Məşşatə
Nümunənin reyestr kodu : DA0104000061
Azərbaycanda bəzək əşyalarının tipoloji növlərinin geniş və zəngin olması səbəbindən onların hazırlanması, eləcə də təyinatı üzrə istifadə olunması ilə müxtəlif peşə sahibləri – zərgər, gümüşbənd, cavahirsaz, ağlabənd, məşşatə (bəzəkçi) məşğul olurdu. Bu bəzək növlərinin hər birinin özünəməxsus xammal növü, istehsal texnologiyası və tətbiq sahəsi mövcud olmuşdur.
Məşşatə dedikdə etnoqrafik ədəbiyyatda gəlin köçürülən qızları, yaxud varlı evlərdə qadınları bəzəndirib geyindirən qadın nəzərdə tutulur. Toy qadınlar üçün xüsusi əhəmiyyət kəsb etdiyindən, insanların daha çox görüşüb ünsiyyətdə olduğu bir mərasim olduğundan özlərini təqdim etmə və daha gözəl görünmə məqsədilə qadınlar bər-bəzəkdən və kosmetik vasitələrdən istifadə edirdilər. Bunun üçün də məşşatələrin xidmətinə müraciət olunurdu.
Keçmişdə “məşşatə” adlanan peşəkar bəzək ustaları toy günü gəlin köçən qızların, yaxud varlı evlərində kübar qadınların üz-gözünü bəzəyib geyindirərdilər. “Bəzəkçi” qadınlar, bir qayda olaraq, maqqaş və səkkizvari ilgək halına salınmış sap vasitəsilə qadının üz-qaşını alıb təmizləyəndən sonra kosmetik boya maddələri (ənlik, kirşan, vəsmə, sürmə, həna, rüşül) ilə bəzəyib yaraşıqlı hala salırdılar. Kosmetik bəzək vasitələrinin bir qismini, o cümlədən rüşül, daban daşı və hənanı hər kəs özü də əldə edib istifadə edə bilərdi. Qadın bəzəklərinin xüsusi bir qrupunu yanağa, qaşa, gözə çəkilən boyalar, yaxud əl-ayaq barmaqlarına yaxılan həna təşkil edirdi. Bir qayda olaraq, vəsmə qaşa, sürmə gözə çəkilir, ənlik, kirşan isə yanaqlara yaxılırdı. Həna əl-ayağa, saç-saqqala yaxılırdı. Məşşatə saçın hörük, cığa və birçəklərini darayıb səliqəyə salandan sonra gülab, ənbər və digər ətirli mayelər çiləyib qadın saçını rayihələndirərdi. Kosmetik vasitələri, adətən, əttar dükanı və əczaxanalardan, yaxud çərçi və camaşırxanalardan satınalma yolu ilə əldə edirdilər.
Azərbaycan ərazində aparılmış arxeoloji tədqiqatlar zamanı ən qədim dövrlərdən üzü bəri çoxsaylı qadın baş-paltar bəzəkləri tapılmışdır. Qadınların bəzədilməsi işi orta əsrlərdə də geniş yayılmışdır.
Qadınların, gəlinlərin bəzədilməsində xüsusi rolu olan məşşatə peşəsi orta əsrlərdə olduğu kimi, XX əsrdə də mövcud idi. Şərqin kübar və aristokrat ailələrində xanımları bəzəmək üçün bəzəkçi qadınlar saxlamaq adət idi. Hərəmxanalarda hər qadının öz bəzəkçisi olmalı idi. Orta əsr şairləri Əfzələddin Xəqani, Arif Ərdəbili, səyyah Həmdullah Qəzvini “məşşatə” haqqında məlumat vermişlər. Qazi Bürhanəddin qəzəlində “məşşatə”ni belə təsvir edir:
Məşşatə bana müşk ilə bir şanə gətürməz,
Bənüm kibi bu dünyaya divanə gətürməz.
Məşşatə qadınların, gəlinlərin saçını “səkinəvi” üsulla bəzəmiş, saçın bağ şəklində qalması üçün başa “saçayıran” sancaq vurmuş, hörüyə saç bağı bağlamış, saça möhrə taxmış, xanımları müxtəlif kosmetik vasitələrlə bəzəmişlər. Bundan başqa, bəzək üçün süleymani boyunbağı, qiymətli daşlar, cıqqa, gərdənbənd, xalxal, şəddə incilər və s. bəzək əşyalarından istifadə etmişlər. Bəzi bölgələrdə hətta XX əsrdə belə gəlin gedən qızların saçlarını bəzəyənə oğlan evi tərəfindən “baş bəzəyi” adlanan haqq da verilirdi.