Sabirabad
Rayon haqqında məlumat
Muğanın çox zəngin tarixi var. Eneolit dövrünə aid arxeoloji tapıntılar bu yerlərdə daha qədimlərdən yaşayışın olduğunu göstərir. Suqovuşan, Surra, Qalaqayın, Cavad, Şəhərgah xarabalıqları, Qaratəpə, Qaraqaşlı, Cavad, Bulaqlı, Kürkəndi nekropolları, Sığrılı yolu üzərində Təpəqışlaq yeri (Qalacıq), Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastıqobu yaşayış yerləri, Kürkəndindəki yurd və oba yerləri, Baba Samid piri müxtəlif tarixi dövrlərə aiddir.
Muğanın şimal hissəsində Kürlə Arazın qovuşduğu Suqovuşanda aparılmış arxeoloji tədqiqatlar bölgənin e.ə. VI minillikdən başlayaraq tarixi keçmişini, məişət və təsərrüfatını işıqlandırmağa imkan verir. Sabirabad rayonunun ərazisi tarixən Muğan düzünə daxildir. Muğan düzü qədimdə Midiyanın, e.ə. IV əsrdən Atropatenanın əyaləti idi. Muğan erkən süni suvarma sisteminin yarandığı bölgələrdən biridir. E.ə. III-II minilliklərdə burada yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. Burada sənətkarlıq və xalçaçılıq da geniş inkişaf etmişdi. Tunc dövrünə aid sənətkarlıq əşyaları içərisində şarşəkilli və armudvarı gövdəli küplər diqqəti cəlb edir. Onlardan ən çox təsərrüfat məqsədi ilə istifadə olunmuşdur. Arxeoloji qazıntılar zamanı tapılan çoxsaylı küp qəbirlərin bəziləri dairəvi formadadır. Bu küplər yerli istehsala məxsusdur. Bölgənin orta əsr yaşayış yerlərindən xeyli miqdarda saxsı məmulatları aşkar edilmişdir. Yazılı mənbələrdə Muğanda xalça, çuval, xurcun və palaz istehsal edildiyi barədə qiymətli məlumatlar verilmişdir. Rayonun Zəngənə kəndi yaxınlığında tapılmış Şəhərgahda numuzmatik materiallar aşkar edilmişdir. 1926-cı ildə həmin ərazidən tapılmış, sonradan Azərbaycan tarixinə «Sabirabad dəfinəsi» kimi daxil olan sikkələri alimlər Şirvanşah-Kəsranilərə məxsus olduğunu müəyyən etmişlər. Həmin pul vahidləri I Axistana (XII əsrin sonu), II Toğrula (1177-1194), II Fəribuza məxsusdur. Bu bölgədə Eldəgizlər və Şirvanşahlara məxsus pullar sonralar da aşkar edilmişdir.
IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövləti meydana gəlir. Müasir Sabirabad-tarixi torpaqlarının mühüm tərkib hissəsi olan Cavad torpaqları IX-X əsrlərdə Sacilər dövlətinin, X əsrin ortaları və sonunda Salarilərin (941-981-ci illər), XI əsrin ortalarında Məzyədilər dövlətinin tərkibində olmuşdur. Cavad bölgəsi XV əsrdə Şirvanşahlar dövlətinin tərkibində olsa da, həmin dövrlərdə sərhədlərdə tez-tez dəyişikliklər baş verirdi. Muğan torpaqlarının əsas hissəsi 1410-1468-ci illərdə Qaraqoyunlu dövlətinin, sonralar Ağqoyunlu və Səfəvilər dövlətlərinin tərkibinə daxil olmuşdur. XVII əsrdə Cavad Şirvanşahlar bəylərbəyinə, Muğanın qərb hissəsi Qarabağ bəylərbəyinə daxil idi. Azərbaycanda xanlıqlar dövründə yaranmş Cavad 1768-ci ildə Quba xanlığına tabe edildi. 1813-cü il 12 oktyabr tarixli Gülüstan sülh müqaviləsinə əsasən, Azərbaycan xanlıqlarının bir hissəsi ruslar tərəfindən işğal olundu. Muğan ərazisi də Rusiya əsarətinə alındı. Rusiyada həyata keçirilən inzibati ərazi islahatları nəticəsində 1868-ci ildə Bakı quberniyasının tərkibində yeni bir qəza - Cavad qəzası yaradıldı.
