AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Memar

Nümunənin reyestr kodu : DA0104000062

Müasir anlamda memarlar binaların texniki, iqtisadi, funksional və görünüşü baxımından planlaşdırılması və tikilməsi işlərini yerinə yetirən şəxslərdir.

Azərbaycanda üç memarlıq məktəbi mövcud olmuşdur. Aran memarlıq məktəbi X əsrdən başlayaraq Bərdə və Gəncə ətrafında formalaşmış, daha sonralar öz təsir dairəsini genişləndirərək Beyləqan və Şəmkir şəhərlərini də əhatə etmişdir. Aran memarlıq məktəbi bir sıra cəhətlərilə Naxçıvan memarlıq məktəbinə oxşardır. Bu yaxınlıq hər şeydən əvvəl eyni inşaat materialının tətbiqilə izah edilməlidir. Hər iki memarlıq məktəbində inşaat materialı kərpic idi. Aran memarlığının əhəmiyyətli xüsusiyyətlərindən biri divar hörgüsünün səciyyəvi cəhətləridir. Memarlıq tarixində Gəncə hörgüsü adı ilə tanınan bu hörgünün əsas xüsusiyyəti çaydaşı ilə kərpicin birlikdə müəyyən naxış şəklində işlədilməsidir. Gəncədə bu hörgü çaydaşının ətrafını çərçivələyən kərpic şəklində təzahür edir. Şəmkirdə isə bu hörgü daha əlvan şəkil alır. Burada kərpic və çaydaşı ilə yanaşı, hörgüyə ağ daş da daxil olur, hörgüdə rəngarənglik xarakterik olur.

XII əsrin əvvəllərində Naxçıvan şəhərinin əhəmiyyətinin artması ilə əlaqədar burada sənətkarlıq və inşaat xeyli genişlənmiş, yeni bir memarlıq məktəbi yaranmışdır. Naxçıvanlı sənətkarlar Azərbaycan memarlığının ən yüksək zirvələrini təşkil edən əsərlər yaratmağa nail olmuşlar. Naxçıvanlı memarlar hörgüdə müxtəlif biçimli kərpicdən müxtəlif inşaat quruluşları tətbiq etmiş, rəngli kaşı və gəc ünsürlərini memarlıq bəzəyinə daxil etmişlər. Naxçıvan memarlarının həndəsi ornament quruluşu yaratmaq məharətləri və inşaatda ondan səmərəli yollarla istifadə edilməsi də bu məktəbin daxilində yaradılan memarlıq-inşaat üsullarına daxildir. Naxçıvan memarlıq məktəbinin banisi və ən görkəmli siması olan Əcəmi Naxçıvani orta əsr Azərbaycan memarlığının inkişafında dərin və silinməz izlər buraxmış, özündən sonrakı Azərbaycan memarlıq sənətinə istiqamətverici təsir göstərmişdir.

Əcəmi Əbubəkr oğlunun Naxçıvanda zəmanəmizə qədər qalmış ikinci bir əsəri olan Möminə xatın türbəsi orta əsr Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Abidənin üzərindəki kitabədən türbənin 1186-cı ildə Məhəmməd Cahan Pəhləvanın xanımı Möminə xatının şərəfinə tikildiyi aydın olur. Mömünə xatun türbəsi yeraltı və yerüstü hissədən ibarətdir. Yeraltı sərdabə on bucaqlıdır, sərdabənin mərkəzində mərkəzdən onbucaqlının hər küncünə doğru bir tağ atılmışdır. Türbənin əsas hissəsi xaricdən onguşəli, daxildən dairəvidir. Yusif Kuseyr türbəsində olduğu kimi Möminə xatın türbəsində də bucaqlar çıxıntı şəklində həll edilmiş, səthlər isə batıq vəziyyət almışdır. Möminə xatın türbəsinin bütün səthləri rəssamlıqla memarlığın sintezi şəklində ortaya çıxır, türbənin səthləri və bucaqları kitabə və həndəsi ornamentdən ibarət olan bəzəyi, gəc üzərindəki nəbati təsvirləri bir bütövdür. Türbənin bucaqlarındakı çıxıntılar əsas etibarilə kufi xətlə işlənmiş kitabə ilə örtülmüşdür.

Naxçıvan memarlıq məktəbinin ən gözəl əsərləri Culfanın yaxınlığındakı Gülüstan türbəsi, Marağada Qırmızı günbəz (memarı Bəkir Məhəmməd), Marağada Göy günbəz (1196-cı il il), Urmiyada Dairəvi türbə (1184-cü il) və s. xatirə türbələrdir.

Orta əsrlərdə Azərbaycan memarlığının ən böyük qolu Şirvan-Abşeron memarlıq məktəbi idi. Şirvan-Abşeron memarları əhəng daşı və onun üzərində tətbiq edilən ornamental oymanın birlikdə təsiri əsasında formalaşmışdır. Gözəl yerli daşın diqqətlə yonulması və onun səthinin hamarlanması Şirvan tikililərinin hörgüsünə xüsusi bir görkəm verir. Belə hörgüdə yerləşdirilən zərif daş oymaları kompozisiyanın gözəçarpan nöqtələrində mərkəzləşdirilir və öz bədiiliyilə diqqəti cəlb edir. Bakıda, İçərişəhərdə yüksələn Sınıqqala minarəsi (1078, ustad Əbubəkr oğlu Məhəmməd), Orta əsr Bakısının simvolu olan Qız qalası yüksək səviyyəli memarlıq tikintilərdir.

Azərbaycan XII əsrdə mədəniyyətin hər sahəsində olduğu kimi memarlıq sahəsində də nailiyyətlər əldə etmiş, Aran, Naxçıvan, Şirvan, Abşeron kimi yerli memarlıq məktəbləri formalaşmış, yüksək məharətə malik memarlar ölkənin böyük şəhərlərində yüksək bədii keyfiyyətli memarlıq əsərləri yaratmışdılar. XII əsrin sonlarında və XIII əsrin əvvəllərində şəhərsalma sənəti yüksək səviyyədə idi. Şübhəsiz ki, şəhərsalmanın və memarlığın inkişafı eyni zamanda Azərbaycanda inşaat texnikasının yüksək tərəqqisinin nəticəsi idi. Həmin dövrlərdə memar Əcəmi Əbubəkr oğlu, Məsud Davud oğlu kimi memarlar xalqımıza dünya şöhrəti gətirdilər.

XIV əsrin əvvəlində Təbrizdə inşa edilən Əlişah məscidi, XV əsrin ortalarında Bakıda ucaldılan Şirvanşahlar sarayı, Təbrizdə tikilən Göy məscid, Həştbehişt saray kompleksi gözəl və kamil memarlıq abidələri idi. XVIII əsrdə Şəkidə tikilən Xan sarayı, Şuşa qalası, İrəvanda Göy məscid və Sərdar sarayı möhtəşəm memarlıq nümunələri idilər.

XIX əsrin sonu-XX əsrin əvvəllərində Bakıda Bayırşəhərdə gözəl memarlıq nümunələri olan inzibati-ictimai binalar, Mərdəkanda villalar inşa edilmiş, bu binaların müəllifləri sırasında əcnəbi memarlarla yanaşı, Azərbaycan memarları da olmuşlar.