AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Məcməyi

Nümunənin reyestr kodu : ST0702000004

Əsasən xörəyin süfrəyə verilməsində istifadə olunan məcməyi yastı, dayaz qabdır. Bir qayda olaraq, plov və xəngəl kimi yeməklər məcməyi və sinilərdə, duru və isti yeməklər isə kasalarda (mis, saxsı, büllur) süfrəyə verilirdi. Bəzən məcməyi ölçüsünə görə, böyük sini də hesab olunur. Məcməyi ən çox toyda, nişanda və yas məclislərində işlənirdi. Bundan əlavə, onun içərisində qovun, qarpız kəsilib doğranılırdı. Yay mövsümündə bağlarda əncir, üzüm və s. meyvələr dərilib məcməyiyə yığılırdı. Toy və yas məclislərində məcməyidə plov paylanılırdı. Bir qədər kiçik ölçülü məcməyilərdə düyü arıtlanırdı.

Məcməyi müxtəlif böyüklükdə olub səthi naxışlı və qıraqları çevirmə düzəldilirdi. Ənənəvi olaraq qabın ağız hissəsinin kənarları yarımdairəvi kəsmələrlə, içərisi isə nəbati, çilik, cidaburnu, zəncirvari, dama, paxlava, buta, aypara kimi milli ornament və naxışlarla bəzədilirdi, alt hissəsi tamamilə saya, yəni naxışsız olurdu. Məcməyi əsasən misdən hazırlanasa da, bürünc və dəmir məcməyilər də istehsal edilmişdir.

Dayaz qab sayılan mis məcməyinin hazırlanması bir sıra mərhələdən keçmişdir. Misgərlər sadə əritmə və isti döymə üsulları ilə bir sıra istehsal prosesləri (misin əridilib qırs halına salınması, istidöymə yolu ilə onların yastılanması, pəstahların döyülüb ilkin formaya salınması, onların calanıb birləşdirilməsi, çarxlama, naxışlama, qalaylama və s.) yerinə yetirmişlər. Mis məmulatının növünə və calaqların ölçüsünə müvafiq olaraq ərinti qəlibləri müxtəlif tutumda hazırlanırdı. Mis ərintisi tədricən bərkiyib özünü tutmaqla qəlibin formasına müvafiq dairəvi təbəqə şəklinə düşürdü. “Qırs” adlanan həmin ərintilər ölçülərinə görə çeşidlənib qruplara bölünürdü. Mis məmulatının “calğa” adlanan ayrı-ayrı hissələri zindan üzərində döyülüb nazildilərək müvafiq formaya salınırdı. Qırs ilk növbədə tapdanıb “girdəbur” adlanan qalın yayma halına salınırdı. Birinci tovdan (qırsın qızdırılıb bir əl döyülməsi) çıxmış qırs təbəqəsinin qalınlığı istehsal üçün tələb olunan həddən artıq olduğundan onlar yenidən istidöymə yolu ilə bir neçə dəfə döyülməklə nazik təbəqə (“lavaşa”) halına salınırdı. Adətən, xırda qabların girdəburu ikinci tovdan, orta ölçülü qablarınkı üçüncü tovdan, iri qabların girdəburu isə dördüncü tovdan sonra nazilib lavaşa həddinə çatırdı. Qoşa döyülən qırsdan fərqli olaraq, lavaşa üçün girdəburlar hər dəfə dörd-dörd qızdırılıb döyülürdü. Dayaz qablar (məcməyi, sini, teşt, döyrə, ləyən, nimçə və s.) bilavasitə lavaşadan düzəldilməklə “xara” adlanırdı. Dərin qabları (qazan, güyüm, səhəng, farş, taskababı, satıl, sərinc və s.) hazırlamaq üçün lavaşa bir sıra əlavə texnoloji prosesdən keçirdi. Məhz bu səbəbdən də bu tip qabların istehsalı “izafə” adlanırdı. Bu texnoloji prosesləri keçdikdən sonra məcməyi məmulatının son emalı, naxışlanması başlanırdı.

Məcməyi hazırlanması misgərlik sənətinin inkişafı ilə bağlıdır, bu məmulat qədim zamanlardan məlum olmuşdur. Ərəb sözü olan “məcməyi” daha çox yastı sini, iri sini kimi də tanınır, sinidən yalnız ölçüsünün böyüklüyünə görə fərqlənir. Misdən hazırlanmış məcməyilərdən fərqli olaraq, tökmə üsulu ilə bürüncdən hazırlanan bahalı məcməyilər daha çox var-dövlət, təmtaraq əşyası sayılmışdır. Hazırda Sankt Peterburq Ermitajında saxlanan bürünc məcməyi milli məişət əşyalarımızdandır. Diametri 73,5 sm olan bu məcməyinin bəzək elementləri onun ilk Orta əsrlərdə hazırlandığını göstərir. Məcməyinin üzərinə döymə üsulu ilə həkk edilmiş gül, çiçək, budaq rəsmləri və onların ümumi kompozisiyası öz üslub xüsusiyyətlərinə görə bu orijinal sənət əsərini VII-X yüzilliyə aid edir. Məcməyinin ortasındakı böyük medalyonda verilən nəbati ornament motivləri xüsusi maraq doğurur. Burada simmetrik olaraq altı ədəd üç şaxəli yarpaq rəsmi həkk edilmişdir. Bu tipli təsvirlər ilk orta əsrlərdə “Müqəddəs ağac”ın rəmzi olmuşdur.

Hətta məcməyidən folklor musiqisində, xalq oyun və əyləncələrində çalğı aləti kimi istifadə olunmuş, əllə döyəclənən məcməyi bəzən dəfi əvəz etmişdir. Məsələn, qədim “Fincan-fincan” el tamaşasında məcməyidən çalğı aləti kimi istifadə edilirdi. Bu tamaşa zamanı oyunçular dövrə vurub oturur, məcməyiyə ağzıüstə çevrilmiş bir neçə fincan qoyurlar. Oyunçulardan biri otağı tərk edir. Daha sonra qızıl üzük və ya sırğa kimi həcmcə kiçik, lakin çox qiymətli əşyanı fincanlardan birinin altına qoyurlar. Bundan sonra bayıra çıxarılmış oyunçu otağa dəvət olunur. O, üzüyün hansı fincanın altında olduğunu müəyyənləşdirməlidir. Əgər düzgün tapsa, üzüyü udur, tapa bilməsə, onda cərimə əvəzi məcməyidə çalınan ritmə uyğun rəqs etməlidir. Digər oyunçular isə onu ruhlandırmaq üçün ritmə uyğun əl çalmalıdırlar. Beləcə, üzük tapılana kimi “Fincan-fincan” oyunu davam edir.