AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Lirik janrlar

Nümunənin reyestr kodu : FL0200000001

Azərbaycan yazılı ədəbiyyatında olduğu kimi, şifahi ədəbiyyat nümunələri də üç növ ətrafında qruplaşdırılır: epik növ, lirik növ və dramatik növ. Epik növ təhkiyə və nəql etməyə, dramatik növ hərəkətlə sözün vəhdətinə, lirik növ isə düşüncənin poetik şəkildə ifadəsinə əsaslanır. Növlərin yaranma tarixi dəqiq bəlli olmasa da, sinifli cəmiyyət yarananadək onların sinkretik şəkildə bir arada mövcud olduğu, sonralar müstəqil inkişaf yoluna qədəm qoyaraq bir-birindən ayrıldığı qeyd olunur. Bu gün də arxaik folklor nümunələrində – atalar sözlərində, tapmacalarda, yanıltmaclarda bu sinkretiklik müşahidə olunur. Məzmun baxımından onlar epik, təsvir baxımından isə lirik səciyyə daşıyır. Belə ki, sintaktik təkrarlar və paralelizmlərdən istifadə onlara ritmiklik gətirmişdi. Ona görə də atalar sözləri, tapmacalar bir çox tədqiqatçılar tərəfindən lirik növlə epik növ arasındakı janr kimi dəyərləndirilir.

Lirik növün əsas əlamətlərindən biri ritmdir. Azərbaycan şifahi xalq ədəbiyyatında insanların daxili duyğularını ifadə edən bayatılar, anaların beşik başında oxuduğu laylalar, ümumiyyətlə bütün lirik nümunələr kağız üzərində quru mətn təsiri bağışlasa da, şifahi ənənədə müəyyən ritm və avazla ifa olunur. Bayatılara bəzi bölgələrimizdə mahnı deyilməsi də onların müəyyən avazla oxunmasından irəli gəlir. Deməli, ritmiklik lirik növün əsas əlamətlərindən biridir. Qədim poeziya nümunələrində ritmiklik sintaktik təkrarlar və paralelizmlər vasitəsilə yaradılmışdı ki, bunu da “Kitabi Dədə Qorqud”un mətnində, həmçinin atalar sözü və tapmacalarda izləmək mümkündür. Sonrakı dövrdə yazı mədəniyyətinin təsiri ilə qafiyə və misra meydana çıxmışdı. Misra hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırası və ya sintaktik vahiddir. Misraların sonunda təkrarlanan ahəngcə oxşar sintaktik formalara isə qafiyə deyilir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdi.

Azərbaycan şifahi ədəbiyyatındakı lirik nümunələr heca vəzni üzərində qurulmuşdu. Heca vəzni eyni tipli saitlərin sözlərdə bir-birini izləməsi qanununa əsaslanır. Misralarda belə sözlər sıralananda hər heca qabarıq tələffüz məxrəcini saxlayır və poetik ritmikliyi yaradan əsas vasitəyə çevrilir. Misralardakı hecaların sayı lirik növdə müxtəlif ölçülərin yaranıb sabitləşməsinə səbəb olmuşdu. Azərbaycan folklorunda ən çox yeddilik, səkkizlik və on birlik şeir ölçülərindən istifadə olunur. Bayatı, laylay, oxşama, bir çox mərasim nəğmələri yeddilik, oynaq və şux intonasiyası ilə seçilən gəraylılar səkkizlik, XV əsrdən etibarən həm yazılı, həm də şifahi poeziyanın əsas şəkillərindən biri olan qoşmalar isə on birlik ölçü üzərində qurulmuşdu. Misralardakı hecaların sayının bərabərliyi heca vəzni üçün kifayət etmir, həm də misradaxili bölgülər bir-birinə uyğun gəlməlidir. Yəni birinci misrada neçə hecadan sonra fasilə verilirsə, növbəti misralarda da bu prinsip gözlənməlidir. Belə bir bölgü şeirə ahəngdarlıq, musiqilik və oynaqlıq gətirir.

Azərbaycan şifahi xalq ədəbiyyatında lirik növə mərasim nəğmələri, xalq mahnıları, bayatılar, aşıq poeziyasının şəkilləri, düzgülər və s. daxildir. Lirik növ sadədən mürəkkəbə doğru bir inkişaf yolu keçmişdi. Yarandığı ilk dövlərdə poetik ölçü qəlibləri mövcud olmamış, ahəng, ritm və alliterasiya da sonradan həmin mətnlərdə əks olunmağa başlamışdı. Lirik növün həmin ibtidai qəlibləri günümüzə gəlib çatmasa da, sonrakı dövrə məxsus yaradıcılıq nümunələri içərisində, xüsusən də, mərasim nəğmələri, magik poeziya nümunələri arasında belə modellərə rast gəlmək mümkündür. Lirik üslubu xatırladan bu yaradıcılıq nümunələri lirik növün erkən poetik nümunələri hesab olunur. Yeddilik şeir qəlibinin formalaşması ilə həmin poetik nümunələr tədricən unudulmağa, şifahi ənənədən silinməyə başlasa da, onlar şifahi poeziyada daha kamil poetik nümunələrin yaranmasının əsasını qoymuşdu.