AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qopuz

Nümunənin reyestr kodu : ST0803000004

Qopuz qədim musiqi alətlərindən biri hesab olunur. Vaxtilə Azərbaycanda qəhrəmanlıq nəğmələri, dastanlar onun müşayiəti ilə ifa olunmuş, kütləvi şənliklərdə, toy-düyünlərdə ondan geniş istifadə edilmişdir. Hazırda bu alət qədim Azərbaycan musiqisini yaşadan “Qorqud”, “Savalan” və sair musiqi kollektivlərinin tərkibində yer almaqdadır.

Qopuz sözü qədim türkcədə "ucalıq", "yüksəklik" anlamına gələn “qop” və "avaz", "sehrli musiqi ahəngi" anlamına gələn “uz” sözlərindən yaranmışdır. Bu alətin adına ilk dəfə uyğur Koço dövlətinə elçi göndərilmiş Vanyen-Tenin (982 il) kitabından rast gəlinir. Onun qeydlərinə görə, uyğurlar mahnı oxuyarkən qopuz çalarmışlar. ABŞ arxeoloqlarının 1960-cı ildə Cənubi Azərbaycanın Şuşdağı ətəyində yerləşən Cığamış qədim yaşayış məskənində apardıqları qazıntılar zamanı e.ə. VI minilliyə aid edilən sinəsində qopuz tutmuş ozan və bir neçə başqa musiqiçidən ibarət musiqi məclisinin təsvir edildiyi saxsı qab aşkar edilmişdir. Türk xalqları arasında geniş yayılmış bu alət sonralar kobuz”, “kobza”, “komuz”, “komız” və sair adlar altında bəzi Avropa ölkələrində də (Ukrayna, Polşa, Macarıstan, Moldova və s.) istifadə olunmuşdur.

Qopuzun çanağı udabənzər olub, ondan xeyli kiçikdir. Çanaq hissəsi bütövyonma üsulu ilə hazırlanır. Onun üzünün 2/3 hissəsi dəri, qalan hissəsi isə nazik taxta üzlüklə örtülür. Qopuzun qısa qoluna pərdələr bağlanılmır. Ümumi uzunluğu 810 mm, çanağının uzunluğu 410 mm, eni 240 mm, hündürlüyü 120 mm-dir. Diapazonu böyük oktavanın "si" səsindən birinci oktavanın "lya" səsinə kimidir.

Əldə olan bilgilərdən ozanların, baxşıların, akınların, kayçıların, esençilərin istifadə etdikləri qopuzun müxtəlif növləri olduğu anlaşılır. Tarixən ozan çalğı aləti kimi məşhurlaşan qopuzun yaradıcısı da əfsanələrdə Dədə Qorqud hesab edilir. Sonradan bütün ozanların çalğı alətinə çevrilən qopuz, əsasən, iki növə ayrılır: 1) qopuzi-ozan, 2) qopuzi-rumi.

Qopuzi-ozan uzun çanaqlı və üç tellidir. “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan qolça (yəni qol uzunluğunda kasası olan çalğı aləti) qopuz məhz qopuzi-ozandır. Bu dastanda qopuzun ozanla, daha konkret olaraq Dədə Qorqudla assosiasiya edilməsi, onun ozan hadisəsi olduğunu təsdiqləyir. Qopuzi-rumi isə uda oxşar olub, beş tellidir. Bu, Kaşqarlı lüğətində təsvir olunan Orta Asiya qopuzunun eynidir.

Ümumilikdə, qopuzun 3 növü mövcuddur:

1. İkisimli qıl qopuz (və ya “ikilıq”). Kamanla çalınan bu alət Orta Asiya xalqları arasında, xüsusilə Qazaxıstanda geniş yayılmış və hazırda istifadə edilməkdədir.

2. Üçsimli qolça qopuz (yəni qol uzunluğunda kasası olan çalğı aləti). Çağdaş aşıq sazının sələfi sayılan bu qopuz uzun çanaqlı və üç tellidir. İkisimli qopuzdan Altay, Sibir türkləri, türkmənlər, Çin uyğurları, üçsimli qopuzdan isə Anadolu və Azərbaycan türkləri istifadə etmişlər.

3. Beşsimli qopuz və ya qopuzi-rumi uda oxşar olub, Kaşqarlı lüğətində təsvir olunan Orta Asiya qopuzunun eynidir.