzlu heyvanlar qrupuna daxil edilən zebuya Azərbaycanda yalnız Lənkəran zonasının dağlıq ərazisində rast gəlinir. Zebudan qoşqu qüvvəsi və südlük heyvan kimi istifadə olunurdu.
Azərbaycanda Neolit dövrünə aid bir sıra arxeoloji abidələrdə iri və xırdabuynuzlu heyvan sümüklərinin aşkarlanması maldarlığın ovçuluq və əkinçiliklə sıx bağlı olaraq ən qədim dövrdən bəri təkmilləşərək inkişaf etdiyini təsdiqləyir. Qobustanın Neolit dövrünə aid qayaüstü rəsmlərində boğazına çatı salınmış öküz təsvirini isə maldarlığın qədim insanın dünyagörüşündə, bədii zövqündə özünəməxsus əksi saymaq mümkündür.
Neolit dövründə yerli əhalinin oturaq həyat tərzi keçirməsi qaramaldan daha geniş istifadəni zəruri etmişdir. Qoyunçuluq isə Eneolit və Tunc dövrlərində daha da inkişaf etmiş, m.ə. V-III minilliklərdə maldarlıq təsərrüfatında önə çıxmışdır. M.ə. IV milliyin sonundan II minilliyin ortalarınadək qoyun sürülərinin sayı artmış, maldarlıq təsərrüfatında aparıcı sahəyə çevrilmişdir. Qoyunçuluğun önə çıxmasının köçmə maldarlıq formasının yaranmasına əsaslı təsiri olmuşdur. Qaramal və qoyun sürülərinin yayda dağ çəmənliklərində bəslənməsi maldarlığın sürətlə inkişaf etməsinə və bu zəmində birinci böyük ictimai əmək bölgüsünə – əkinçiliyin maldarlıqdan ayrılmasına gətirib çıxarmışdır. Mənimsəmə-yığıcılıq təsərrüfatından fərqli olaraq maldarlıq təsərrüfatında kişi əməyi daha mühüm yer tutmuşdur.
Xüsusi ilə Orta əsrlərdə Azərbaycanda maldarlığın intensiv inkişafı cəmiyyətin sosial-iqtisadi inkişafında əksini tapmışdır. Həmin dövrlər toxuculuq, dabbaqlıq, sərraclıq və s. sənət-peşə sahələrinin inkişafı, xammal bolluğu maldarlığın, xüsusi ilə xırda buynuzlu heyvandarlığın genişlənməsi ilə sıx bağlı idi.
XIX-XX əsrlərdə də qoyunçuluq və qaramal təsərrüfatı əhalinin iqtisadi həyatında mühüm rol oynamaqda davam edirdi. XX əsrin əvvəllərində Azərbaycan üzrə qoyunçuluq təsərrüfatında birinci yeri Yelizavetpol quberniyası tuturdu. Məsələn, 1913-cü ildə təkcə Bakı quberniyasında 903534 baş qoyun, 256669 baş qaramal, Yelizavetpolda 1262780 baş qoyun, 618253 baş qaramal var idi. Tarixi mənbələr, statistik məlumatlar təkcə orta əsrlərdə deyil, XX əsrdə belə Azərbaycanda maldarlığın sürətli və intensiv şəkildə inkişafda olduğunu təsdiqləyir.