AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ağdaş

Rayon haqqında məlumat

Tarixi qaynaqlar sübut edir ki, Ağdaş toponiminin meydana gəlməsi təqribən 400 illik tarixə malikdir. Şirvan bəylərbəyliyinin tabeliyindəki Ərəş sultanlığı uzun illər feodal hakimlərinin idarəçiliyində olmuş, Azərbaycanın Şimal ərazisinin Rusiyaya ilhaq edilməsindən sonra çarizmin inzibati islahatları nəticəsində indiki Ağdaş rayonu ərazisində 1873-cü ildə Yelizavetpol quberniyasının tərkibinə daxil olan, əhalisinin sayı 52371 nəfərdən ibarət olan Ərəş qəzası yaradılmışdır. Bu inzibati ərazi vahidi 1929-cu ildə ləğv edilmiş, bir il sonra 1930-cu ildə onun ərazisində Ağdaş rayonu təşkil olunmuşdur. Hazırda rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 1qəsəbə olmaqla 72 kənd vardır. Əhalisinin sayı 102 min nəfərdən artıqdır. Rayonun ərazisində 17 dövlət qeydiyyatına alınmış yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri, hətta tarixi islamiyyətin yayıldığı ilk illərə təsadüf edən müqəddəs ziyarətgahlar və pirlər vardır. Rayonun ərazisinin tranzit dəhliz baxımından əlverişli olması, burada mövcud olan karvansaraylar, texniki bitkilərin becərilməsi sahəsində əldə olunan təcrübə, nəhayət 1883-cü ildə Bakı-Tbilisi dəmiryolunun çəkilməsi Ağdaşın əhəmiyyətini daha da artırmış, tezliklə burada yeni emal sahələrinin yaradılmasına səbəb olmuşdur. XX əsrin əvvəllərinədək Ağdaşda pambıq maşınlarından ibarət 7 zavod işləyirdi. Məhz buna görə də Qafqaz pambıqçılarının ilk qurultayının 1904-cü ildə Ağdaşda keçirilməsi təsadüfi sayıla bilməzdi. Pambıqdan başqa Ağdaş digər ənənəvi məhsulları ilə bölgədə məşhur olmuşdur. 

Azərbaycanda mövcud olan 3 dünyəvi təhsil müəssisəsindən biri 1882-ci ildə məhz Ağdaşda açılmışdır. 2002-ci ildə bu tədris ocağının 120 illiyinə həsr olunmuş yubiley tədbiri ilə bağlı 3 saylı orta məktəbə ünvanladığı məktubunda görkəmli dövlət və siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev yazırdı: ”Fərəhli haldır ki, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu və məktəbin ilk rəhbərlərindən olmuş tanınmış maarifçi Süleyman Qayıbov tərəfindən əsası qoyulmuş mütərəqqi təhsil ənənələri indi də yaşayır və ildən-ilə inkişaf edir. İlk təhsilini bu məktəbdə almış Azərbaycan və Özbəkistanın görkəmli yazıçısı Maqsud Şeyxzadə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Bürhan Kərimov, akademik Bəkir Nəbiyev, xalq artisti Habil Əliyev kimi elm və mədəniyyət xadimləri ilə xalqımız haqlı olaraq fəxr edir.” 

