Müsəlləs (üçbucaq)
Nümunənin reyestr kodu : ST0801000007
Ərəbcədən tərcümədə üçbucaq anlamına gələn müsəlləs alətinin adını ilk dəfə tanınmış musiqi tədqiqatçısı Ağalar Ələkbər oğlu Əliverdibəyov (1880-1953) “Rəsmli musiqi tarixi” əsərində çəkir. Əsasən geometrik (həndəsi) termin olan “müsəlləs” sözü ərəbcədən dilimizə bir neçə mənada, o cümlədən “uçbucaq” şəklində tərcümə olunur: 1. Üçlü, üç qat, üç hissədən ibarət; 2. Riyaziyyatda: üçbucaq; 3. Ərəb əlifbasında: üç nöqtəsi olan (hərf). “Rəsmli musiqi tarixi” əsərinin “Lüğət” bölümündə bu söz “üçbucaq (musiqi aləti)” kimi izah edilir. Deməli, A.Əliverdibəyov adı çəkilən əsərində müsəlləs dedikdə, məhz üçbucaqlı (və ya üçkünc) quruluşa malik olan çalğı alətini nəzərdə tuturmuş.
Müsəlləs metaldan, əsasən də xüsusi tərkibli polad (gümüş qarışıqlı) və ya alüminiumdan bərabərtərəfli üçbucaq şəklində hazırlanır. Alət nə qədər sadə quruluşa malik olsa da, bir o qədər də ciddi qaydalar əsasında (yəni, ölçüləri zərgər dəqiqliyi ilə) hazırlanır. Müsəlləsin sərt xüsusiyyətə malik bucaqlarından biri açıq vəziyyətdə qalır. Digər bucaqların ucları isə bir-birinə dairəvi şəkildə birləşdirilir. Müsəlləs qeyri-müəyyən səs yüksəkliyinə, cingiltili, incə, təmiz və aydın tembrə malikdir. Aləti qüvvətli, zərblə vurduqda zəng səsinə bənzər səslənmə alınır.
Müsəlləsdən əsasən qoşanağara çalanlar istifadə etmişlər. Adətən müsəlləs nazik tellə xüsusi asılqandan asılır və ifaçı ağacdan hazırlanmış çubuqlarla bucaqları döyəcləyərək onu səsləndirir. Çubuqları bucağın ortasına vurduqda isə alətin kənarlarını döyəcləməklə müqayisədə, nisbətən daha gur səs alınır. Qeyd etməliyik ki, klassik musiqi əsərlərinin ifası zamanı üçbucaq tipli alətləri xüsusi hazırlanmış ilgəkdən asaraq metal çubuqlarla səsləndirirlər. İlgək oval şəkildə qatlanıb bağlanılmış kəndirdən hazırlanır. Lakin qoşanağara ifaçıları aləti adi ağac çubuqlarla səsləndirdiklərindən, müsəlləsi də elə bu çubuqlarla ifa edirlər. İfaçılar üçbucağa müxtəlif istiqamətlərdən zərbələr endirərək aləti səsləndirirlər. Müsəlləsi hər iki əllə və ya tək-tək səsləndirmək mümkündür. Təcrübə göstərir ki, çubuqların qalınlığından asılı olaraq alətin tembri də dəyişir. Bu səbəbdən ifaçılar 3 cüt çubuqdan istifadə edirlər: nazik, orta və yoğun. Hətta ifaçı qarışıq çubuqlardan da istifadə edə bilər. Yəni, hər əldə nazik, orta çubuqları cütləşdirməklə aləti səsləndirmək mümkündür.
Ə.N.Fərabinin (865-950) yaşadığı dövrü nəzərə alsaq, sanc adlanan üçbucaq formalı alətdən Şərqdə hələ IX əsrin sonu, X əsrin I yarısında geniş istifadə edildiyi bəlli olur. Üçbucaq formalı alət təxminən XV əsrdə Şərq ölkələrindən Avropaya gətirilmiş və istifadə edilmişdir. Azərbaycanın da Şərq ölkəsi olduğunu və coğrafi baxımdan Avropa ilə Şərq ölkələrinin kəsişdiyi bir məkanda yerləşdiyini, bu mədəniyyətlər arasında “körpü” rolunu oynadığını nəzərə alsaq, ən azı XV əsrdən sənətkarlarımızın bu alətdən xəbərdar olduğu aydınlaşır. Sonralar qeyri-müəyyən səbəbdən Azərbaycan ərazisində müsəlləs aləti unudulmuşdur.