Maxara (Südçörəyi)
Nümunənin reyestr kodu : ST0904000002
Maxara adı Zaqatala-Balakən bölgəsində işlədilir, Azərbaycanın digər bölgələrində isə südçörəyi adı ilə tanınır. Mərasim yeməyidir, uzun müddət yağan yağışı kəsmək, günü çağırmaq üçün bişirilir. Maxara süd, un, duz, yağ və yumurtadan hazırlanır. Onu bişirmək üçün lazım olan ərzaq hər evdən yığılır və bir yerdə qarışdırılaraq bişirilir. Maxara bişirilən zaman sacın üstü qurban kəsilmiş qoyunun piyi ilə yağlanır, onda edilən niyyətin daha tez hasil olacağına inanılır.
Maxara insanların daha sıx toplaşdığı yerlərdə – kolxoz dövründə tütün saraylarılının altında, ziyarətgahlarda, məscid həyətində niyyət edilərək bişiriliridi. Məsələn, Zaqatala rayonunun Dağlı kəndində yazın xeyirli, bərəkətli olması üçün yaz qabağı sadağalar verilir. Həmin günlər hərə evdən müəyyən ərzaqlardan götürüb meydança kimi geniş bir əraziyə və ya bir bağa toplaşır. Mətux adlanan bu yığıncaqlarda ocaqlar qalanır, yaşlı qadınlar yığılan ərzaqdan sülhüllü, çint (əriştə), maxara (süd çörəyi) kimi yeməklər bişirir. Bişirilən yeməklərdən, ilk növbədə, yetim-yesirə, xəstə adamlara pay göndərilir, sonra süfrə açılıb yemək yeyilir. Yoldan keçən olanda onlar da yeməyə dəvət olunur, oturmadığı təqdirdə bişirilən yeməkdən pay verib yola salınır. Yemək bişirilməsinə, adətən, gündüz başlanılır, axşam isə şənlik olur. Dağlı kəndində isə mətuxlar növbə ilə keçirilərdi: bu gün bir oba, səhəri başqa oba. Bu obanın adamları o biri obaya gedərək onların məclisində iştirak edərdi. Mətuxlarda bir qıraqda sac asılıb yemək bişirilər, bir qıraqda da yelləncək (sallancaq) qurulardı. Oğlanlar, qızlar axşama kimi orada əylənər, dəf çalıb oynayardılar.
İbtidai təsəvvürdə insanlar əşyalarla təbiət hadisələri arasında müəyyən bənzərlik, əlaqə axtarmış, onun vasitəsi ilə təbiətə təsir göstərməyə çalışmışlar. Südçörəyi (maxara) də sacda bişdikdə ətrafları üzülərək günəşin şüalarını xatırladan saçaqlar əmələ gəlir. Günəşə bənzədiyi üçün insanlar Günəşə təsir etmək, onu çağırmaq üçün ondan istifadə etməyə çalışmışlar.