AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Muncuqlu tikmə

Nümunənin reyestr kodu : SD0604000001

Muncuqlu tikmə bədii tikmənin geniş yayılmış növlərindən biridir. Muncuqlu tikməni hazırlamaq üçün muncuqlar əvvəl xüsusi saplara düzülür, sonra pul kisəsinin, daraq qabının, kiçik torbaların üzərinə, qadın paltarlarının yaxasına, ayaqqabı üzərinə tikilib bərkidilir. Rəngli muncuqlardan istifadə etməklə isə həndəsi və nəbati (gül, çiçək, yarpaq və s.) motivli naxış və təsvirlər yaradılır. Belə tikmələrdə, adətən, ağ, qara, sarı, yaşıl və göy rəngli muncuqlardan, həmçinin mirvaridən istifadə olunur. Muncuqların rəng uyuşması, bədii bəzək tərtibatı belə tikmələr üçün əsas şərtdir.

Muncuqlu tikmədən XIX əsrdə Şuşa, Gəncə, Şamaxı, qismən də Bakı şəhərlərində geyim və xırda məişət əşyalarının bəzədilməsində geniş istifadə olunmuşdu. Belə tikmələr məxmər, qanovuz, mahud, qismən də kətan parçalar üzərində işlənirdi. İstənilən bir naxış motivini parça və ya məmulat üzərinə köçürmək üçün ilk növbədə onun ümumi mühit xətti çəkilib hazırlanır, sonra qabaqcadan sapa düzülmüş müəyyən sayda muncuq düzümləri həmin xətlər üzrə lazımi yerə bərkidilirdi. Muncuqlar iki üsulla, ya təkbətək, ya da düzüm halında sıra ilə parça üzərinə bənd edilirdi. Kübar qadınların və yüksək mənsəbli kişilərin əyin və baş geyimləri bu üsuldan istifadə olunmaqla ləl-cavahiratla bəzədilirdi.

Muncuqlu tikmələrin Şuşada hazırlanmış bir neçə nümunəsi hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanmaqdadır. Tikmədən daha çox mozaikanı xatırladan bu nümunlərdə mahir usta əli ilə düzülmüş nəinki gül-çiçək, hətta insan fiquruna da rast gəlinir. Şairə Xurşidbanu Natəvan tərəfindən hazırlanmış fincan örtüyü və Qarabağ xanı Pənah xana aid edilən əl ağacının üst bəzəyi muncuqlu tikmələrə aiddir.

Xalçalarda olduğu kimi muncuqlu tikmələrdə də bəzək kompozisiyası bir-birindən asılı iki ünsürdən, yəni ara sahədən (tikmənin ortası) və haşiyədən (tikmənin kənar bəzəkləri) ibarətdir. Ara sahədə, adətən, gül-çiçək rəsmləri, sağa və sola şaxələnmiş ağac bəndi və ya sərv ağacı ətrafında simmetrik şəkildə üz-üzə dayanmış quş, heyvan rəsmləri verilir. Haşiyələr bir neçə dalğavari və ya düz xətdən, əksər hallarda isə paxlava dilimini xatırladan rəsmlərdən düzəldilir.

XIX əsrin axırlanından etibarən dekorativ sənətin bir çox örnəyi kimi, tikmə sənəti də tənəzzülə uğrmağa başlayır. Rəsmlərin get-gedə kobudlaşması, milli məziyyətini itirməsi bu dövrdəki tikmələrin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Bununla belə, tikmə sənətinin digər növləri kimi, muncuqlu tikmələr də dövrümüzə gəlib çatmışdır. Bu gün xalq arasında bu sənət növünü yaşadan, onu gənc nəslə öyrədən sənətkarlara rast gəlmək mümkündür. Bununla yanaşı, müasir tikmələrin ənənəvi tikmə üslubundan xeyli uzaqlaşdığını, müasir dövrün rəngkarlıq sənəti ilə ayaqlaşdığını görmək mümkündür. Belə ki, tikmə sənəti vaxtilə insanların həyatında, məişətində əməli əhəmiyyətə malik olmuş, məişət əşyalarının bəzədilməsinə xidmət etmişdisə, keçən sərin 20-ci illərindən başlayaraq bu sənət portret, mənzərə janrlarına meyl edərək rəngkarlıq sənətinə çevrilmişdi.