AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Məişət mərasimləri

Nümunənin reyestr kodu : DB0203000001

Məişət mərasimləri mərasim folklorunun ikinci ən böyük qolunu təşkil edir və insanın dünyaya gəlməsi anından tutmuş, ailədə və cəmiyyətdə statusunun dəyişməsi və nəhayət ölüm anınadək olan bütün mərhələləri ehtiva edir. Hər bir mərhələnin özünəməxsus inam-sınama, tabu-yasaq, etiqad və bədii mətn kompleksi mövcuddur. Məişət mərasimləri insan həyatında baş verən üç mühüm hadisəni əhatə edir və bu baxımdan üç yerə ayrılır: 1. Doğum mərasimi, 2. Toy mərasimi, 3. Yas mərasimi.

Doğum mərasimi – doğumdan qabaqkı profilaktik tədbirlər, uşağın doğulması və yeni doğulmuş uşağın ailəyə, nəslə qəbul edilməsi, uşağın böyüməsi ilə əlaqədar icra edilən ayinləri əhatə edir. Bu ayinlər, onların funksiyaları və məqsədləri doğum mərasimini üç mərhələyə ayırmağa imkan verir: I. Doğumqabağı və doğumdan sonra 40 gün ərzində icra edilən mərasimlər; II. Yeni doğulmuş uşağın nəslə, yaxud ailəyə qəbul edilməsi; III. Zahının paklanması (qüsl vermə). Sadalanan hər bir mərhələ folklor mətnləri – sınama, ovsun, fal, lirik nəğ​mələr, oxşama və nazlamalar, düzgülər və s. ilə müşayiət olunur.

Doğum mərasiminə həm də uşağın ilk dişinin çıxması, uşağın ayaq açması, dil açması, uşağa ad verilməsi zamanı həyata keçirilən ayinlər də daxil edilir.

Toy mərasimi insan həyatının ən mühüm mərhələsində – insanın sosial statusunun dəyişməsi zamanı icra edilən ayinləri və xüsusi hərəkət proqramını əhatə edir. İnsanın sonrakı həyatına bilavasitə təsir göstərən, müsbət istiqamətdə dəyişikliklərə səbəb ola biləcək toy, digər iki məişət mərasimindən daha çox ictimai məzmun daşıması ilə fərqlənir. Belə ki, "doğum və ölüm fərdin (ötürülən obyektin) qohumları (ailə, nəsil) ilə ruhlar aləmi arasında kommunikasiyanı (rabitəni) modelləşdirirsə", toyda, sadəcə, iki kollektiv arasında əvəzlənmə – ötürmə münasibətləri baş verir. Bu münasibətlərin əsası isə çoxlu sayda ayinlərlə, rituallarla müşayiət olunaraq qoyulur. Toy mərasiminin ayinləri üç mərhələdə qruplaşdırılır ki, onlar da öz növbəsində çoxsaylı ayin və rituallardan ibarət olur: I. Toyqabağı mərasimlər; II. Toyun özü; III. Toydan sonrakı ayin və mərasimlər

Toyqabağı mərasimlər – qız bəyənmə, qız gördü, elçilik, həri (və ya “hə”nin alınması), nişan və s. mərhələlərdə həyata keçirilir. Bu mərhələnin ən vacib məqamı nişan mərasimidir. Nişandan sonra bayramlıq aparılması, ayaqaçdı (oğlanın qız evinə ilk dəfə qonaq çağırılması), adaxlıbazlıq (çağdaş dönəmdə tamamilə unudulmuş, oğlanın nışanlısı ilə gizli görüşməsi) və s. kimi mərasimlər həyata keçirilir.

İkinci mərhələ toy mərasimidir ki, paltarkəsdi, xınayaxdı və oğlan evində toyu əhatə edir.

Toydan sonra həyata keçirilən mərasimlərə isə üzəçıxdı, duvaqqama, həftə hamamı, təzə gəlin və bəyi bəd qüvvələrdən qorumaq üçün icra edilən ayinlər daxildir.

Yas mərasimi ilə məişət mərasimlərinin "doğum-olum-ölüm" üçlüyü tamamlanmış olur. Məhz labüd xarakterinə görə yas digər iki mərasimdən köklü surətdə fərqlənir. Belə ki, digər iki mərasimin subyektiv və obyektiv (sonsuzluq və subaylıq hallarında) icrası mümkün deyilsə də, yas hər bir ailədə mütləq icra ediləcək mərasimlərdəndir. Yas mərasiminin poetik mətnlərində metaforikləşdirmə, bədiilik pərdəsi arxasında arxaik təsəvvürlər, ibtidai inamlar mühafizə edildiyindən primitiv təfəkkürün bu təbii hadisəyə (ölüm hadisəsinə) münasibətini bərpa etmək mümkündür. Bu münasibətin əsasında formalaşmış müəyyən təsəvvürlər bir-birilə qırılmaz surətdə əlaqədar olan ayin və ritualların yaranmasına səbəb olmuşdur ki, onlar da öz növbəsində yas mərasiminin aparıcı elementlərini təşkil edirlər.