AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Müsəlləyə çıxmaq

Nümunənin reyestr kodu : DB0204020004

Yağış yağdırmaq məqsədilə icra olunan mərasim formasıdır. Mərasimdə ancaq kişilər iştirak edərdi. Mərasimdə iştirak edənlər yuyunub qüsullanar, sübh tezdən yüksək bir dağın və ya təpənin başına çıxar, orada yağış yağması üçün Allaha dua edərdilər. Duadan sonra qurban kəsib, onun ətindən ehsan verərdilər. Yaşlı sakinlərin dediyinə görə, keçən əsrin 70-80-ci illərinə qədər bu adət davam edib. Bölgələrdən toplanmış etnoqrafik materiallardan da ümumi təsərrüfat dövründə belə mərasimlərin keçirildiyi məlum olur.

Ağdaş rayonundan yazıya alınmış bir mətndə deyilir ki, kolxoz dövründə bir il güclü quraqlıq olur. Pambıq sahələri susuzluqdan yanmasın deyə Xosrov, Aral və Sadavad kəndlərinin ağsaqqalları hər kənddən bir qoyun götürərək Surxay dağına müsəlləyə çıxırlar. Orada “Quran”dan ayələr oxunur, dualar edilir, aparılan heyvanlar kəsilərək əti oradakı camaata paylanılır.

Müsəllə adətən yüksək bir yerdə – dağ və ya təpə başında icra olunur, bununla belə çay kənarında da müsəlləyə gedildiyinə rast gəlinir. Məsələn, Ağdaş rayonundan toplanmış bir mətndə Ərəb-Kükəl kəndlərinin camaatının yağış yağdırmaq üçün çayın içində qızmar daşın üstündə dua etdikləri deyilir. Öncə apardıqları heyvanı kəsib çay kənarındakı çardaqların altında ehsan bişirərdilər. Sonra namaz qılıb Allaha dua edər, duadan sonra həmin ehsan ətindən yeyərdilər. Deyilənə görə, bir dəfə yağış yağdırmaq üçün kənd camaatı Hacı Sadıq əfəndini götürüb çay kənarına enir. Hacı Sadıq əfəndi nə qədər namaz qılıb dua edirsə, xeyri olmur, yağış yağmır ki, yağmır. Yağış yağmadığını görən ağsaqqallar Hacı babanı gətirməyi məsləhət edirlər ki, bəlkə onun duası qəbul ola. Bunu eşidən Sadıq əfəndi “əgər Allah Hacı babanın duasını eşitsə, mən saqqalımın yarısını qırxdıraram” deyərək onun kəramətinə şəkk gətirir. Yaşlı sakinlərin dediyinə görə, Hacı babanın ağzını açması ilə yağışın yağmağı bir olur. Hacı Sadıq əfəndi də dediyi sözün üstündə durur. Üzünün yarısını qırxdırır, dişi ağrıdığını bəhanə edərək bir müddət üzü sarıqlı gəzir.

Müsəllə mərasimi Azərbaycanın müxtəlif bölgələrində icra olunub. Ağcabədi rayonunun Taynaq kənd sakinlərinin dediyinə görə, 1949-cu ildə güclü quraqlıq olur. Susuzluqdan əkinin məhv olacağını görən camaat Seyid Əziz ağanı gətirərək yaxınlıqdakı təpənin başına müsəlləyə çıxırlar. Seyid Əziz ağa camaatın önündə üzü qibləyə durub Allaha dua edir, ağsaqqallar da onun arxasında səf tutaraq “amin” deyirlər. Dua etdikdən sonra Seyid Əziz ağa bir atlı da götürüb kəndin ətrafını gəzir, dörd yerdə “Quran”dan ayələr oxuyur. Kənddə də kolxoz sədri heyvan kəsib ehsan hazırlamışdı. Seyid Əziz ağa ərazini gəzdikdən sonra ehsana da qalmır, təcili onu evə çatdırmalarını tələb edir. Söyləyicinin dediyinə görə, seyidi heç evə çatdıra bilmirlər, yolda ikən gülü leysan onları tutur. Həmin il qonşu kəndlərdə quraqlıq üzündən əkin bitmir, amma onların sahələrindən məhsulu yığıb-yığışdırmaq olmur.

Müsəlləyə çıxma müsəlman ölkələrində olduqca geniş yayılmışdır, Türkiyə başda olmaqla bir çox şərq ölkələrində həmin mərasim formasına rast gəlmək mümkündür.