AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Mağara

Nümunənin reyestr kodu : DA0204000027

Azərbaycanın xalq yaşayış evi fondu ən qədim dövrlərdən tutmuş XX əsrin əvvələrinə kimi tarixi-təkamül prosesində təbii-süni mağaralardan başlayaraq müasir evlərə kimi çox böyük təkmilləşmə yolu keçmişdir. Ərazimizdə təbii və süni yaşayış məskənlərinin tarixi əsasən qədim daş (paleolit) dövründən başlayır. Dağ və dağətəyi bölgələrində bu dövrə aid onlarca mağara və digər sığınacaq yerləri qeydə alınmışdır. İbtidai insanlar çay kənarlarında, meşələrdə, qaya altında və mağaralarda yaşamışlar. Qayaaltı sığınacaqlarda və mağaralarda yaşayan insanlar özlərini istidən, soyuqdan qoruyur və əldə etdikləri odu, topladıqları ərzağı da burada mühafizə edirdilər. Bunun üçün də mağara insanların ilk başlanğıc sığınacağı sayılır. Azərbaycanın müxtəlif bölgələrində aşkar edilən ilk insan mağara-düşərgələrindən (Azıx, Tağlar, Qazma, Buzeyir, Zar və b.) çoxsaylı daş əmək alətləri, heyvan sümükləri və s. kimi maddi mədəniyyət qalıqları tapılmışdır. Bu, mağaraların yüzillər ərzində məskunlaşma mərkəzi olduğunu təsdiqləyir.

Azərbaycan ərazisində “mağara” sözü ilə yanaşı, “zağa”, “kaha”, “sığnaq”, “kühül” sözlərindən də istifadə olunur. Zağa və kaha dedikdə daha çox təbii mağaralar başa düşülürsə, sığnaq və kühül dedikdə insanın müdaxiləsi ilə ölçüləri dəyişdirilmiş, maldarlıq məqsədi ilə istifadə olunan mağaralar nəzərdə tutulur.

Azərbaycanın ən qədim yaşayış məskəni tipi təbii mağaralar (kaha, zağa) olmuşdur. Qarabağ, Xanlar, Şirvan, Gədəbəy, Kəlbəcər, Zəngilan və Naxçıvan bölgələrindəki, quruluş və formaca bir-birindən fərqlənməyən təbii mağaralar, bir qayda olaraq, dağın içərisinə doğru istiqamətlənmiş uzunsov və əyri-üyrü olub, ayrı-ayrı salonlara bölünür və yeraltı yollarla bir-birilə əlaqələnirdi. İbtidai insanlar ilk zamanlar mağaradaxili şəraitə uyğunlaşmış, orada heç bir süni dəyişikliklərə nail olmamışlar. Tarixi inkişaf prosesinin sonrakı mərhələlərində insanlar təbii materiallardan əmək alətləri hazırlamaq vərdişlərinə yiyələndikcə, mağaradaxili yerləşkələrdə divar açırımları düzəltmək, mağarada yanan ocağın tüstüsünü bayıra çıxartmaq üçün tavandan bacalar açmaq kimi zəruri işləri yerinə yetirməyə başlamışlar. Beləliklə, ibtidai insanların təbii mağaraları öz iradələrinə uyğun şəkildə yenidən qurmaq və təkmilləşdirmək vərdişləri nəticəsində yaşayış məskənlərinin yeni bir tipi – süni mağara məskənləri yaranmışdır.

Azərbaycan ərazisində süni mağaralara Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində və Kiçik Qafqaz dağları bölgəsində (Qubadlı, Zəngilan, Lerik, Şamaxı, Kəlbəcər, Laçın), eləcə də Cənubi Azərbaycanda təsadüf olunur. XX əsrin 30-cu illərində Kəlbəcər, Gədəbəy, Xanlar və Laçın rayonlarında yaşayış əhəmiyyətini hələ də itirməmiş süni mağara məskənləri vardı. Tarixi-etnoqrafik baxımdan yaşayış məskənlərinin rəngarəngliyi ilə seçilən Şirvan bölgəsində süni mağara tipli məskənlər Sündü, Dərəkənd, Mərəzə, Ərəbqədim, Poladlı, Nabur, Təsi, Yekəxana kəndlərində son zamanlara qədər qalmışdır. Kühül adlanan belə yaşayış məskənindən təsərrüfat məqsədilə istifadə olunmuşdur. Mağara və kühüllər təndir vasitəsi ilə qızdırılırdı.

Azıx, Tağlar, Bəy, Qobustan, Aveydağ mağaraları ibtidai insanların ilk sığınacaq yerləri kimi məlumdur. Bu mağaraların yerləşdiyi, iqtisadi və hərbi-strateji tələblərə cavan verən dağlıq ərazilər, Azərbaycan ərazisinin ilk sakinlərinin təbii fəlakətlərdən, düşmən hücumlarından mühafizəsində müstəsna rola malik olmuşdur.

Neolit dövründən başlayaraq güclənən ibtidai qəbilələr öz yaşayış yerlərin genişləndirməkdən əlavə, özlərinə əvvəlkindən daha əlverişli və formaca fərqli yaşayış məskənləri salmağa başladılar, süni mağaralar yarandı. Təbii və süni mağaralar uzun əsrlər boyu istifadə edilsə də, getdikcə yaşayış evi kimi mövqeyini itirmiş, təsərrüfat fəaliyyəti üçün istifadə olunmağa başlamış, yaxud müvəqqəti sığınacaq kimi istifadə olunmuşdur.

Müxtəlif ev tiplərinin formalaşmasında ictimai quruluşun, həyat tərzinin dəyişməsi mühüm rolu oynamışdır. Məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar əkinçi və maldar qəbilələrin formalaşması nəticəsində Azərbaycanın dağətəyi və düzənlik hissələrində qəbilə məskənləri yaranmışdır. Əkinçiliklə məşğul olan qəbilələr süni suvarma üsullarına yiyələndiyindən çay, arx və kanalların ətrafında, maldarlıqla məşğul olanlar isə otlaqlarla zəngin alp çəməliklərində məskən salmağa üstünlük vermişlər.