AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Minasazlıq

Nümunənin reyestr kodu : ST0704000004

Azərbaycanın zərgərlik sənətində minasazlıq xüsusi yer tutmuşdur. Minalı məmulat istehsalının inkişafı zərgərlik sənətində spesifik istehsal texnologiyasına malik xüsusi bir sahənin – minasazlığın (minaçılıq) yaranmasına səbəb olmuşdur. Minasazlıq milli zərgərlik sənətinin yüksək inkişaf səviyyəsinin göstəricilərindən biri idi. Keçmış məişətdə varlı zümrələr zinət və cavahirata xüsusi əhəmiyyət verdiklərindən onların sifarışi ilə düzəldilən zinət şeyləri, bir qayda olaraq, mina ilə bəzədilirdi. Minasazlıq məmulatı, əsasən, qadın zinətlərindən: baş (alın, üz, qulaq), sinə, bilək, barmaq və paltar bəzəklərindən ibarət olmuşdur. Cərgə-gül çutqabağı, piyaləzəng, badamı, şarlı, aypara sırğalar, minalı üzük, qarmaq, silsilə, belbağı, düymə və s. bu qəbildəndir. Keçmişdə hakim zümrələrin sifarişi ilə qılınc və xəncər qınının üzəri, məişət qabları, xüsusilə çay və xörək qaşıqları, dəmsüzən, habelə pərdə qotazlarının müvafiq hissələri də mina ilə bəzədilirdi.

Minasazlıq sənətinin üsulu oyulmuş bir rəsmin, naxışın rəngli mina mayesi (şiri) ilə doldurmaqdan ibarətdir. Bundan ötrü qızıl, gümüş və qeyri-metal parçası üzərində lazım olan (quş, heyvan, bitki və s.) rəsmli naxışlı qəlibi basma üsulu ilə ona keçirdikdən sonra burada əmələ gələn boşluqları mina mayesi ilə doldururlar. Odadavamlı metal duzlarından hazırlanmış qələvidən ibarət olan mina fırça ilə məmulatın üzərinə yaxılırdı. Məmulat bir neçə dəfə odda qızdırılandan sonra mina bərkiyib sabitləşir və şüşə keyfiyyəti kəsb edirdi. Azərbaycan minasazlığında pərdəli, divarəli, şəbəkəli olmaqla müxtəlif mina məmulatı hazırlanmışdır. Zinətin bədii tərtibatından və dekor tələbindən asılı olaraq abı, yaşıl, qızılı, çəhrayı, narıncı, sumağı, ağ rəngli minaların açıq, tünd, şəffaf kimi müxtəlif çalarları tətbiq edilmişdir.

Azərbaycan minaçılığında ən çox işlədilən rənglər çəhrayı, yaşıl, göy, firuzəyi, qara və qırmızı olmuşdur. Yaşılla, əsasən yarpaq və budaqlar örtülmüş, firuzəyi və göy rənglərlə nəbati rəsmlərdən ibarət naxışların bəzi ara sahə yerlikləri, qırmızı rənglə adətən ləçəkləri, çəhrayı rəngdə olan güllərin ləçək dibləri işlənmişdir. Bu cəhətdən minasazlıq sənəti başqa sənətlərə nisbətən daha çox kaşıçılıq sənətini xatırladır.

XVIII yüzillikdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri, əsas etibarilə, 6 texniki üsulda – döymə, basma, qarasavad, şəbəkə, xatəmkarlıq və minasazlıq bəzədilirdi. Azərbaycanda ən çox pərdəli mina işləri Təbrizdə, Naxçıvanda və Bakıda olmuşdur. Tarixdən məlumdur ki, yüksək keyfiyyətli Bakı pərdəli minaları hələ XVIII yüzillikdə dünya bazarlarında aparıcı yer tutmuşdu. O dövrdə Bakı-Şamaxı zərgərlərinin minalı sırğaları geniş yayılmışdı. İndiyə qədər xalq arasında hələ XIX yüzillikdə yaşamış məşhur Bakı minasazlarından Məşədi Əbüləziz, Usta Aslan, Molla Fərəc kimi sənətkarların adları unudulmur.

Minasazlıq sənəti XX əsrdə də inkişaf etmişdir. 1935-ci ildə xalq rəssamı İsmayıl Axundovun rəhbərliyi ilə yerli zərgərlərin hazırladığı, Azərbaycana həsr edilmiş albom qovluğu qızıl, gümüş simlərdən düzədilmiş gül-çiçək, budaq və onların elementlərindən quraşdırılmış minalı lövhəciklərdən ibarət idi.