Azərbaycanın Sovet Rusiyasının tərkibinə qatılmasından sonra 1921-ci il mayından 1929-cu il aprelinə qədər Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprelində VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə bura Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcrayyə Komitəsinin qərarına əsasən, mahal sistemi ləğv edilmiş və Petropavlovka müstəqil rayon olmuşdur. Təxminən bir il sonra, yəni 1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi, klassik ədəbiyyatımızda ictimai satiranın banisi Mirzə Ələkbər Sabirin adı verilmişdir.
Rayonda ən qədim tarixi memarlıq abidəsi "Baba Samid" türbəsidir. Türbə Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşir. XVI əsr tarixi memarlıq abidəsi haqqında Azərbaycan Tarix İnstitutunun professoru, tarix elmləri doktoru Məşədixanım Nemətova araşdırmalar aparmış və türbənin kitabəsini oxuyaraq açıqlamalar vermişdir. Alim "Əsrlərin daş yaddaşı" və "Azərbaycanda pirlər" adlı kitabında maraqlı fikirlər irəli sürmüşdür. "Köhnə hamam" adı ilə tanınan memarlıq abidəsi Fizuli küçəsində yerləşir. Bina 1901-ci ildə inşa olunmuşdur. Hazırda tarixi memarlıq abidəsi olaraq qorunur. "Şamaxı məscidi" adı ilə tanınan abidə Şamaxıda baş vermiş zəlzələdən sonra Sabirabada köçüb gəlmiş Şamaxı sakinləri tərəfindən 1903-cü ildə inşa edilmişdir. Qalaqayın kənd məscidinin daş kitabəsi bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunmuşdur.
Muğan bölgəsində yaşayan Sabirabad əhalisinin məşğuliyyətini əks etdirən materiallar rayonun tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır. Bu gün də bir çox sənətkarlıq növləri ilə bir qisim əhali məşğul olur. Taxta işi, dəmirçilik, qalayçılıq, papaqçılıq, pinəçilik, toxuculuq, tikişçilik və s. sahələr inkişaf etdirilir. Sabirabad bostan bitkisi olan qarpızı ilə məşhurdur.
Sabirabadda yerli əhali ilə yanaşı Mesxeti türkləri və qərbi Azərbaycandakı (indiki Ermənistan) torpaqlarından qovulmuş soydaşlarımız da yaşayır. Rayonda Dönüş, Qulami Quliyev adına Xalq Çalğı Alətləri Ansamblı, Ailə ansamblı və Türk folklor ansamblı fəaliyyət göstərir.
Rayona aid qeyri-maddi mədəni irs nümunələri
- Mağara
- Mahur-hindi
- Maxara (Südçörəyi)
- Maldar
- Manqal
- Maral oyunu
- Medalyon
- Memar
- Metal nimçə
- Metalişləmə
- Meydan tamaşaları
- Meyxana
- Məbəd
- Məcməyi
- Məişət mahnıları
- Məişət mərasimləri
- Məişət nağılları
- Məjdiyyə (məcidiyyə)
- Məlikməmməd
- Mərasim nəğmələri
- Mərasim oyunları
- Mərasim tamaşaları
- Mərasim yeməkləri
- Mərasimlər
- Məscid
- Məskunlaşma
- Məst
- Məşşatə
- Miflər
- Mifoloji rəvayətlər
- Mifoloji varlıqlar
- Mil oyunu
- Milli çalğı alətləri
- Milli geyim
- Milli mətbəx
- Minarə
- Minasazlıq
- Miniatür
- Minik və yük nəqliyyatı
- Mirvari boyunbağı
- Mis kasa
- Mis şərbət qabı
- Misgərlik
- Mizraq
- Molla Nəsrəddin lətifələri
- Mövsüm mərasimləri
- Mövsüm nəğmələri
- Muğam
- Muğam dəstgahları
- Muncuq
- Muncuqlu tikmə
- Musiqar
- Musiqi-rəqs
- Müxəmməs
- Mürəbbə
- Müsəlləs (üçbucaq)
- Müsəlləyə çıxmaq
- Müşk
- Mütəkkə