AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Azərbaycan Milli Kulinariya Mərkəzi

Azərbaycan  Milli Kulinariya Mərkəzi (AMKM) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.04.1991-ci il qərarı ilə yaradılmışdır. Azərbaycanın mətbəx mədəniyyətinin yığılması, öyrənilməsi və təbliği ilə məşğul olan AMKM ölkənin aparıcı kulinarlarını, alim və mütəxəssislərini öz ətrafında birləşdirir. AMKM 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB), 1998-ci ildə isə YUNESKO-nun Xalq Yaradıcılığı Təşkilatının Ənənəvi Qida Komitəsinin üzvüdür. AMKM Dünya Kulinariya Konqreslərində, Avropa Konfranslarında (Almaniya, İtaliya, Çexiya, Avstriya) fəal iştirak etmişdir. AMKM-in komandaları ÜKTB-nin egidası altında Malta, Koreya, Sinqapur, Rusiya, Almaniya, Avstriya, Norveç, İngiltərə, Çexiya, Malaziya, Amerika, Yunanıstan, Qazaxıstan, Serbiya, Çernoqoriya və s. ölkələrdə keçirilən Kulinariya çempionatı və olimpiadalarında qızıl, gümüş, bürünc medallara, bir sıra mükafatlara layiq görülmüşdür. AMKM Rusiya, Rumıniya, Yunanıstan, Malta, Türkiyə, Moldova, Gürcüstan, Amerika, Koreya, Qazaxıstan, Serbiya və Çernoqoriyada keçirilmiş beynəlxalq kulinariya yarışlarında hakim kimi çıxış etmişdir.
 
AMKM tərəfindən xarici ölkələrin ali məktəblərində, elmi konfranslarda onlarca elmi mühazirələr oxunmuşdur. Hazırda bir sıra xarici ölkələrin universitetlərinin tələbələri Azərbaycan mətbəxindən imtahan verirlər. AMKM-in səyləri nəticəsində Azərbaycan keçmiş SSRİ məkanında ÜKTB-yə qəbul edilən ilk ölkə (1992-ci il) olmuşdur. AMKM-in himayədarlığı ilə sonralar Rusiya (1994), Ukrayna və Özbəkistan (2002), Belarusiya, Serbiya (2006), Türkiyə, Qazaxıstan, Moldova (2008) ÜKTB-yə üzv qəbul edilmişlər.
 
AMKM-in əməkdaşları Rusiya Kulinariya Assosiasiyasının Dünya Kulinariya Təşkilatları Birliyində təsis etdiyi «Ləyaqət Nişanı», Ukraynanın “Kyлинарное слово” və s. mükafatlarının laureatıdır. Beynəlxalq İnsani Dəyərlər Fondunun və İctimai Tanınma Akademiyasının ordeni ilə təltif edilmişdir. Mədəniyyət və İncəsənət üzrə Dünya Ustaları təşkilatında Dünya Mədəniyyət və İncəsənət ustası adına layiq görülmüşdür. Bu gün AMKM və AMKA (Azərbaycan Milli Kulinariya Assosiasiyası) Respublikada kulinariyanın problemləri ilə professional səviyyədə məşğul olan təşkilatlardır. Mərkəz ilə təkcə kulinarlar deyil, həmçinin alimlər (tarixçilər, həkimlər, etnoqraflar, filosoflar, dilçilər və s.), kütləvi informasiya vasitələri də əməkdaşlıq edirlər. AMKM-in hazırladığı mütəxəssislər Respublikanın aparıcı müəssisələrində, xarici ölkələrdə (Amerika, Almaniya, Rumıniya, İngiltərə, Yunanıstan və s.) çalışırlar.
 
AMKM, Respublika daxilində milli kulinariya mədəniyyətinin təbliği üçün çalışan yeganə təşkilatdır. Mərkəz ötən dövr ərzində televiziyada yüzlərlə müxtəlif tipli çıxışlar etmiş, mətbuatda yazılar dərc etmiş, Gənc Kulinarların Respublika Müsabiqəsi, Evdar Qadınların Respublika Mətbəx Çempionatları, Respublika Milli Mətbəx Çempionatları, Beynəlxalq ailə bayramı daxilində ailələrin mətbəx yarışları, Barmenlərin Respublika Müsabiqəsini keçirmiş, həmçinin ali, orta ixtisas məktəblərində, Müəllimləri Təkmilləşdirmə İnstitutunda görüşlər keçirmiş, tələbələrə dərslər keçmiş, təcrübə qazanmalarına kömək etmişdir. AMKM «Azərbaycan Milli Kulinariya və Kütləvi Qidalanmanın müasir vəziyyəti, inkişafı yolları» mövzusunda elmi-praktiki konfranslar keçirmiş, xarici ölkələrdən və Respublikadan göndərilən elmi işlərə rəylər vermişdir. Azərbaycanda bu sahədə ilk mətbu orqan olan «Kulina» jurnalı yaradılmışdır.
 
AMKM Azərbaycan mətbəx nümunələrini öz adlarına çıxan bədnam qonşularımızın beynəlxalq səviyyədə ifşası istiqamətində də ciddi işlər görmüşdür. Erməni alimlərinə verilən cavablar xarici mətbuatda dərc edilib, erməni jurnalist, alim və mütəxəssisləri bu sahədə dünya proseslərindən təcrid ediliblər. T.Əmiraslanovun Avropa Şurasının nəşr etdiyi 2005-ci ildə Avropanın Mətbəx Mədəniyyəti kitabının Ermənistan bölməsinə vermiş olduğu cavab və onunla bağlı aparılan 1 illik mübarizədən sonra Avropa Şurası rəhbərliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyindən rəsmi üzr istədi, kitabla bağlı saytında dəyişikliklər etdi, kitabın yeni tərcümələrində məlumatın daha düzgün verilməsinə söz verdi. AMKM, erməni müəlliflərinin “Erməni mətbəxi” adı altında nəşr olunan kitabları analiz edərək, onlara cavab verir. Buna misal olaraq, T.A.Xatranovanın “Армянская кухня“, Q.A.Dubovisin «Армянская кухня», O.V.Aksakovun “Армянская кухня“, Safrazbekyanın “1000 и один секрет искусной хозяйки”, Liya Avetisyanın «Необычные семейные обеды или уроки армянского гостеприимства» və “Bкyc Apмянскoгo гостеприимства” kitablarına elmi əsaslarla verilən cavabları qeyd etmək olar.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı