Mil oyunu
Nümunənin reyestr kodu : FO0105000002
Zorxana oyunları adətən mil oyunu ilə başlayır. Mil – şümşad, səndəl və ya palıd ağacından hazırlanıb, içi qurğuşunla doldurulan, butulkaya bənzəyən bərli-bəzəkli idman alətidir. Bu alətin boyu 110 sm, yoğunluğu 25 sm, çəkisi isə 10 kq-dan 30 kq-a qədər çatır. Həmin alətin qoşa təsviri zorxana oyunlarının bir emblemi kimi qəbul olunur. Mil oyununun iştirakçısı xalq arasında "milbaz", "toxmaqoynadan", "zopuoynadan" da adlandırılır. Oyunda milbazlar dairə şəklində ayaq üstə duraraq, milləri iki əlinə alır, təbilin ahənginə uyğun sağ əlindəkiləri yuxarı qaldırır, sol əlindəkiləri aşağı salırlar. Yaxud hər iki mili başı üstündə tutub hərlədir və ya bir mili tək əli ilə yuxarı atır, yerə endikdə isə dəstəyindən tuturlar. Bu hərəkətlər nağaranın ritmləri ilə getdikcə artan tempdə müşayiət olunur.