AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Mövlud

Nümunənin reyestr kodu : DB0203030003

Mövlud Şəki, Qax, Zaqatala və Balakən rayonlarında geniş yayılmış dini mərasimlərdən biridir. Ümumiyyətlə, Azərbaycanda iki cür mövlud vardır: bunlardan biri xalq arasında ata-baba mövludu, digəri isə niyyət mövludu kimi tanınır. Məzmun baxımından bu mövludlar arasında elə bir fərq yoxdur, hər ikisində eyni mətnlər oxunur. Fərq keçirilmə vaxtında özünü göstərir. Ata-baba mövludu peyğəmbərin doğum günü, niyyət mövludu isə ilin istənilən vaxtında keçirilir. Niyyət mövludu adından da göründüyü kimi, niyyət edilərək keçirilir. Məsələn, oğlunu əsgərliyə yola salan ana oğlu sağ-salamat qayıtdıqda, təzə ev tikdirən evi başa çatdırdıqda, övladı ali məktəbə qəbul olunan uşaq məktəbi uğurla başa vurduqda mövlud oxutduracağını niyyət edir.

Mövlud oxutdurmağın müəyyən şərtləri vardır. Əvvəla mövlud oxutdurulan ərəfədə evə spirtli içki girməmə​lidir. İçki girərdisə, qırx gün gözləyib sonra mövlud oxutdu​rardılar. Mövluddan sonra yenə qırx gün gözlənilərdi. Əgər şərt pozulardısa, həmin evi qırx basdığına inanılırdı. Mövludun niyyət hasil olan gün oxudulması daha məqbul hesab olunur.

İnsanların imkanından asılı olaraq, mövludda bir neçə nəfərdən tutmuş yüz və daha çox sayda adam dəvət olunur. Mövludlar, əsasən, günorta keçirilir. Kişilər və qadınlar adətən ayrı-ayrı otaqlarda əyləşirlər, bir otaqda əyləşdikləri zaman ortadan pərdə asılır, pərdənin bir üzündə kişilər, digər üzündə qadınlar otururlar.

Mövludu idarə edən bir molla, iki müəzzin olur. Molla dini söhbətlər edir, müəzzinlər isə mövludu oxuyurlar. Yaxşı səsi, avazı olan müəzzinə mövludxan deyilir. Məclisi birinci molla açır, islam dininin qayda-qanunlarından, Quranın nazil olumasından, islamın şərtlərindən bəhs edir, imamın altı şərtini – Allaha, peyğəmbərlərə, Allah tərəfindən göndərilmiş mələklərə, xeyrə və şərə, ölümə, kitaba, öləndən sonra yenidən dirilib həyata gələcəyinə inanmağı xatırladır. Bu məlumatları verdikdən sonra “Ey xudadan lütfi ehsan istəyən, mövludu-paki rəsulallaha gəl” beyti ilə başlayan “Mövluda dəvət” oxunur. Mövluda dəvət qurtardıqdan sonra “Aminət xatun”, “Məhəmməd peyğəmbərin dünyaya gəlməsi” haqqında hekayələr oxunur. Bu hekayələr oxunanda camaat da yoldaşlıq edir, müəyyən hissələr xorla oxunur. “Aminət xatun” hekayəsində müəzzin peyğəmbərimizin dünyaya gəldiyi yerə çatanda hamı ayağa qalxıb əllərini düz şəkildə yana açır və ayaq üstə durub “Ey cəddəl Hüseyn, mərhaba” misrası ilə başlayan beyti oxuyur. “Aminət xatun” hekayəsinin bir yerində “susadı muğayəti hərarətdən qəti, sundular bir cam dolusu şərbəti” beyti oxunur. Həmin məqama gəlib çatdıqda məclisə şərbət paylanılır, ondan sonra mövlud davam edir. Müasir dövrdə keçirilən mövludlarda şərbət məclisin axırında paylanılır. Mövludda Yunus Əmrənin ilahiləri, digər şairlərin Məhəmməd peyğəmbərin şəninə yazdığı beytlər (ilahilər) də oxunur.

Mövlud oxunub qurtardıqda sonra ehsan verilir. Ehsan ev yiyəsi tərəfindən hazırlanır. Ev yiyəsi bunun üçün bir neçə gün qabaqcadan hazırlıq görür, heyvan kəsdirir. Yaşlı sakinlərin dediyinə görə, əvvəllər mövluda gələnlər özləri ilə yemək bişirib gətirərdilər. Həmin yeməklər ev sahibinin bişirdiyi yeməklə birlikdə süfrəyə düzülərdi. Müasir dövrdə mövluda gələnlər ev yiyəsinə kömək olmaq üçün ya hədiyyə gətirir, ya da pul verirlər. Ehsan yeyildikdən sonra yenidən “Mövluda dəvət” oxunmaqla məclisə yekun vurulur.

Mövludla bağlı xalq arasında bir sıra inamlar da yaranmışdır. Məsələn, Şəkidə mövlud süfrəsini uşağı olmayan qadının və ya ərə getməyən qızın başına silkələyərlər, yaxud süfrədə qalan düyüdən yeddi ədəd seçib onlara yedirərlər, o zaman onların niyyətlərinin hasil olacağına, bəxtlərinin açılacağına inanılardı.

Mövludların keçirilmə tarixi orta əsrlərə gedib çıxır. Deyilənə görə, Bursada bir vaiz moizə edərkən Məhəmməd peyğəmbəri digər peyğəmbərlərə bərabər tutur. Bursalı alimlər Qurandan “biz peyğəmbərlərin bəzisini bəzilərindən fəzilətli qıldıq” ayəsini misal gətirərək ona iradlarını bildirirlər, amma vaizi fikrindən döndərmək mümkün olmur. Bu hadisədən təsirlənən məscidin axundu Süleyman əfəndi “Vəsilətun-Nəcat” (Mövlud) əsərini yazır. Sonralar bu əsər Balkanlardan Qafqaza qədər geniş bir coğrafiyada yayılaraq Mövludda oxunan qissələrin əsasını təşkil edir.