AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qovut

Nümunənin reyestr kodu : ST0904000003

Qovut buğda unundan və ya yarmasından su (süd), yağ, bal, duz, şərbət, gülab və ədviyyat qatılmaqla bişirilən şirniyyat növüdür. Onu, adətən, bayram və mərasimlərdə hazırlayır, qismən də gündəlik yemək öynəsinə çıxarırdılar. Azərbaycanda qovut keçmişdə ən çox Xıdır Nəbi bayramında bişirilirdi. Etnoqrafik materiallardan aydın olur ki, keçmişdə mövsümi xarakterli el bayramları arasında Xıdır Nəbi və Novruz bayramı daha böyük şənliklər və təntənələrlə keçirilirdi. Şübhəsiz ki, Xıdır Nəbi bayramı Xıdır Nəbi və Xıdır İlyas haqqında xalq əfsanələri ilə əlaqədar olaraq meydana gəlmişdir. Xalq təsəvvürünə görə iki qardaş olan Xıdır Nəbi və Xıdır İlyas guya soyuq qış günlərində əhalini odla təmin etmişdir. Mahiyyəti etibarilə qışın şaxtasından qurtarıb istiliyə, yaşıllığa qovuşmaq arzusunu ifadə edən bu bayram Xızır peyğəmbərin, daha doğrusu, istilik və yaşıllıq hamiləri Xızır və İlyasın şərəfinə icra olunurdu.

Xıdır Nəbi bayramının özünəməxsus yemək süfrəsi olurdu. Burada ən çox buğda dənəsi və yarmasından, eləcə də undan hazırlanmış məmulatlar və xörəklər (xaşıl, qovut, səməni halvası, fəsəli, qovurğa, şirin çörəklər və s.) üstün yer tuturdu. Bayrama bir neçə gün qalmış (bayram, adətən, kiçik çillənin onuncu günü – 10 fevralda keçirilirdi) əhali buğda və küncüt tədarükü görər, şirniyyat hazırlayar, yumurta boyayar, süfrəyə qoymaq üçün 10-a qədər çərəz seçib-saflayardı. Bayram günü qovurğa qovrular, hədik bişirilər, çəkilmiş yarmadan qovut hazırlanar, çərəz-xüşkbar süfrəsi açılar, plov (aş) dəmlənərdi.

Adətən, Xıdır Nəbi bayramında hər bir ailədə qovut bişirilirdi. Bunun üçün seçib-saflanmış iri dənəvər buğdanı yaxşıca qovurur, kirkirədə ondan yarma (un) çəkir, içərisinə yağ, su (süd), zövqə görə bal, duz, döyülüb xırdalanmış qoz ləpəsi və küncüt əlavə edib ədviyyatla aromatlaşdırır, gülab qatılmış şərbətdə bişirirdilər. Vam od üzərində qatılaşıb tünd-qəhvəyi rəng alanda qovut bişmiş hesab olunurdu. Hazır olandan sonra ondan yastı, dairəvi-girdə kökələr hazırlayır, ya da yumrulayıb (yumurtavari şəkildə) yeyirdilər.

Keçmişdə Azərbaycan bölgələrində qovudun üç növü hazırlanmışdır: adi qovut (onu suda bişirirdilər), südlü qovut və şirin qovut. Şirin qovudun içərisinə şərbətdən başqa, şəkər tozu da əlavə edirdilər. Qovut hazırlanacaq un (yarma) haqqında bəzi maraqlı faktları da qeyd etmək yerinə düşərdi. Belə ki, qovut bişirmək üçün çəkilmiş unun (yarmanın) qalanını ağbirçəklərimiz teştə doldurub taxtın altına, yük dolabının və ya taxçaların əl dəyməmiş künclərinə qoyardılar. Xalq təsəvvürünə görə guya Xıdır Nəbi gecə gəlib əlini bu una (yarmaya) çəkər, onu ovsunlayardı. Əhali bu unu gələcəkdə evdə bolluq, bərəkət yaradacağı üçün müqəddəs hesab edər, onu ortalığa gətirər, ailə üzvləri arasında paylayar, öpüb gözlərinin üstünə qoyar və yeyərdilər. Qovutla bağlı digər bir inanca görə isə çox qədim zamanlarda, hələ şamın olmadığı vaxtlarda Azərbaycanın bəzi bölgələrində Xıdır Nəbi mərasimi günü bağ-bağatdan alma çubuqları qırıb evə gətirərmişlər. Bu çubuqların uclarına pambıq sarınaraq yağ sürtülər və süfrəyə qoyulmuş qovut üstə sancılaraq yandırılarmış. Həmin çubuqların hərəsi bir niyyət imiş: yurdun abadlığı, ailənin salamatlığı, bağ-bostanda barın çoxluğu, mal-qaranın artması və s. Süfrədəki üstündə şamlar yanan qovutdan ailə üzvləri lap sonda yeyərdilər. İnanardılar ki, şamlar yanan vaxtda ata-baba ruhları kimi, Xıdır Nəbi də gözə görünmədən gəlib bu qovutdan dadır. Həmçinin həmin axşam qaranlıq düşəndən sonra dəstə ilə qapı-qapı gəzən uşaqlara da qovutdan pay verərdilər. Əhali elə güman edərmiş ki, Xıdır Nəbi də həmin uşaqların arasındadır. Odur ki, heç kimi naümid qaytarmaz, onların heybəsinə qovutla yanaşı, boyaqlı yumurta və digər bayram payı da qoyardılar. Xalq təsəvvürünə görə uşaqlara verilən pay elə Xıdır Nəbiyə verilən pay kimi mənalandırılardı. Qovut hazırlama ənənəsi Azərbaycanın bir çox bölgələrində Novruz bayramı günlərində də həyata keçirilirdi.

Arxeoloji abidələrdən Neolit və Eneolit dövrlərinə aid müxtəlif formalı dən daşlarının aşkar edilməsi bu dövrdən etibarən Azərbaycanda dənli bitkilərin yarma, yaxud un halına salındığını söyləməyə əsas verir. Azərbaycanda dənüyütmənin tarixini müəyyənləşdirmək üçün arxeoloji qazıntılardan əldə olunmuş qayıqvari formaya malik dən daşları, girdə formalı kirkirə və su dəyirmanları müstəsna əhəmiyyət kəsb edir. Çox güman ki, elə bu dövrdən də buğdadan yarma və un əldə edilmiş, digər un yeməkləri kimi, qovut da hazırlanmışdır. Xıdır Nəbi mərasimi və bu mərasimdə qovut çəkmə ənənəsi Azərbaycanın Naxçıvan, Gəncəbasar, Borçalı, Qərbi Azərbaycan (Göyçə), Qarabağ və b. bölgələrində geniş yayılmış, zəmanəmizə qədər gəlib çatmışdır.