AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sərrac

Nümunənin reyestr kodu : DA0104000037

Coğrafı şərait və əhalinin təsərrüfat məşğuliyyəti ilə əlaqədar, əsrlər boyu Azərbaycanda başlıca nəqliyyat vasitəsi kimi minik və yük heyvanlarından istifadə olunmuşdur. Nəqliyyatın bu növü xüsusi minik ləvazimatının yaranmasını labüd etmişdir. Bu işdə qədimdən süvari qoşun növünün meydana gəlməsinin də mühüm rolu olmuşdur.

Sərrac məmulatına tələbatın artması sənətkarların bu sahəsinin müstəqil inkişafına əlverişli zəmin yaratmışdır. Sərraclıq sənətinin inkişafında yerli tələbatla yanaşı, maldarlıq təsərrüfatının verdiyi zəngin xammal ehtiyatı mühüm rol oynamışdır. Minik ləvazimatının meydana gəlməsi atın əhliləşdirilməsi və ondan nəqliyyat vasitəsi kimi istifadə olunması ilə üzvi surətdə bağlıdır.

Minik ləvazimatının hazırlanması ilk vaxtlar ev peşəsi səciyyəsi daşımışdır. Sonralar qaltaqlı yəhər və onun əlavə ləvazimatının hazırlanması xüsusi istehsal səriştəsinə malik ixtisaslı usta əməyi tələb etdiyindən tədricən yeni bir sənət növü – sərraclıq formalaşmağa başlamış, bu sənətin daxilində dar ixtisaslaşma baş vermişdir. Əvvəlcə qaltaqçılar, sonra isə təkaltı ustaları müstəqil işləməyə başlamışlar. İsmayıllı rayonunun Mollaisaqlı kəndi yaxınlığındakı antik dövr abidəsindən tapılmış at fiquru Azərbaycanda qaltaqlı yəhər növünün meydana gəlmə tarixinin qədimliyini göstərir.

Sərrac dükanlarında tələbatdan asılı olaraq, müxtəlif yəhər tiplərinin hamısı istehsal olunurdu. “Müsəlman yəhəri” daha mürəkkəb quruluşa malik olduğundan onun hazırlanması xeyli vaxt və material tələb edirdi, nisbətən baha qiymətləndirilirdi. Bu növ yəhərin hazırlanmasında sərrac və qaltaqçıdan baçqa təkaltıduz da iştirak edirdi. XX əsrin əvvəllərindən etibarən yerli yəhərlərin tədricən aradan çıxmağa başlaması ilə əlaqədar olaraq, qaltaqçılıq və təkaltıduzluq peşələri tənəzzül etmişdir.

Sərracların hamısı dəst yəhər düzəltməklə məşğul olmurdu. Hər bir bölgədə bir və ya iki nəfər dəst yəhər düzəldən usta var idi. Onların əksəriyyəti, başlıca olaraq, tapqır, üzəngi qayışı, qantarğa, quşqun, sinəbənd, tərlik (qıçaltı) və s. düzəldirdi. Sərraclıqda bir qayda olaraq, aşılanmış gön və dəri işlənirdi. Sərraclar, adətən, qara gön, tumac və müşkünü dabbağlardan, ətvini sağrıcərddən satın alır, ağ gönü isə özləri aşılayırdılar. Yəhərin əlavə ləvazimatı: qadaq, gülmıx, toqqa, üzəngi və s. isə sifarişlə dəmirçiyə düzəltdirilirdi.

Sərraclıq sənətində işlənən istehsal alət və ləvazimatı: dəzgə, cəldə, çərməki, gazan, pərgar, sünbə, şaxək, biz, iynə, çəkic, kəlbətini və s. sifarişlə yerli ustalara düzəldirdi. Yəhər quşqunu, bir qayda olaraq, dünkah və yan qayışlarından ibarət idi. Bundan əlavə yəhərə tapqır, qıçaltı, üzəngi qayışı və s. əlavə olunurdu. Minik yəhərinin əlavə ləvazimatı arasında başlıca yeri yüyən tuturdu. Yerli yüyənlər çoxtoqqalı olması ilə səciyyələnirdi. İkitoqqalı kazak və ingilis yüyənlərindən fərqli olaraq, yerli yəhərlərin yüyənində 6 toqqa işlənirdi. Yüyən qayışları, bir qayda olaraq, aşılanmış göndən düzəldilirdi.

