AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qrafika

Nümunənin reyestr kodu : SV0300000001

Azərbaycanda qrafika sənəti ənənələri çox qədimdir. Qobustan, Gəmiqaya və digər qədim qayaüstü təsvirlərdə erkən qrafik cızmalar, müxtəlif cizgi və xətlər qorunub saxlanmışdı. Qrafika təsviri sənətin növlərindən biridir. Bu sənətdə rənglərdən çox az, əsasən, xalis halda istifadə olunur,.əsas təsvir vasitələri isə xətt, ştrix, ləkə, nöqtə və sairdir.

Qrafika sənəti bədii və sənaye qrafikasına bölünür. Bədii qrafikaya dəzgah qrafikası (rəsm, estamp və s.), kitab qrafikası (illüstrasiya, ekslibris), həmçinin plakat, karikatura, şarj janrları daxildir. Sənaye qrafikasına sənaye məhsullarının istehsal və satışı ilə əlaqədar olan bədii tərtibat işləri (firma nişanları, istehsal markası, yarlıqlar, etiketlər, emblemlər, loqotiplər, həmçinin qablaşdırma, reklam və s.) aid edilir. Son dövrlərdə kompyuter qrafikası geniş yayılmışdı və bir çox sahələrdə tətbiq olunur.

Qrafik əsərlər kağız üzərində sadə (karandaş, tuş, pastel) və xüsusi altlıq (faktura) üzərində mürəkkəb (qravüra, linoqravüra, ofort, ksiloqrafiya və s.) vasitələrlə işlənir. Bunlardan birincilər bir nüsxədə (orijinal, yaxud unikal adlanır) yaradılır, ikincilərdən isə basma yolu ilə istənilən sayda surət çıxarmaq mümkündür; bu, dəzgah qrafikasının xarakterik cəhətidir. Müxtəlif eskiz və işləmələrin (teatr-dekorasiya sənətində, xalçaçılıqda, həmçinin tədris məqsədilə) rəsm əsasını çox zaman qrafika texnikası təşkil edir.

XVI əsrin ortalarında və ikinci yarısında Qəzvin miniatür məktəbində geniş yayılmış “siyah qələm” Şərqin inkişaf etmiş qrafika texnikası idi. Mir Zeynalabdin, Siyavuş bəy Qorçi, Sadıq bəy Əfşar və başqaları bu sahədə maraqlı lövhələr, portretlər yaratmışlar. XIX əsrin sonu – XX əsrin əvvəllərindən etibarən milli mətbuatın inkişafı ilə əlaqədar satirik qrafika sürətlə inkişaf edir, Əzim Əzimzadə, Xəlil Musayev, İosif Rotter, Oskar Şmerlinq və başqalarının karikaturaları yayılır. Bu işdə “Molla Nəsrəddin” satirik jurnalı böyük əhəmiyyət kəsb edirdi. Jurnalın səhifələrində çap olunan rəngli karikaturalar realist sənətin inkişafına müsbət təsir göstərmişdi. XX əsrin əvvəllərində Abbas Hüseyni, Nəcəf Rasim, Qeysər Kaşıyeva kimi rəssamların məişət lövhələri milli qrafikanın inkişafına təkan vermişdi. 30-40-cı illərdə İsmayıl Axundov, Əmir Hacıyev, Hüseyn Əliyev və başqaları müxtəlif süjetli rəsmlər, illüstrasiyalar çəkir, kitab qrafikası sahəsində isə Kazım Kazımzadə, Davud Kazımov, Oqtay Sadıqzadə və başqaları çalışırdı. Qocaman rəssam Ə.Əzimzadənin 30-40-cı illərdə işlədiyi seriyalı rəsmlər (“Köhnə Bakı tipləri”, “Yüz tip”) satirik qrafika sənətinin realist ənənələrini milli zəmində xeyli inkişaf etdirir.

II Dünya müharibəsi illərində plakat və karikaturanın əhəmiyyəti xeyli artır. Müharibə dövründə Azərbaycan qrafiklərinin plakatları “Təşviqat pəncərələri”, “Döyüşən qələm” kimi birliklər, bədii təbliğat və təşviqat orqanları vasitəsilə nümayiş etdirilirdi. Müharibədən sonrakı illərdə isə Maral Rəhmanzadənin rəngli linoqravüraları (“Bizim qızlar”, “Mənim bacılarım” və s.), Elmira Şahtaxtinskaya, Cabbar Qasımovun plakatları məşhur idi. Həmin dövrdə Ələkbər Rzaquliyevin “Köhnə Bakı” seriyası ağ-qara qrafikanın inkişafında mühüm mərhələyə çevrilir. 70-ci illərdə Elmira Şahtaxtinskayanın yaratdığı “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakat seriyası qrafika sənətini yeni əsərlərlə zənginləşdirir. Bu seriyaya daxil olan Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əcəmi Naxçıvani, Əbdülqadir Marağayi, Bəhmənyar, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və başqa portretlər Azərbaycan bədii qrafika sənətinin qızıl fonduna daxil olmuşdu.

XXI əsrdə informasiya texnologiyalarının sürətli inkişafı sayəsində kompyuter qrafikası çiçəklənmiş, onun qarşısında yeni bədii-texniki imkanlar açılmışdı. Kompyuter qrafikasının yayılması, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da əl texnologiyasının, yaradıcılıq təxəyyülünün, qrafikanın bəzi sahələrinin (illüstrasiya, ekslibris, plakat və s.) zəifləməsinə səbəb olmuşdu. Bununla belə, Azərbaycanın qrafika sənəti bu gün də inkişafını davam etdirir. Yaşlı nəslin təmsilçilərindən Cəmil Müfidzadə, Arif Hüseynov və digər rəssamların fəaliyyəti qrafikanın yeni yaradıcılıq perspektivlərindən xəbər verir. Onların sənəti gənclər tərəfindən davam etdirilir.