Miflər
Nümunənin reyestr kodu : FL0109000001
Azərbaycan mifləri dedikdə, Azərbaycan xalqının mifoloji düşüncəsinin məcmusu nəzərdə tutulur. Azərbaycan mifləri başlıca olaraq qədim türk, İslam dininin qəbulundan sonrakı dövrdə isə bu dini sistemdən gəlmə mifoloji görüşlər əsasında təşəkkül tapmışdı. İslam dininin qəbulu ilə bu dinə aid mifoloji təsəvvürlər hakim görüşə çevrilsə də, arxaik təsəvvürlərin müəyyən qismi də günümüzə İslam dini şəxsiyyətlərinə transformasiya olunmuş bir şəkildə gəlib çatmışdı. Həmin mifoloji təsəvvürlərə xalq inanc və inamlarında, nağıl və dastanlarda, bayram mərasimlərində və digər folklor nümunələrində rast gəlmək mümkündür.
Azərbaycan mif mətnlərində dünya daşqını, mədəni qəhrəmanlar, nəhəng insanlar, mifoloji varlıqlar (hal, cin, ərdo, meşə gəlini, div, su pəriləri və b.) haqqında təsəvvürlər daha geniş yayılmışdı.
Mifoloji mətnlər müxtəlif ruhlar, mistik varlıqlar, insan-təbiət münasibətləri, bununla bağlı təsəvvürləri, insanın onu əhatə edən ətraf mühit, onun elementləri haqqında görüşlərini əks etdirir. Süjetlərin rəngarəngliyi və müxtəlifliyinə baxmayaraq, bu mətnlər dağınıq deyil, müəyyən mövzular ətrafında qruplaşır. Dünyanın əksər xalqlarında olduğu kimi, Azərbaycan mifləri də tipoloji baxımdan aşağıdakı qruplara bölünür: 1. Kosmoqonik miflər; 2. Etnoqonik miflər; 3. Təqvim (zaman) mifləri. Mifoloji sistemə daxil olan bütün süjetlər, inanclar, ayinlər, mərasimlər bu üç qrupdan kənara çıxmır.
Kosmoqonik miflər hər bir mifoloji sistemin özəyini təşkil edir. Bu miflərdə dünyanın yaranmasından, onun ayrı-ayrı elementlərinin, təbii və mədəni obyektlərin formalaşmasından bəhs olunur. Azərbaycan mif mətnlərində kainatın kosmik modeli, əsasən üç ölçülü mahiyyət daşıyır: yuxarı dünya (göy) – Tanrının və pak ruhların məskəni; orta dünya (yer) – insanların məskəni; yeraltı dünya – bəd ruhların, iblis və şeytanların məskunlaşdığı yer kimi təsəvvür olunur. Esxatoloji miflər də bu qrupa daxildir. Tədqiqatçıların fikrincə, dünyanın sonu haqqında miflər digər miflərlə müqayisədə çox sonrakı dövrlərdə meydana gəlmişdi. Bu isə təbiidir, çünki esxatoloji miflərdə, digər iki kateqoriyada verilən hadisələrə yekun vurulur. Esxatoloji miflərdə tufan qopması, torpağın suyun altında qalması və üzərindəki canlıların məhv olması, kainatın xaosa çevrilməsi, bütün varlığın cəhənnəm şəklində bərqərar olması kimi dəhşətli qlobal hadisələr əks olunur. Esxatoloji qəzalar, əsasən, Yer üzündə əxlaq və hüquq normalarının pozulmasından, insanların dəhşətli cinayətlərindən və təbiətə qarşı amansız rəftarından, ekoloji fəlakətlərdən və ədalətsizliyin baş alıb getməsindən törəyir.
Etnoqonik (genealoji) miflərin əsas mövzusunu evlənmə və qohumluq qaydalarının, dövlətin, bayramların, yasaqların, ictimai birgəyaşayış normalarının meydana gəlməsi təşkil edir. Azərbaycanda geniş yayılmış nəhəng insanlar, “ana maral”, “boz qurd”, “qırx qız” haqqında təsəvvürlər bu qrupa daxildir. Genealoji miflərdə cəmiyyətin yaranması, qayda-qanunların, əmək alətlərinin və s. meydana gəlməsi müəyyən mifoloji surətlərin (ilkin əcdad, mədəni qəhrəman və s.) adı ilə bağlanır. Məsələn, Azərbaycan şifahi ənənəsində Fatma ana müəyyən bitkilərin, yemək növlərinin yaradıcısı, Davud peyğəmbər sazın yaradıcısı kimi təqdim olunur. Bundan başqa, boz qurd, Koroğlu, Xıdır Nəbi də mədəni qəhrəman – ilkin əcdad haqqında miflər sırasına daxildir.
Təqvim mifləri rituallarla bağlı görüşləri özündə əks etdirir. Bu silsiləyə aid mətnlər cəmiyyətin həyatı ilə birbaşa bağlıdır. Belə ki, artıq yaranmış olan dünyada sosiumun yaşayışı həmin münasibətlər vasitəsilə nizamlanır. Təqvim miflərində təbiətdə güclərin ayrımı simvolik şəkildə əks olunur, ilin fəsillərinin növbələşməsi, təbiətin qışda ölməsi, bitkilərin yazda oyanması və s. kimi təsəvvürlər öz ifadəsini tapır.
-
Əsatirlər, əfsanə və rəvayətlər
Tərtib edənlər: Arif Acaloğlu, Cəlal Bəydili
2005
-
Azərbaycan türklərinin mifologiyası
Ramazan Qafarlı
2010
-
Türk mifoloji obrazlar sistemi: struktur və funksiya
Cəlal Bəydili (Məmmədov)
2007
-
Azərbaycan mifik təfəkkürünün qaynaqları
Mirəli Seyidov
1983
- Biblioqrafiya və tərtibçilər