Qoltuq nağara
Nümunənin reyestr kodu : ST0804000008
Azərbaycana məxsus xalq çalğı alətidir. Qoltuq nağaranın sağanağı silindrik formada olur, qoz, ərik və müxtəlif növ ağac materialından hazırlanır. Hər iki tərəfdən keçi dərisindən hazırlanmış üzlə örtülür. Alətin gövdəsinin alt və üst qurtaracaqlarına metal halqalar keçirilir. Onlar dəri ilə birlikdə gövdəyə çal-çarpaz dolanan iplə dartılır. Qoltuq nağaranın hündürlüyü 350-360 mm, diametri 300-310 mm-dir. Hazırda ansambl və orkestrlərin tərkibində aparıcı alət kimi çıxış edir.
Alət hər iki əllə və barmaqlarla ifa edilir. Çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa üsullarından istifadə olunur. Çox güclü səs dinamikasına malik olan qoltuq nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür. Folklor əsərlərində, xalq tamaşalarında, eləcə də “Cəngi”, “Yallı” kimi rəqs növlərində ondan geniş istifadə olunur.
Nağara ərəbcə “nəqərə” sözündən olub “zərbə”, “taqqıltı mənasını verir. Miladdan öncə yarandığı ehtimal olunan bu alətin “Kitabi-Dədə Qorqud” dastanında, Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi klassik şairlərimizin əsərlərində də adı çəkilir, onun təsviri verilir. XVII əsr Holland dənizçisi Yan Streys öz xatirələrində Şamaxı şəhərində olarkən səhərə qədər zurna və nağara alətlərinə qulaq asdığını yazırdı.
Nağara alətinin tədrisində və ifaçılıq sənətinin inkişafında “Humayun” xalq çalğı alətləri ansamblının solisti Səlim Quliyevin böyük xidmətləri olmuşdur. Nağara üçün ilk tədris vəsaiti 1988-ci ildə F.Sadıqov və S.Quliyev tərəfindən hazırlanmışdır.