Qoşa nağara
Nümunənin reyestr kodu : ST0804000003
Qoşa nağara xalq musiqisində ən çox istifadə olunan zərb alətlərindən biridir. Adından məlum olduğu kimi, bir-birinə bəkidilmiş iki kiçik qədəhvari nağaradan ibarətdir. Xarici görünüşünə görə fincanı xatırladan bu alətə bəzən “qoşa dumbul” da deyilir.
Qoşa nağara üzünə dəri çəkilmiş, bir-birinə birləşdirilən müxtəlif ölçülü iki zərb alətindən ibarətdir. Gövdənin üzərinə çəkilmiş dəri dəvə, dana və yaxud keçi dərisindən hazırlanır və metal burğular vasitəsilə gövdəyə bərkidilir. Nisbətən təmiz və güclü səs əldə etmək üçün nağaranın dərisi isidilərək tarım çəkilir. Dərini gövdəyə bərkidən metal burğular həm də alətin köklənməsi təmin edir. Alət yonulmuş iki ağac çubuqla yerə və ya xüsusi mizin üstünə qoyularaq çalınır.
Qoşa nağaranın gövdəsi iki qat olur və bir qayda olaraq, tuncdan düzəldilir. Mülayim səs almaq üçün onun gövdələri kəndirlə bir-birinə möhkəm sıxılır. Kiçik gövdəli nağara adi çubuqla, böyük gövdəli nağara isə şax-şaxla çalınır. Zəng səsi əldə etmək üçün isə hər iki nağaranın arasına zəng və yaxud üçkünc polad qoyulur. Son zamanlar tunc qoşa nağara ilə yanaşı gövdəsi ağacdan və gildən hazırlanmış qoşa nağaralar da meydana çıxmışdır. Müasir qoşa nağaralar isə bir-birinə bitişik iki dəri üzlü kiçik “qazança”dan ibarətdir. Üzünə keçi dərisi çəkilir, gövdəsi qoz və ya tut ağacından hazırlanır. Çanaqların qeyri- simmetrik həcmi hər birinin müxtəlif kökdə səslənməsinə imkan verir.
Fərdi şəkildə hazırlandıqları üçün qoşa nağaraların ölçüləri müxtəlifdir. Əksər halda hündürlüyü 300-330 mm, böyük gövdəsinin diametri 240-280 mm, kiçiyinin isə 110-140 mm olur. Əvvəllər bu alətdən qadın toylarında ritmik rəqs ifası zamanı istifadə olunarmış. Hazırda müasir xalq çalğı alətləri ansambllarında və orkestrlərin tərkibində əsasən kiçik həcmli qoşa nağaradan istifadə olunur. Özünəməxsus səs tembri olan qoşa nağaradan solo alət kimi nadir hallarda istifadə olunur.
Azərbaycanın xalq artisti Sadıq Zərbəliyev respublikamızda qoşa nağaranın əsas ifaçısı hesab olunur.