Qurban bayramı
Nümunənin reyestr kodu : DB0101000001
Orta yüzilliklərdə islam dininin hökmran olduğu Azərbaycan cəmiyyətində ictimai-siyasi həyatın bütün sahələrinə, o cümlədən də bayramlara dinin təsiri böyük idi. Xüsusilə də dini hökmlərə söykənən bayramlar ciddiliyi, əhatəliliyi və miqyasına görə digər bayramlardan fərqlənirdi. Azərbaycan xalqının islam inancında iki böyük bayram vardır: Qurban və Ramazan bayramları. Qurban bayramı “eydül-əzha”, Ramazan bayramı isə “eydül-fitrə” adlanır. Qurban və Ramazan bayramları hicrətin ikinci ilindən etibarən keçirilməyə başlanmışdır. O zamandan bəri hər iki bayram müsəlman xalqlarının milli bayramları səviyyəsinə yüksələ bilmişdir. Allah üçün qurbanların kəsildiyi Qurban bayramı islam dünyasının ən müqəddəs bayramı sayılır. Hələ islam dini yayılmamışdan əvvəl ərəblər Məkkə şəhərinə ziyarətə gəlirdilər və burada Allah yolunda qurban kəsərək ruzi, bərəkət arzusuyla dualar edirdilər. İslam dini yayıldıqdan sonra da bu dini ayinin bayram kimi qeyd olunması davam etmişdir.
Azərbayanda geniş qeyd edilən Qurban bayramı Zülhiccə ayının 10-da (müsəlman qəməri təqviminə görə 12-ci ay) orucluqdan 70 gün sonra keçirilir. İstər Qurban bayramı, istərsə də Orucluq ay təqviminə, yəni qəməri aylara uyğun qeyd edilir. Qəməri aylar günəş təqvimindəki aylara görə 10 gün əvvəl gəlir. Beləliklə, Qurban bayramına və Ramazan orucuna hər il on gün əvvəl başlanıldığına görə bu bayramlar təxminən 33 ildə bir dəfə bütün fəsilləri gəzir və Qurban bayramı və oruc günləri də buna müvafiq dəyişir.
İslamdan əvvəl də mövcud olan “Qurbanetmə” adəti islamın ümumi prinsipləri əsasında yeni mahiyyət kəsb etməyə başladı. İslamda həyata keçirilmə və dəqiq icra mexanizmlərinə malik Qurban bayramı İbrahim peyğəmbərin adı ilə bağlıdır. Dini rəvayətə görə yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyi özünə borc bilərək oğlu İsmayılı qurban verməyə hazırlaşır. Allah onun sədaqətli və əhdə vəfalı olduğunu gördükdə Cəbrayıl vasitəsi ilə ona qoç göndərmişdir ki, oğlunun əvəzinə onu kəssin. İbrahim peyğəmbər də Allahın bu istəyini yerinə yetirmiş və qoçu qurban kəsmişdir. Bu hadisə əsasında islamda Allah rizasına qurban kəsmək ənənəsi formalaşmışdır. İslam inancına görə insanlar bunu etməklə Allah qarşısında savab qazanırlar. Xalq arasında bu bayram “İsmayıl qurbanı” adı ilə də tanınır.
İslam qurbanverməni müsəlmanın vacib əməlləri sırasına daxil edir və bununla əlaqədar Qurani-Şərifdə və Həzrət Məhəmmədin hədislərində bəyanlar vardır. Bayramın keçiriləcəyi vaxt, kimlərin qurban kəsə bilməsi, hansı heyvanlar qurban kəsilə bilər, qurban necə kəsilməlidir, qurbanlıq heyvanın əti necə bölüşdürülür və s. haqqında dəqiq normalar və qaydalar müəyyənləşdirilmişdir. Qurban bayramında müsəlmanların bir-birini daha çox arayıb axtarması, bir-birinə qonaq getməsi, mehribançılıq yaratması və bunun sevincini yaşaması, uzaqda yaşayan valideynlərin yanına bayramlaşmağa getmək bir ənənə halını almışdır. Bayram günü imkanı olan hər bir müsəlman qurban kəsməli və kasıblara pay verməlidir. İmkanı olmayanlara isə belə məcburiyyət yoxdur.
Qurbanlıq heyvan qoyun, keçi, dana və dəvədən ola bilər. Dəvə və ya dananı yeddi ailə birləşib qurban kəsə bilər və həmin heyvanın əti ortaqlar arasında bərabər bölüşdürülür. Qurban bayramının bir özəlliyi də ondan ibarətdir ki, bayram və qurbanlıq paylanan zamanı din, məzhəb ayrıseçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın.
Beləliklə, islamdan əvvəl də mövcud olan Qurban bayramı islamda daha mükəmməlləşmiş, müsəlmanların həyatında vacib bir adətə çevrilərək əsrlərin sınaqlarından keçib yaşamaq hüququ qazanmışdır. Humanist və xeyirxah məqsədlərin daşıyıcısı olan bu bayram islamın qəbul edilməsindən bu yana, həmişə xalqımızın həyat tərzinin bir parçası olmuş və azərbaycanlılar tərəfindən bu gün də geniş şəkildə qeyd edilməkdədir.