Meyxana
Nümunənin reyestr kodu : FL0205000001
Meyxana Azərbaycan şifahi xalq yaradıcılığının lirik janrının və klassik poeziyanın mühüm elementlərini özündə əks etdirən sənət nümunəsidir. Satira və yumorun, bədahətən ifa və hazırcavablığın, şən əhval-ruhiyyənin üstünlük təşkil etdiyi bu nümunələr bir, iki, üç, dörd və bəzən daha çox şair tərəfindən deyişmə-atışma, hərbə-zorba və xor şəklində söylənir. Meyxananın məzmunu auditoriyanın, iştirakçıların peşəsinə, sənətinə, məclisdəkilərin istəyinə, arzusuna, mimikasına, jestinə uyğun deyilir və misranın sonu fonetik məzmun baxımından nəqərat bəndi ilə uyğunlaşdırılır. Meyxanalar, əsasən, əruz vəznində deyildiyindən kompozisiya etibarilə qəzəllərə yaxındır.
Meyxanaları qafiyəli meyxanalar, rədifli meyxanalar, beyt meyxanalar, qafiyəsiz meyxanalar, meyxana və bəhri-təvil, meyxana və mahnılar, müşairə meyxanalar, rəvayətli meyxanalar və s. kimi qruplaşdırmaq mümkündür. Qafiyəli meyxanalar bənd formasına görə mahnılara yaxındır. Meyxanalar qafiyədən başlanır. Say baxımından azlıq təşkil edən qafiyəsiz meyxanalar forma etibarilə bəndlərdə misraların, poetik strukturda isə hecaların sayına görə daha sərbəst quruluşludur.
Meyxanada qafiyə mühüm rol oynayır. Meyxananın kompozisiya-üslub kamilliyini təmin etmək üçün daha yetkin sənətkarların qafiyə tutmasına üstünlük verilir. Mürəkkəb tutulmuş qafiyədə fikir, ideya, intonasiya, ritm, kompozisiya və üslub xüsusiyyətləri saxlanır. Bu, meyxananın kamilliyini təmin edir. Meyxanalar müraciət, monoloq, dialoq, poliloq, hər hansı obyektə və subyektə münasibəti əks etdirməklə 4, 5, 6 və s. misradan ibarət olur. Struktur baxımdan meyxana, əsasən, bir süjet situasiyanı, bir psixoloji məqamı əks etdirir. Meyxananın dili üslub baxımından zəngindir. Burada istifadə edilən bədii ifadə vasitələri, obrazlı vahidlər və məcazlar rəngarəng sintaktik-üslubi fiqurlar yaradır. Bu üslubi fiqurlar antiteza, təkrir və onun növləri, sintaktik paralelizm, bədii xitab və sair, həm də əlvan üslub imkanlarının ortaya çıxmasına şərait yaradır.
Azərbaycanda əldə olan meyxana nümunələrinin yaşı XIX əsrdən qabaqkı dövrə gedib çıxmasa da, bu sənətin tarixinin uzaq keçmişdən qaynaqlandığı məlumdur. Meyxanaların şamanlıq vergisi, şaman mərasimi, şaman ovsunları ilə əlaqəli olduğunu söyləmək mümkündür. Şamanlıq vergisi, şaman mərasimləri, əsasən, Qərbi Sibir türklərində yayılmış olsa da, Azərbaycan türklərinin etnik yaddaşına yad deyil. Qədim türklərin şamançı və manixeyçi olduqları tarixən məlumdur. Türklər İslamı qəbul etdikdən sonra etnik mədəniyyətimizdə şamanizm, manixeyizm və sufizmin iç-içə çulğaşıb, bir-birinə bağlanması baş verdi. Sufilər şamançı düşüncəsinə yuvarlanmaqla özləri də bilmədən ocaqlarda, pirlərdə şamanlara xas mimika və jest hərəkətləri edib, möcüzə göstərməklə öz güclərini ortaya qoyurdular. Beləliklə, meyxana qeyri-adi bir sənət və ifaçılıq forması kimi şifahi xalq yaradıcılığına, İslam təfəkkürünə və Şərq klassik poeziyasına söykənərək inkişaf etməyə başladı.
Meyxanaçılıq digər etnik-milli ənənələrdə (hind, ərəb, fars və s.) təşəkkül tapsa da, ona Azərbaycan türkləri qədər sahib çıxmış ikinci bir xalq olmamış və xalqımızın nümayəndələri bu sənəti formalaşdırmaqla bugünkü mərtəbəyə çatdırmış, onu folklor, poeziya, sənət, musiqi mədəniyyətinin sintezi kimi ortaya qoymuşlar.
Həm şifahi xalq yaradıcılığı, həm də klassik Şərq təsəvvüf poeziyasından bəhrələnən meyxana XIX əsrdə və XX əsrin 90-cı illərinədək Azərbaycanda – Bakı şəhərində, Maştağa, Buzovna, Masazır, Balaxanı, Kürdəxanı və s. kimi kəndlərdə, Abşeron yarımadasında daha çox yayılmış, meyxanaçıların əksəriyyəti məhz adlarını çəkdiyimiz bu yerlərdən çıxmış, XX əsrin sonlarından isə onun coğrafiyası nəzərəçarpacaq dərəcədə genişlənmiş, Azərbaycanın müxtəlif regionlarında (Astara, Lerik, Masallı, Cəlilabad, Qubadlı, Zəngilan, Qazax, Borçalı, Gəncə, Bərdə, Ağdam, Göyçay, İsmayıllı, Xızı, Siyəzən və s.), çeşidli bölgələrdə istedadlı meyxanaçılar yetişmişlər. Çağdaş dövrümüzdə onlar xalqın sosial-məişət, ictimai-mədəni həyatının müxtəlif tərəflərini çevrələyən maraqlı sənət nümunələri yaradırlar.
-
Meyxanənin poetikası
Nizamni Tağısoy, Zülalim Zakariyya
2011
-
Azərbaycan meyxanalarının janr xüsusiyyətləri
Nizami Rzayev
2016
-
Azərbaycan şifahi şeir ənənəsində bədihə
Ağaverdi Xəlil
2010
- Biblioqrafiya və tərtibçilər