AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Muğam

Nümunənin reyestr kodu : FM0300000001

Azərbaycan muğamı

Azərbaycan xalq musiqisinin növ və janr bölgüsündə muğam sənəti şifahi ənənəli professional musiqi kimi təsnif edilir. Muğam mürəkkəb ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrıdır. Muğamın professional janr kimi yaranmasında və formalaşmasında bir çox amillər rol oynamışdı: tarixi-iqtisadi amil, sinfi cəmiyyətin və professional incəsənət növlərinin, professional xalq sənətinin yaranması, folklor və aşıq sənətinin təsiri və s. Muğamın professional sənətə çevrilməsi muğam musiqisinin öyrənilməsinin, ifasının və ötürülməsinin tədricən xüsusi qaydalara, ciddi normalara əsaslanması ilə mümkün olmuşdu.

Azərbaycan muğam sənəti instrumental və vokal-instrumental şəkildə inkişaf etdirilir. Muğamın vokal-instrumental növü dəstgah adlanır. Dəstgahın kompozisiyası muğamdakı şöbə və guşələrin məntiqi ardıcıllığına, şöbələrin dramaturji rol oynamasına və şöbələrin vahid bədii məzmun yaratmasına əsaslanır. Dəstgah muğamın forması vokal və instrumental ifaların növbələşməsi prinsipinə əsaslanır. Muğam dəstgahlardakı forma və məzmunun əlaqəsində dəraməd, rəng və təsniflər mühüm rol oynayır. Dəstgah formasının qurulmasında və muğamın dəstgah kimi qavranmasında dəraməd, rəng və təsniflər həm formayaradıcı, həm də bədii ifadə rolu oynayır.

Muğamlar dəstgah, kiçik həcmli muğamlar, zərbi-muğamlar kimi növlərə ayrılır. Rast, Mahur-Hindi, Orta-Mahur, Bayatı-Qacar, Şur, Segah, Zabul-Segah, Mirzə-Hüseyn segahı, Şüştər, Çahargah, Bayatı-Şiraz, Humayun böyük həcmli muğam dəstgahları, Qatar, Bayatı-Kürd, Şahnaz, Sarənc və s. kiçik həcmli muğamlar, Arazbarı, Heyratı, Ovşarı, Mani, Osmanlı, Heydəri isə zərbi-muğamlardır. Klassik 12 muğamla müasir Azərbaycan muğamlarını müqayisə etdikdə, əvvəllər müstəqil ifa olunmuş muğamların müasir ifaçılıqda şöbəyə çevrildiyinin və ya əksinə, şöbə kimi ifa olunmuş epizodun müstəqil muğam əhəmiyyəti daşıdığının şahidi oluruq.12 klassik muğamdan “Rast” və “Nəva” muğamları bu günədək öz adını qoruyub saxlamışdı.

Muğamların lad nəzəriyyəsi orta əsrlərdə Yaqub əl-Kindi, Əbu Nəsr əl-Fərabi, Səfiəddin Urməvi, Əbdülqadir Marağayı tərəfindən işlənmişdi. XX əsrin əvvəllərində isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli Azərbaycan milli musiqi elmini inkişaf etdirərək milli musiqimizin lad nəzəriyyəsini yeni istiqamətdə işləyib sistemləşdirmişdi.

Azərbaycan muğamının tarixi təşəkkülü qədim dövrlərlə bağlıdır. Muğamın bir janr kimi yaranması və formalaşması, ilk növbədə, Azərbaycan ərazisində qədim dövlətlərin və şəhər mədəniyyətinin yaranması ilə əlaqəlidir. Müasir musiqişünaslıq elmində muğam sənətinin Şumer dövründən etibarən yarandığı ehtimal edilir. Nəzərə almaq lazımdır ki, I-VI əsrlərdə Azərbaycan ərazisində Atropatena və Albaniya dövlətləri mövcud idi. Bu dövlətlərin hakimiyyəti dövründə yaranmış musiqi mədəniyyəti tarixən məhz Azərbaycan xalqına məxsus olmuşdu. Bu mədəniyyətin daşıyıcıları və ifaçıları da məhz müasir Azərbaycan xalqının sələfləri idilər. Zərdüşt dininin kahinlərinə Maq, Muq, Muğ deyilirdi. Alimlərin gəldiyi qənaətə görə, muğam sənətinin əsası Maqların mərasimlərdə oxuduqları dini mahnılarla qoyulmuşdu. Onların ifa etdiyi musiqi forma, lad, melodiya, improvizə baxımından muğam musiqisinə yaxın idi.

Muğam sənəti 2008-ci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.