Metal nimçə
Nümunənin reyestr kodu : ST0702000018
Azərbaycan xalqının ənənəvi məişətində istifadə olunan qablar arasında süfrə qabı sayılan nimçələr daş, ağac, dulusdan, sonrakı mərhələlərdə isə metaldan hazırlanmışdır. Müasir məişətdə ağac, dulus və mis nimçələr paralel şəkildə işlədilməkdədir. Tarixən nimçələr şirsiz və şirli qaydada hazırlanmış, dekorunda oyma üsulu ilə xarakterik bəzəklərdən istifadə edilmişdir. Ustalıqla oyulmuş və boyadılmış qabların üzərində müxtəlif ornamentlər – heyvan, quş, hətta insan fiqurları olurdu. Bu boyalar və dərin bir cığırı xatırladan bəzəklər dövrün metal məmulatlarındakı rəsmlərin, bəzəklərin oxşarı idi.
Dulusçuluqda olduğu kimi, metalişləmədə, xüsusilə misgərlikdə müxtəlif qabların, o cümlədən nimçələrin quruluşca və materialına görə (mis, gümüş, qızıl) müxtəlif formaları hazırlanırdı. Eyni zamanda dərin nimçə, dayaz nimçələr də fərqləndirilmişdir. Quruluşca girdə, dəyirmi olan nimçə boşqab (dərin nimçə), balaca mis sini kimi də adlandırılmışdır.
Azərbaycanın bəzi bölgələrində nimçələr “döyrə” kimi tanınır, “nim” fars dilində “yarıdan da balaca” anlamında işlədilir. Nimçələr (döyrələr) siniyə nisbətən kiçik olub, süfrədə boşqab funksiyasını yerinə yetirir, kiçik tutumlu qazanların, tava, qablama, saplıca və s. qabların ağzını qapamaq üçün istifadə olunurdu. Bir sıra hallarda nisbətən iri ölçülü nimçələrin üzərinə sərpuş qoyulurdu. Nimçələr ocaq üstünə qoyularaq müəyyən xörəklərin bişirilməsi və ya qızdırılması üçün də istifadə olunurdu.
Dayaz qablarda olduğu kimi, nimçə də “xara” üsulu ilə hazırlanır, bilavasitə lavaşadan düzəldildiyindən “xara” qab adlanırdı. Nimçələr “misqaynaq” üsulu ilə lehimlənir, çarxa verilərək səthində qalan çəkic izləri itirilib hamarlanırdı, buna görə də “çarxı” qab sayılırdı. Nimçələr “həkkak”lar tərəfindən naxışlanır, paxır verməsin deyə, qalaylanırdı. Ornament və epiqrafik bəzəklər nimçə üzərinə oyma və zərbetmə üsulu ilə salınırdı. Ocağın üstünə qoyulmayan, süfrəyə düzülən mis məmulatın əksəriyyəti həndəsi, nəbati və epiqrafik naxışlarla bəzədilirdi. Məcməyi, sini, piyalədə olduğu kimi, nimçələrin də bədii tərtibatında astral naxışlara – mərkəzdə çərxi-fələk, onu əhatə edən həndəsi və nəbati naxışlı konsentrik qurşaqlardan ibarət kompozisiya tez-tez rast gəlinir.
Azərbaycanda mis qabların üzərində düz, əkri (“ilan yolu”), sınıq xətlərdən və onların əmələ gətirdiyi üçbucaq, “paxlavadan” (rombdan) ibarət qədim həndəsi naxışlarla yanaşı, yarpaq, gül, müxtəlif formalı butalar, quş, heyvan və insan təsvirlərinə də təsadüf edilir. Bu qab-qacaqların bədii tərtibatında müxtəlif yazı nümunələrindən də istifadə edilmişdir. Bəzəkdən başqa bu yazılar həm də qiymətli tarixi mənbədir. Məsələn, Azərbaycan Tarixi Muzeyində saxlanılan, hicri tarixlə 1263-cü ildə usta Molla Məlik tərəfindən Lahıcda düzəldilmiş gözəl bir nimçənin üzərində iki misradan ibarət belə bir şeir vardır:
Haqqında yazıram bunu, ey ruzigar.
Mən ölərsəm xəttim qalsın yadigar.
Maraqlıdır ki, Azərbaycanda bəzi yemək və şirniyyatlar bişirildiyi və ya qoyulduğu qabın adı ilə adlandırılmışdır. Məsələn, taskabab. Naxçıvanda qız evindən bəy evinə “nimçə dəstanası” adlı şirniyyat aparardılar. “Nimçə dəstanası” (Bəysumat çörəyi) südlə, yağla yoğrulmuş xəmirdən hazırlanar, mis nimçə və ya tavada, yağın içində qızardılardı. Bəy evinə aparanda onu mis nimçənin içinə qoyub, üstünü də qoz ləpəsilə bəzəyərdilər.
Arxeoloji materiallar, tarixi mənbələr, muzey eksponatları, eləcə də ənənəvi və müasir məişətin etnoqrafik baxımdan müqayisəsi daş, ağac, saxsı, mis və s. materiallardan hazırlanmış nimçələrin süfrə mədəniyyətində xüsusi yer tutduğunu göstərir. Orta əsr miniatürlərində nimçələr təsvir olunmuşdur. XVI yüzilin görkəmli Azərbaycan rəssamı Soltan Məhəmmədin “Şah Təhmasib meşədə”, “Şahzadə saray məclisində” miniatürlərində eyni tərzdə geyinib oturmuş şahzadə və qarşısında diz çökərək ona nimçədə nar təklif edən gəncin rəsmi əksini tapmışdır. Əbdülqasım Təbrizinin “Tarzən Münəvvərin portreti”ndəki (1828) kompozisiyanın aşağı hissəsində naxışlı xalça, içərisində qrafin, qədəh və almalar olan girdə bir nimçə təsvir olunmuşdur.
XIX əsrin sonu-XX əsrin əvvəllərindən başlayaraq, zavod-fabrik istehsalı saxsı qab istehsalının artması metal məmulatların, o cümlədən metal nimçələrin hazırlanmasını tənəzzülə uğratmışdır.