AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Hədik

Nümunənin reyestr kodu : ST0904000005

Hədik – bitki mənşəli yeməklər qrupuna daxil olub, həm mövsümi, həm də mərasim yeməyi kimi hazırlanırdı. Məlum olduğu kimi, Azərbaycan xalqının keçirilməsinə ciddi əməl etdiyi mərasimlər yas, toy, ailə-məişət şənlikləri və xalq bayramları olmaqla dörd qrupa bölünür. Etnoqrafik materiallardan aydın olur ki, keçmişdə xalqımızın qeyd etdiyi ailə-məişət şənlikləri (uşağın doğulması, diş çıxartması, qonaqlıq və s.) lətafətli və ləziz yeməklərlə qeyd olunmuşdur. Ailə-məişət şənlikləri arasında qadınlar tərəfindən təntənəli şəkildə keçirilən ”diş hədiyi” mərasimi xüsusilə seçilirdi. Bu mərasimdə əsasən ailənin qadın üzvləri və uşaqlar iştirak edirdi. Gürcüstan azərbaycanlıları arasında “diş hədiyinə yığışma” adlanan bu mərasimdə qohum-qonşu qadınları da iştirak edərdi. Bu mərasimin keçirilməsində məqsəd, qədim inanclara görə, körpənin dişinin asanlıqla çıxmasına yardım etmək olmuşdur. Belə ki, hədiyin bişirilməsi imitativ magiyanın – təqlidi sehrin təzahürü idi. İnsanlar inanırdılar ki, bu dənlər qaynar suda bişərək çırtladığı kimi, uşağın dişinin yeri də çırtlayacaq və diş uşağa əziyyət vermədən çıxacaqdır. Bişirilmiş hədikdən uşağa da dadızdırırdılar ki, burada da kontagioz magiya – təmas sehri öz təsirini görməyə başlayır. Yəni, dənlərlə (hədik dənələri ilə) təmasa girən uşağın damağı da bu dənlər kimi asanlıqla çırtlamağa başlayır. Məlumdur ki, uşağın ilk dişi çıxan zaman onun orqanizmində arzu olunmayan proseslər baş verir: hərarəti qalxır, qarnı ağrımağa başlayır, uşaq halsız və dözümsüz olur. İnsanlar inanırdılar ki, diş hədiyi bişirilsə, bunların qarşısını almaq mümkün olacaqdır.

Dənli bitkilər həm də məhsuldarlıq, bolluq, bar-bərəkət kimi sabit semantik yükə malik idi və hədiyin məhz dənli və paxlalı bitki məhsullarından bişirilməsi qədim insanların məhsuldarlığa, bar-bərəkətə, artımlığa tapınması inamı ilə bağlılığını təsdiqləyən fakt kimi də düşünülürdü. Buna görə də uşağın diş çıxarması ilə əlaqədar olaraq hələ xırman vaxtı seçilmiş buğdadan “diş hədiyi” bişirmək adəti xalq arasında uzaq keçmişlərdən geniş yayılmış və zəmanəmizə qədər gəlib çatmışdır.

Hədik bişirmək üçün buğda, lobya, noxud, mərci, lərgə, qarğıdalı dənələri, eləcə də su, süd, duz, qoz ləpəsi gərək olurdu. Buğdanı yaxşıca yuyur, bir gün təmiz suda saxlayırlar. Sonra buğda qaynadılır, suyu süzülür və üzərinə süd töküb yenidən qaynadılır. Tədarük görülmüş lobya, noxud, lərgə və mərci də yuyulub suda bir xeyli saxlandıqdan sonra bişmə ardıcıllığı ilə buğdanın üstünə əlavə edilir. Hədik nəzarət altında – qarışdırılaraq bişirilir. Tam bişdikdən sonra qablara çəkilib süfrəyə verilir və yanına qoz ləpəsi, müxtəlif çərəzlər də qoyulur. Hədiyi həm ailə üzvləri yeyir, həm də qohum-qonşulara – yeddi evə (ocağa) paylayırdılar. Qonşuya hədik dolu verilmiş qabı boş qaytarmazdılar. Onun içərisinə yumurta, şirniyyat, meyvə, bal, pul, yun corab, uşaq üçün müxtəlif hədiyyələr qoyardılar. Qeyd edək ki, mərasim yeməyi sayılan hədik təkcə “diş hədiyi” mərasimində deyil, Məhərrəmlik (Aşura) mərasimində də hazırlanır, mövsümi yemək kimi isə payız və qış aylarında çərəz məqsədilə bişirilirdi. Ailənin qoca yaşlı üzvlərinə xaşıl və halva ilə yanaşı, diş (çeynəmə) tələb etməyən həll bişmiş hədik vermək də bir ayrı adət olmuşdur.

Hədik, bir qayda olaraq, dənli-paxlalı bitki dənələrindən hazırlanırdı. O, suda və ya süddə bişirilmə qaydasına, həcminə və təyinatına (mərasim və ya mövsüm yeməyi) görə fərqli xüsusiyyət kəsb etsə də, əksər hallarda, eyni cür hazırlanırdı.

Qədimdə yığıcılıqla məşğul olan ibtidai insanlar yabanı şəkildə yetişən dənli bitkiləri toplamış, onları təbii şəkildə və suda saxlayıb yumşaltmaqla yemişlər. Mədəni becərilən buğdadan (hədikdən) yemək kimi istifadə olunması Neolit (Yeni daş) dövrünə – erkən əkinçilik mədəniyyəti dövrünə təsadüf edir. O vaxtdan keçən minillikər boyu buğda insanların həyatında həlledici olmuş, onu dənəvər, un və yarma şəklində istifadə etmişlər. Konkret olaraq hədiyin nə vaxtdan mətbəx mədəniyyətinə daxil olması məlum deyildir. Ancaq rəvayətə görə, hədikdən xörək kimi ilk dəfə Nuh peyğəmbərin zamanında istifadə olunub. Rəvayətdə deyilir ki, dünya tufanı zamanı Nuh peyğəmbərin bütün canlılardan bir cüt yığdığı gəmidə qida qurtarır. Peyğəmbər çıxılmaz vəziyyətdə qalır. Çuvalların dibində qalan buğdanı və paxlalı ərzaq qalıqlarını bir qazana tökərək, Allaha dua edir. Allahın qüdrəti ilə Nuhun qazanı aşıb-daşır, yemək çoxalır. Gəmidəki bütün canlılar həmin təamdan yeyib doyur, hətta artıq da qalır. Ona görə də hədiyə bəzən “Nuhun yeməyi”, “Nuh Nəbidən qalma yemək”, “Peyğəmbər yeməyi” də deyirlər. Hədik mərasim yeməyi kimi Azərbaycanda yaşayan udinlər, Anadolu türkləri, ümumiyyətlə isə türk dünyasının əksər qövmləri arasında da məlumdur.