AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Müşk

Nümunənin reyestr kodu : SD0200000005

Fars dilində gözəl iy, xoş ətir anlamına gələn müşk xoş qoxulu qırmızı-qonur maddədir. Onun qoxusunun müəyyən qismini muskon təşkil edir. Havada qoxusu birin milyard nisbətində hiss edilir.

Peyğəmbərimiz müşkü bütün qoxulardan üstün saymış və demişdir: “O gözəl qoxuların ən xoşudur”. Rəngi tünd olduğu üçün, əsasən, paltar və saça səpilərdi. Görkəmli şair Qətran Təbrizi şerlərinin birində müşk və ənbərdən alınan “qaliye” adlı ətrin adını çəkir. Müşk, əsasən, ipək parçada saxlanılırdı. O quru halda qoxu vermirdi. Yenidən nəmləndirdikdə ətri “bərpa olunur”du. Müşk çox qiymətli ətir olduğundan hamının diqqət mərkəzində olurdu. Onu oğrulardan, yolkəsənlərdən qorumaq üçün yapıqana, kitrəyə bükürdülər ki, iyi yayılmasın. Böyük şairimiz N.Gəncəvi “Yeddi gözəl” əsərində mövcud vəziyyəti belə təsvir edirdi:

Nafə yükləyəndə hər çinli əttar,

Çəkər yapışqandan ona bir hasar.

Müşk iki yerə bölünür: heyvan və bitki mənşəli. Heyvan mənşəli müşk, əsasən, Tibet, Çin və Monqolustan ahularının, həmçinin Kabaraqa marallarının, bəzi ölkələrdə qunduzun göbəyindən alınırdı. Vaxtilə bu ölkələr müşkün əsas ixracatçıları hesab olunurdular. Heyvanlardan müşkün əldə olunması müxtəlif üsullarla, həmçinin iki formada həyata keçirilirdi: bərk və maye hallarında. Heyvanın müşk vəzisi il ərzində bir neçə dəyişmə mərhələsindən keçir. Müşk heyvanın vəzində əvvəlcə süd rəngli maye şəklində olur, sonra tədricən bərkiyərək, lobya toxumu boyda dənələrə çevrilir. Əgər quruyubsa, dənəni gümüş mala ilə vəzin xarici axarının ağzından ehtiyatla qaşıyaraq götürürlər. İkinci üsul, yaz və payız fəsillərində, əsasən, maye halında əldə olunurdu. Müasir dövrdə bu üsulu xüsusi şprislər vasitəsilə heyvana heç bir ziyan vermədən həyata keçirmək mümkündür. Daha qədim dövrdə isə maralı kəsib və durmadan onun ayaqlarını ovuşdurdular ki, damarlarındakı qan göbəyinə (yəni, müşk vəzisinə) axsın. Göbək dolduqdan sonra onu kəsib asırdılar ki, içindəki mayе dəyişikliyə məruz qalsın və müşkə çеvrilsin”

Bitki mənşəli müskün tərkibi xoş iyli makrotsiklik latonlardan ibarətdir. Müşk qədim Şərqdə ətriyyat və kosmetika vasitəsi olmaqla yanaşı, həm də müalicə vasitəsi sayılırdı. O qızıla bərabər dərman vasitəsi hesab olunurdu. Müxtəlif dövrlərdə təbiblər ondan müxtəlif xəstəlikləri sağaltmaq (daxili qanaxma, qanazlığı, əsəb pozuntusu, ürəkkeçmə) məqsədilə istifadə edirdilər. Göz xəstəlikləri zamanı müşkü gözə damcılatmaqla ona qüvvət vеrir və göz qarasına düşən nazik ağ ləkəni yox еdirdilər. Baş ağrısı zamanı isə müşkü zəfəranla və azca kamfora ilə buruna tökməklə ağrıdan xilas olurdular. Əsəb və ürək xəstəliklərində ürəyə qüvvət və gümrahlıq vеrən, aritmiyanı və sıxıntı hissini (qəm-qüssəni) aradan qaldıran ən gözəl vasitə sayılırdı. Müşkün müalicəvi xüsusiyyətini müasir еlm də sübut еdir.

Ölkəmizdə müşk o qədər də geniş yayılmamışdı. Çox zaman ətriyyat vasitəsi kimi yuxarıda adları çəkilən ölkələrdən idxal olunurdu.

Hal-hazırda müşkdən kosmetik vasitə kimi ərəb ölkələrində, İranda, Pakistanda, Hindistanda, Çində istifadə olunmaqdadır. Təəssüf ki, bu qiymətli müalicə vasitəsini kimyəvi dərman preparatları arxa plana keçirib.