Sərraclıqda ən məsul və çox vaxt tələb edən iş prosesi məmulatın ayrı-ayrı hissələrinin tikilməsindən ibarət idi. Yəhər ləvazimatının tikilməsində cəldə, iynə, biz, sap və mumdan istifadə olunurdu. Ləvazimatın ayrı-ayrı hissələrinin calanıb quraşdırılması “quraqetmə”, yaxud “quraq” adlanırdı. Quraq tikişini ya kargər, ya da usta özü görürdü. Astar tikişləri çox vaxt şagirdə həvalə edilirdi. Tikmə əməliyyatı mərhələ-mərhələ (calaqları bitişdirmə, astarçəkmə, hazır hissələri birləşdirmə, gülsalma, köbətutma) görülürdü. Qaltaqla əlaqədar hissələr (yəhəriçi, keçə döşəkcə, üzlük) hazırlanandan sonra qaltağın üzərinə bərkidilirdi. Qaltağın üstünə yəhəriçi, onun üzərindən keçə döşəkcə saldıqdan sonra onların üstündən müşkü üzlük çəkilirdi. Bir qayda olaraq, üzlüyün ətrafı qaltağın kənarlarına qadaqlanırdı. Bu əməliyyat “axtalama” adlanırdı. Yəhər dəstinin hissələri tamam hazır olandan sonra onlar quraşdırılıb bir-birinə qoşulurdu. Bu əməliyyat nəticəsində quşqun, üzəngi qayışı, qıçaltı, qançığa bağı yəhərin qaltağına birləşdirilir, yüyənin qayış və metal hissələri (toqqa, gəm) yerbəyer edilirdi.

Azərbaycanda sərraclıq sənətinin təşəkkül tarixinin aydınlaşdırılmasında arxeoloji materiallar müstəsna əhəmiyyətə malikdir. Şahtaxtı kəndi yaxınlığında m.ə. II minilliyin sonralarına aid qəbirdən tapılmış at skeleti üzərindəki tunc piləyin qızıl suyuna çəkilməsi onun dekorativ bəzək məqsədi güddüyünü və qayışlı yüyənlə əlaqədar olduğunu göstərir. Bu fakt Azərbaycanda minik ləvazimatı istehsalının m.ə. II minilliyin sonralarından inkişaf etməyə başladığını göstərir.

Azərbaycanda qaltaqlı yəhərlərin yerli və gəlmə olmaqla müxtəlif növlərinə təsadüf edilir. “Müsəlman yəhəri” adı ilə məlum olan ağır qaltaqlı yəhər tipi böyük bir təkamül yolu keçmişdir. Onun inkişafında Orta əsrlərə xas olan mədəni-texniki təmas mühüm rol oynamışdır. Bununla yanaşı, Azərbaycanın bir sıra etnoqrafik bölgələrində “çərkəzi” yəhər tipi də geniş yayılmışdı. XIX əsrin birinci yarısından etibarən Azərbaycanda kazak yəhəri, XIX əsrin sonu və XX əsrin əvvəllərində, xüsusilə Birinci dünya müharibəsi illərində isə “ingilis” yəhəri yayılmağa başlamışdı.

Sərraclıq sənəti başlıca olaraq şəhərlərdə, qismən isə həftəbazarları olan iri kəndlərdə, xüsusilə köç yolları üzərindəki yaşayış məntəqələrində geniş yayılmışdı. XIX əsr və XX əsrin əvvəllərində sərraclıq sənəti, əsasən, Şamaxı, Şəki, Gəncə, Şuşa, Qazax, Naxçıvan, İrəvan, Bakı, Dərbənd, Quba və Lənkəran şəhərlərində cəmləşmişdi. Bundan başqa Göyçay, Ağdaş və Zaqatala şəhərlərində, habelə Əliabad kəndində sərrac dükanları mövcud idi. O dövrdə Azərbaycanın bəzi yaşayış məntəqələrində (Mərəzə, İvanovka, Yelenendorf) qoşqu ləvazimatı (xamut, qoşqu qayışları, cilov və s.) hazırlayan sərraclar da var idi. XIX əsrin sonlarına doğru Bakının sürətlə böyüməsi və şəhərdə faytonların sayının artması ilə əlaqədar olaraq, burada qoşqu ləvazimatı hazırlayan xüsusi sərrac emalatxanaları açılmışdı.