AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Metalişləmə

Nümunənin reyestr kodu : ST0700000001

Azərbaycanda metalişləmə sənətinə müxtəlif metalların emalı ilə məşğul olan sənət və peşə sahələri daxildir. Metal məmulatı istehsalı sahəsində erkən başlanan ixtisaslaşma sinfi cəmiyyət dövründə və orta əsrlər boyu davam etmişdi. Metal məmulatının ayrı-ayrı növləri üzrə ixtisaslaşmanın dərinləşməsi tökməçilik, misgərlik, zərgərlik, dəmirçilik, silahsazlıq, bıçaqçılıq, çilingərlik kimi müstəqil sənət sahələrinin formalaşmasına səbəb olmuşdu. Metalişləmədə qızıl, gümüş, tunc, mis və digər metallardan istifadə olunmaqla məişət əşyaları (kasa, parç, səhəng, bardaq, güldan, tütün qutusu, papiros qabı, yazı ləvazimatı komplekti – mürəkkəbqabı, qələm və s.), zərgərlik məmulatı, kiçik heykəl, memarlıq hissələri hazırlanır. Metal əşyalar hazırlanmasında daş qəliblərə ərintinin tökülməsi, isti və soyuq döymə, qaynaqlama, bənd vurma, oyma, minalama və s. üsullardan istifadə edilir.

Azərbaycanda eneolit dövründə mis kəşf edildikdən sonra metal ibtidai icma cəmiyyətinin iqtisadi, təsərrüfat, ictimai və mədəni həyatında görkəmli rol oynamağa başlayır. Qurğuşun, qalay, marqans metallarının kəşfi isə Azərbaycan tarixində yeni bir dövrün – tunc dövrünün başlamasından xəbər verir. Bu dövrdə tuncdan düzəldilmiş məmulatın dəqiq işlənməsi, orijinal formada olmasına baxmayaraq, əsasən, bəzəksiz olması ilə fərqlənirdi. Qeyd etmək lazımdır ki, bu dövrdə metal çox çətin şəraitdə və az miqdarda istehsal edildiyindən ondan çox nadir hallarda adi məişət məmulatı düzəldilirdi. Qədimdə metaldan əsas etibarilə dini xarakter daşıyan bədii sənət əsərlərinin düzəldilməsində istifadə edilirdi. Tuncdan düzəldilmiş qədim sənət abidələri içərisində öz bədiiliyi və sənətkarlığı ilə diqqəti cəlb edən əsərlərdən biri də kəmərlərdir. Qarabağ, Qazax, Gədəbəy və s. yerlərdən əldə edilmiş bu tunc kəmərlər üzərindəki rəsm və naxışları ilə insanı valeh edir. Tehran Arxeoloji Muzeyində nümayiş etdirilən sənət abidələri içərisində Həsənli təpəsindən tapılmış bədii metal məmulatı xüsusilə seçilir. Mil düzündə, Qəbələdə, Mingəçevirdə, Naxçıvanda və s. yerlərdə qazıntı işləri zamanı əldə edilmiş qızıl, gümüş kəmər hissələri, üzük, qolbaq və s. bəzək əşyaları zərgərliyin Azərbaycanda hələ ilk orta əsrlərdə nə qədər yüksək səviyyədə olduğunu göstərir. Mingəçevirdən tapılmış bürünc toqqalar qrifon (qartal başlı, aslan bədənli antik əfsanəvi heyvan) şəklində işlənmişdi.

XI-XV yüzilliklərdə Azərbaycanda xalq sənətkarlığının maraqlı sahələrindən biri olan metal sənəti də yüksək inkişaf mərhələsi keçmişdi. Bu dövrlərdə metaldan müxtəlif növlü silahlar, cürbəcür formalı ev avadanlıqları və s. hazırlanmış, bir çoxu dövrümüzə qədər gəlib çatmışdı. XI-XIII yüzilliklərdə Bakı şəhəri bu sahədə, xüsusilə, tunc fiqurlar düzəltməkdə görkəmli yerlərdən birini tutmuşdu.

XVI-XVII əsrlərdə metaldan düzəldilmiş bədii sənət nümunələrinin ayrılmaz bir qolunu da zinət işləri təşkil edir. Bunlar əsas etibarilə qızıl və gümüşdən düzəldilir, qadın və kişi bəzəyi kimi istifadə edilir. Ümumiyyətlə, qiymətli metallardan düzəldilən qızıl-gümüş bəzəkləri gəzdirilməsi və taxılmasına görə 4 hissəyə bölünür: 1) boyun bəzəkləri; 2) qol və barmaq bəzəkləri; 3) baş bəzəkləri; 4) libaslara bənd olunan bəzəklər.

Azərbaycanda XIX-XX yüzilliyin əvvəllərində metaldan müxtəlif forma və bəzəkli ev avadanlığı, zinət nümunələri düzəldirdilər. Araşdırmalar göstərir ki, həmin dövrdə bu sənət, əsasən, Şamaxı, Lahıc, Gəncə, Şəki, Naxçıvan, Bakı və Şuşa şəhərlərində yayılmışdı. Bakı-Şamaxı zərgərlərinin minalı sırğaları, Gəncə-Şəki ustalarının şəbəkəli boyun, sinə bəzəkləri, Şuşa sənətkarlarının aynalı kəmərləri bu günədək insanı valeh edir. Zərgərlik sənətimizin inkişafına 1935-1936-cı illərdə Bakıda açılmış zərgərlik fabriki böyük təkan verir. Fabrikin inkişafında xalq zərgərlərindən H.Quliyev, H.Haşımov və M.Səfərzadənin böyük rolu olmuşdu. Bu illərdə zərgərlik fabrikində daha çox məişətdə istifadəsinə ehtiyac duyulan zinət əşyaları – üzük, sırğa, bilərzik və s. istehsal olunurdu.

Müasir dövrümüzdə bu qədim sənət Azərbaycanın müxtəlif bölgələrində tanınmış peşəkar ustalar tərəfindən yaşadılır.