Bayramlar
Nümunənin reyestr kodu : DB0100000001
Dayanıqlığı və mühafizəkarlığı ilə seçilən Azərbaycan xalq bayramları zaman-zaman təqiblərə, müəyyən qadağalara məruz qalmasına baxmayaraq öz varlığını qoruyub saxlaya bilmiş və bu günədək gəlib çatmışdı. Qədim insanların inanclarını və dünyagörüşünü özündə yaşadan bu bayramlar həm də Azərbaycan cəmiyyətinin, mədəni institutların fəaliyyətini başa düşmək üçün ən gözəl vasitədir.
Xalq bayramları toplumun bütün üzvlərini bir araya gətirir, qədim inancların, adət-ənənələrin yaşadılmasına kömək edir, həmçinin insanlar arasında dayanışmanı, yardımlaşmağı, bir-birinə əl tutmağı artırır. Orucluq bayramında kənd sakinlərinin yası düşmüş ailələrə baş çəkərək onlarla bayramlaşması, Novruz bayramında qohum-əqrəbanın bir-birinə bayram sovqatı göndərməsi, Qurban bayramında imkansız ailələrə qurban ətinin paylanması bu dayanışmanın ən gözəl nümunəsidir.
Hər bir xalq bayramının özünəməxsus, digər bayramlardan fərqli xüsusiyyətləri vardır. Bayram günləri keçirilən tamaşalar, oyunlar, əyləncələr, şənliklər bayrama fərdilik verməklə yanaşı, onu daha maraqlı edir və hafizələrdə uzun müddət qalmasına kömək edir. Təsadüfi deyil ki, yaşlı söyləyicilərdən ötən əsrin ortalarında keçirdikləri bayramları xəbər aldıqda, sanki dünən yaşanmış bir hadisəni danışırmış kimi məlumatları dolğunluqla çatdırırlar.
Xalq bayramları ənənəvi və dini bayramlar olmaqla iki qrupa bölünür. Ənənəvi bayramlar çoxsaylı ayin və mərasimlərdən təşkil olunmuş, rəqs, oyun, mahnı, xalq tamaşaları kimi ünsürləri özündə ehtiva edən mürəkkəb bir kompleksdir. Xalqın təsərrüfat fəaliyyəti ilə bağlı olan, magik mahiyyət kəsb edən bu bayramlar sonralar ilkin funksiyasını itirmiş və böyük əksəriyyəti günümüzdə sadəcə oyun, əyləncə kimi qavranılır. Ciddi, rəsmi mahiyyət kəsb edən dini bayramlardan fərqli olaraq, bu bayramlar karnaval mədəniyyəti üzərində təşəkkül tapmışdı. Karnaval mədəniyyəti üçün xarakterik bir çox xüsusiyyətlər – gülüş üzərində qurulması, dini bayramlarda görmədiyimiz azadlıq, sərbəstlik bu bayramların ruhuna hakim olmuşdu. Həmin sərbəstlik bayram günü insanların davranışında, rəftarında, danışığında özünü göstərir. Karnaval mədəniyyəti üçün xarakterik olan kosa, keçəl, tülkü kimi komik personajlar belə bayramların əsas fiqurlarıdır. Bu personajlar qışın yarı olması münasibətilə keçirilən Xıdır Nəbi bayramının, həyatın əsasını təşkil edən dörd əsas ünsürün oyanmasının qeyd olunduğu axır çərşənbənin əsas fiqurlarıdır. Ənənəvi bayramlar insanın, cəmiyyətin və təbii həyatın ən vacib anı, keçid dövrləri ilə bağlı olur, ölüm və dirilmə, dəyişmə və yenilənmə onların əsas mahiyyətini təşkil edir.
Ənənəvi bayramlardan fərqli olaraq Azərbaycanda dini bayramlar İslam dini təsəvvürləri ilə əlaqədar təşəkkül tapmışdı. Hicrətin ikinci ilindən etibarən keçirilməyə başlayan bu bayramlar o zamandan da müsəlman xalqının milli bayramları səviyyəsinə yüksəlmişdi. Əhatəliliyinə, təmtəraqlılığına görə bu bayramlar digərlərindən heç də geri qalmır. Dini ibadətgahların dağıdıldığı, məscidlərin bağlandığı sovet dövründə xalq bütün məşəqqətlərə baxmayaraq, gizli də olsa, bu bayramları keçirirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Qurban bayramı, Ramazan bayramı ümumxalq bayramları sırasına daxil olmuş, həmin günlər qeyri-iş günü elan olunmuşdu. Ciddiliyi, rəsmiliyi ilə seçilən bu bayramlar elə məişətdə də bu mahiyyəti ilə öz əksini tapmışdı.