Ağdaşda mədəniyyət və incəsənətin inkişafı sahəsində XX əsrin əvvəllərində böyük canlanma müşahidə olunurdu. Qori Seminariyasının məzunu, məşhur Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin həm qardaşı, həm də əmisi nəvəsi olan Zülfüqar Hacıbəylinin yaxından köməkliyi ilə Rəşid bəy Əfəndiyevin “Qan ocağı” əsərinin 1908-ci ildə tamaşaya qoyulması Ağdaş teatrının həyatında böyük rol oynamağa başladı.Teatrın repertuarı təkcə dram əsərləri ilə məhdudlaşmamış, burada yerli həvəskarların köməkliyi ilə Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi klassik opera və operettalar tamaşaya qoyulmuşdur. Teatrın fəaliyyəti Azərbaycan dövlətinin diqqətindən yayınmamış, uzun illər bu mədəniyyət ocağının aparıcı aktyoru və rejissoru olmuş İbrahim Qaradağlı II Dünya müharibəsinin qızğın bir dövründə, 1943-cü ildə Azərbaycan SSR-nin “Əməkdar artisti” fəxri adına layiq görülmüşdür. Bu hadisə rayonun mədəniyyət tarixinin ən əlamətdar hadisəsi kimi bu gün də sənətsevərlər tərəfindən məmnunluqla xatırlanır. Ağdaşda musiqi təhsilinin təşəkkül tapmasının maraqlı tarixçəsi də diqqəti çəkir. 1934-cü ildə məşhur bəstəkarımız Üzeyir bəyin tövsiyəsi ilə rayonumuza gəlmiş Azərbaycan opera sənətinin görkəmli nümayəndəsi, şərqin ilk operası olan “Leyli Məcnun”da Leyli rolunun ilk kişi ifaçısı, görkəmli pedaqoq, əməkdar incəsənət xadimi Əhməd bəy Ağdamski (Bədəlbəyli) 1936-cı ildə burada ilk musiqi məktəbinin təşkilində fəal iştirak etmiş, ömrünün son günlərinədək Ağdaşın ictimai-mədəni həyatında və el şənliklərində fəal iştirak etmişdir.

Zəngin musiqi təhsili ənənələrini yaşadan bu təhsil ocağının yetirmələri sırasında korifey sənətkar, kaman ifaçılığı sənətinin görkəmli nümayəndəsi, xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli Habil Əliyev, əməkdar artist Munis Şərifov, uzun illər M.Maqomayev adına dövlət filarmoniyasının solisti olmuş xanəndə Ramiz Hacıyev kimi görkəmli sənətkarların olması Ağdaşın zəngin mədəni potensiala malik olmasının əyani göstəricisidir. Elmə, ədəbiyyata və mədəniyyətə yüksək dəyər verilən bu bölgə tanınmış ziyalıları ilə bu gün də haqlı olaraq fəxr edir. Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi “Şöhrət” və “İstiqlal” ordenli alim, akademik Bəkir Nəbiyev, xalq şairi, “Şöhrət”ordenli Fikrət Qoca, məhrum professor, Nyu-York Kembric Universitetinin fəxri doktoru, “Şöhrət” ordenli Yaşar Səlimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, sərbəst güləş üzrə dünya və Avropa çempionu, “Şöhrət” ordenli Xəzər İsayev, Azərbaycanın Suryadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini həyata keçirən Mahir Əliyev, yazıçı-dramaturq Xeyrəddin Qoca, professorlar Telman Ağdamski, Sadiq Abdullayev, Telman Nizamov, Elmira Rəhimova, Muxtar Abduyev, Salih Salihov, İsmayıl Qəribov, Mustafa Salihov, Sabir Osmanov, Gülüb Gülablı, xalq artistləri Lütvü Məmmədbəyov, Ramiz Mustafayev, Moskva Dövlət Universitetinin professoru Bürhan Kərimov, prezident təqaüdçüsü, əməkdar jurnalist Elmira Əliyeva və sıra sayını uzada biləcəyimiz onlarla yaradıcı insanlar məhz bu bölgənin övladlarıdır. Ağdaşlılar dövlətçilik və Vətən uğrunda gedən mübarizələrin daim ön cərgələrində olmuşlar.  1941-1945-ci illər müharibəsində düşmənə qarşı silaha sarılan Ağdaşın 2 ləyaqətli övladı Səməd Abdullayev və Fariz Səfərov Sovet İttifaqı Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdür. Birinci Qarabağ müharibəsində 189 nəfər ağdaşlı gənc Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.


Rayona aid qeyri-maddi mədəni irs nümunələri