Mizraq
Nümunənin reyestr kodu : ST0703000008
Azərbaycanda hələ daş dövrünün ilk çağlarından başlayaraq, son orta əsrlərədək müxtəlif növ soyuq silahlar – cida (mizraq), nizə, toppuz, sapand, kaman, ox, təbərzin, cəng yabası, daş və gil kürəciklər düzəldildiyini arxeoloji materiallar əyani şəkildə təsbit edir. Qədim insanlar ov aləti kimi işlətdikləri cidavari toxmağın təsir gücünü artırmaq məqsədi ilə ona daş və ya sümük ucluq, sonralar isə metal ucluq əlavə etmişlər. Bununla da ağac toxmaq tədricən ikili səciyyə kəsb edərək ov alətindən soyuq silah növünə çevrilmişdir. Qədim və orta əsr hərb sənətində tətbiq olunmuş atma-sancma səciyyəli hücum silahları arasında nizənin təkamül tarixinə nəzər saldıqda bəlli olur ki, o, ibtidai insanların vəhşi heyvanları ovlamaq üçün istifadə etdikləri ucu yonulub şiş hala salınmış toxmaqdan törəmişdir.
Nizənin bir növü olan polad ucluqlu cida (qarğı) Azərbaycanda ərəb xilafəti dövründən etibarən “mizraq” adlanmışdır. Mizraqların təsviri orta əsr miniatürlərində, o cümlədən “Vərqa və Gülşah” əsərinə çəkilmiş miniatürlərdə öz əksini tapmışdır. Səlcuqlu dövründən isə Azərbaycan ordularında mizraqlı birliklər fəaliyyət göstərmişlər.
Yarpaqvari quruluşa malik olan cida (mizraq) ucluğu bir qayda olaraq, ağac dəstəyə keçirilirdi. Ona görə də, onun “küp” rolunu oynayan saplağı boru formasında düzəldilirdi.
Sivriuclu dəmirdən, poladdan düzəldilmiş uzun saplı qədim döyüş aləti olan mizrağın ucu bıçaq şəklində, uzun (2-5 metrə) formadadır. Mizraq yüngül və ya ağır olub, qaçaraq atılır. Mizraqların “başaq” adlanan dürtücü-dəlici hissəsi silahın təsirini artırmaq üçün müxtəlif formalarda hazırlanırdı. Mizraqların aşağı hissəsi ikitərəfli düzbucaqlı formasında nümunələri daha geniş yayılmışdır. Mizraqlar iki və ya üç dişli, təbərzin formasında da olmuşdur. Mizraqların uc hissəsinə qumaş və at qılından qotaz taxılardı. Süvarilərin istifadə etdikləri orta uzunluqda mizraqların gövdəsində zərbə zamanı əlin sürüşməsinin qarşısını alan həlqə (bilərzik) olurdu. Mizraq eyni zamanda dövlət adamlarının daşıdıqları silahlar arasında xüsusi yer tuturdu. Qısa bir nizə növü olan “hərbə” piyadalar və saray süvariləri tərəfindən istifadə edilirdi. Hətta sülh zamanı mizraq (hərbə) rütbə işarəsi idi. Mizraqçılar cəza və əmrlərin yerinə yetirilməsinə məsul olan saray ağasına tabe olur, əllərində mizraq daşıyırdılar. Mizraqlı süvarilər döyüş zamanı düşmən hücumlarının qarşısını alan, halay pozan funksiya yerinə yetirdiyindən Orta əsr Azərbaycan ordularında daim ön sırada, padşaha və ya ordu rəhbərliyinə yaxın yerdə mövqe tutardılar.
Dəmir dövründə silahsazlıq sənəti gur inkişaf etmiş, xəncər, qılınc, nizələrin müxtəlif tipoloji növləri yaranmış, təbərzin və balta tipli soyuq silah növləri təkmilləşmiş, cəng yabası, toppuz, qanadlı ox ucluqları, mühafizə ləvazimatı (zireh, dəbilqə, qalxan və s.) meydana çıxmışdır. Manna və Atropatena ordularında ağır piyadalar çoxluq təşkil edirdi və onlar nizə, mizraq və qılınc kimi zərbə silahlarına, həm də mühafizə təchizatına malik idilər. Yüngül piyadalar isə ox-kaman, sapand, nizə və cida ilə silahlanırdılar. Azərbaycanın qədim və antik dövrə aid arxeoloji abidələrindən (Mingəçevir, Şamaxı, Nüydi, Qırlar, Uzunboylar adlı yaşayış yerlərindən, habelə Qəbələ, Quba, Şəmkir, Lənkəran və Lerik rayonlarındakı nekropollardan) külli miqdarda soyuq silah və əsləhə növləri – qılınc, xəncər, yay-ox, nizə, mizraq (cida), cəng yabası, sapand daşları, “durbaş” adlanan ikipərli nizə ucluqları, kəməndsalan, kəməndqaytaran, habelə bir sıra müdafiə ləvazimatı – dəbilqə, cövşən, qolçaq, qalxan və s. aşkar edilmişdir.
Orta əsrlərdə ox-kaman, nizə, cida uzaq döyüşlər üçün nəzərdə tutulurdu. Yəni, bu silahlarla uzaq məsafədə olan düşməni hədəf almaq mümkün idi. Gürz və qılınc isə yaxın döyüşlər üçün nəzərdə tutulmuşdu. Bir qayda olaraq döyüşlər oxlarla, nizələrlə və cidalarla başlayardı.
Odlu silahlar meydana gələndən sonra ənənəvi soyuq silahların (nizə, mizraq, ox, kaman, təbərzin, toppuz, şeşpər və s.) bir qismi aradan çıxmış, yalnız xəncər və qılınc istehsalı davam etdirilmişdir. Qədimdən ovçuluqda və hərbdə istifadə edilən mizraqlar müasir dövrdə Olimpiya oyunlarına daxil edilmişdir.
-
Arxeoloji materiallar Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi
Fariz Xəlilli
2017
-
Azərbaycanın qədim və orta əsrlər hərb tarixi
Mehman Süleymanov
2016
-
Qədim Azərbaycan: nə bilirik
Yusif Səfərov
1989
-
Azərbaycanda orta əsrlər dövründə nizələr
Sevinc Vahabova
2004
- Tərtibçi və biblioqrafiya