Şəki
Şəhər haqqında məlumat
Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və s. variantlarda çəkilir. Şəki şəhəri uzun müddət Nuxa da adlanmışdır. Qədim yunan coğrafiyaşünası Kladius Ptolemey Alban şəhərləri içərisində "Niqa" adlı yaşayış məntəqəsinin olduğunu qeyd etmişdir. A.Y.Krımski Niqanın sonradan Nuxa adlanması mülahizəsinə şərik çıxır. Şəki adı eramızdan əvvəl VII əsrdə Qara dənizin şimal sahillərindən Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya hərəkət edən sak tayfalarının adı ilə bağlıdır. Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını verdilər. Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki idi. I əsrdə Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrildi. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz bu ərazidə yerləşirdi. İnzibati cəhətdən Qafqaz Albaniyası 11 vilayətə bölünürdü. Bunlardan biri də Albaniyanın şimal-qərbində yerləşən Şəki vilayəti idi. Ərəb istilası ərəfəsində Şəki Azərbaycanın mühüm siyasi və iqtisadi əhəmiyyətə malik şəhərlərindən biri oldu. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edildi. Xilafətin zəiflədiyi dövrdə isə Şəkidə müstəqil knyazlıq yarandı.
XIV əsrin I yarısında Hülakilər dövləti tənəzzülə uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat nəsli hakimiyyətə gəldi. 1551-ci ildə Şah Təhmasib Şəkinin müstəqilliyinə son qoydu və Şəki bu tarixdən etibarən Səfəvilər dövlətinə birləşdirildi. 1743-cü ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi. 1772-ci ildə Kiş çayının daşması nəticəsində qədim Şəki şəhəri demək olar ki, tamamilə dağılmış, şəhər əhalisinin bir qismi başqa yerlərə köçüb getmiş, bir qismi də indiki şəhərin yerləşdiyi ərazidə məskən salmışdı. 1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə ərazi qəti şəkildə Rusiyaya birləşdirildi. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu. Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı. 1840-cı ildə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı. XIX əsrin II yarısında çar hökumət orqanları şəhəri idarə etmək üçün onu iki məhəlləyə - Şəki və Qışlaq məhəllələrinə böldü. Bu dövrdə Qışlağın ərazisi hələ şəhər ərazisi ilə birləşməmişdi. Qala, qala ətrafı, ticarət və sənaye müəssisələri olan hissəsi şəhərin mərkəzi hesab olunur və iki hissəyə bölünürdü: yuxarı və aşağı hissə. Şəhər ətrafı hissələri Yuxarıbaş, Gəncəlibaşı və Nuxa-Qışlaq hesab edilirdi. Yuxarıbaş hələ XVIII əsrin sonu XIX əsrin əvvəllərində, Qaladan şərqə doğru salınmışdı. Şəki ərazisi getdikcə böyüdüyü üçün çar hökumət orqanları şəhərdə əlavə iki inzibati məhəllə yaratdı və 1860-1865-ci illərdə şəhər artıq iki məhəlləyə deyil, 4 məhəlləyə bölünürdü. Birinci məhəlləyə Qala və onun ətraf yerləri, ikinci məhəlləyə şəhər ətrafları daxil edilmişdi və buranın əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul idi. Üçüncü məhəlləyə dabbaqxana daxil idi. Buraya başqa sənətkarlıq sahələri, o cümlədən boyaqçılıq daxil idi. Dördüncü məhəllə haqqında sənədlər məlumat vermir. Görünür, bu məhəlləyə tacir və sənətkarların yerləşdiyi baş küçə və onun ətrafları daxil idi.
1859-cu ildə Nuxa qəzası Bakı quberniyasının, 1868-ci ildə isə Yelizavetpol quberniyasının tərkibinə daxil edildi. 1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil edildi. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen rayonuna verildi, respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başladı.
2018-ci ilin statistik məlumatına görə Şəki rayonunun əhalisi 185400 nəfərdir. Onlardan 68012 nəfəri şəhər, 117388 nəfəri kənd ərazisində yaşayır. Rayonda 309 şəhid ailələri, 183 Qarabağ Müharibəsi əlilləri, 12 nəfər II Dünya Müharibəsi Veteranı var. Rayonun 13 nəfər sakini Azərbaycan Respublikasının Əməkdar Fəxri adına layiq görülüb, 1142 nəfər Prezident Təqaüdçüsüdir. Şəki rayonunda 1764 qaçqın və 4949 məcburi köçkün məskunlaşmışdır. Əmək fəaliyyəti ilə məşğul olanlar 86115 nəfər təşkil edir.
Şəhərə aid qeyri-maddi mədəni irs nümunələri
- Sadə yük nəqliyyatı
- Sağınçı nəğmələri
- Salam əleyküm
- Samanlıq
- Sanamalar
- Sancaq
- Sandıq
- Sapand
- Saray
- Sarı gəlin
- Satıl
- Sayaçı nəğmələri
- Saz
- Sazbənd
- Segah
- Sehrli alma
- Sehrli nağıllar
- Sehrli papaq
- Sədəfvurma peşəsi
- Səhəng
- Səməni
- Sənətkarlıq
- Səngqaldırma (daşoynatma)
- Sərnic
- Sərpuş
- Sərrac
- Sığırxana
- Silahsaz
- Silahsazlıq
- Simli çalğı alətləri
- Simurq quşu
- Simvol və ornamentlər
- Sınama
- Sinəbənd
- Sini
- Sırğa
- Sirr-bilik
- Soltan və Qəndab
- Su çərşənbəsi
- Su əyəsi
- Su nəqliyyatı vasitələri
- Süd məhsulları
- Süfrə
- Süjetli xalça
- Sümükişləmə
- Sünnət toyu
- Sür papaq
- Sürfüllü
- Sürmə
- Sürütmə, xizək (kirşə), əl arabası