AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sandıq

Nümunənin reyestr kodu : ST0100000004

Azərbaycanda ağac məmulatı istehsalının qədim tarixi vardır. Yerli meşələrdə istehsal əhəmiyyətli ağac növlərinin – qarağac, palıd, göyrüş, vələs, çökə, dəmirağacı, zoğal, alça, yemişan, əzgil, şabalıd, qoz, fındıq, fıstıq və s. bitməsi bu sənət sahəsini materialla təmin etmişdir. Bu qiymətli xammaldan müxtəlif növ ev avadanlığı və mətbəx qabları hazırlanması geniş yayılmışdır. Keçmişdə hər bir azərbaycanlı ailəsinin ev məişətində istifadə edilən mətbəx ləvazimatını – çömçə, kəfgir, qaşıq, təknə, tabaq (hövsər), aşsüzən, qənd çanağı, qənddan, sandıq mücrü, nehrə, çanaq (qaqqa), yağdan, god, arı pətəyi, yuxayayan (dördayaq), oxlov, vərdənə, həvəngdəstə və s. yerli ağac ustaları hazırlamışlar. Yaşayış evlərində rəhil, sandıq və mücrü vacib məişət vasitələri idi.

Sandıq hazırlanması ağacişləmə sənətində ayrıca sandıqsaz peşəsinin yaranmsına səbəb olmuşdur. Sandıqsazlıq xüsusi peşə ustalığı, diqqət, səy və bacarıq tələb edir, bu peşə xalqın məişətində xüsusi rol oynamışdır.

Sandıq ağac materiallardan hazırlanan, qızıl, gümüş və digər zinət əşyalarının, paltar və parçaların saxlanması üçün istifadə olunan ağacişləmə nümunələrindəndir. Sandıqlar əsasən ağac materiallardan, bəzən isə metaldan hazırlanmışdır. Oyma və şəbəkə üsulları ilə işlənmiş sandıqlarda qiymətli əşyalar, sadə sandıqlarda isə taxıl, un və s. qida məhsulları saxlanılırdı. Hətta ticarətdə dəvə ilə yük daşımaq üçün yükün səciyyəsindən asılı olaraq, sandıqlardan istifadə edilirdi.

Sandıqlar ağacişləmə sənətində geniş yayılmış oyma və şəbəkə üsulu ilə hazırlanırdı. Oyma əsasən iki üsulla aparılırdı: birinci üsulda ağacın yalnız bir üzü işlənir, ikiüzlü oyma üsulunda isə ağacın iki üzü yonulur. Bu üsuldan sandıqla yanaşı, mücrü, qapı, darvaza, məhəccər və tağların düzəldilməsində istifadə edilirdi. Əmək alətlərinin və materialların təkmilləşməsi səbəbindən mücrü və sandıqların hazırlanması üsulları dəyişmiş, yeniliklər baş vermişdir. Sandıq hazırlanarkən taxtalar bir-birinə mismarlanır, dəmir (tənəkə) üzlüklə üzlənir, yaxud dəmirdən şəbəkə işlənir. Qırmızı boya ilə rəngləndikdən sonra sandığı üstü bəzədilir, içərisinə örtük vurulur.

Sandıqların əksəriyyətinin üstü zərif oyma naxışlarla bəzədilir. Sandıqlar ölçülərinə görə, fərqli olmuşdur: ən balacası 20x12 santimetr, orta 80x40 santimetr, böyüyü 100x50 santimetr ölçüdə idi. Bu ölçülər sifarişçinin istəyindən asılı olaraq dəyişirdi. Sandıqların bəzədilməsində zərənduz tikmə texnikası ilə bəzədilmiş örtüklərdən istifadə olunmuşdur.

Sandıqlar ağacişləmə ustaları tərəfindən buyurtma və bazarı üsulu ilə hazırlanmış, həftənin bazar günləri bazara çıxarılmış və sifarişlər qəbul edilmişdir. Yaxud da ayrıca sandıqsaz sexləri fəaliyyət göstərmişdir. Ustalar iki zirəzəli və üç zirəzəli cehiz sandıqlarını, mürəkkəb bəzəkli sandıqları sifarişlə hazırlamışlar.

Azərbaycan xalqının şifahi xalq yaradıcılığında, dünyagörüşündə sandıq maddi mədəniyyət nümunəsindən daha geniş anlamda qəbul edilir. “Qızı qundaqda, cehizi sandıqda”, “Gəlin sandıqsız olmaz” kimi məsəllərdən aydın görünür ki, sandıq gəlinin ən qiymətli avadanlıqlarından biri idi, hər evdə hər gəlinin öz sandığı olardı. Qız anadan olandan sonra anası onun adına aldığı cehizi ayrıca bir sandığa yığardı. El adətinə görə, ev əşyalarının çoxunu nişanlı qız özü hazırlayar, xalı, corab toxuyar, saatqabı, tənbəki kisəsi və s. tikərdi, sandığın içərisində mücrü də olardı.

Sandıqda ev sahibəsinə əziz olan əşyalar, ləvazimatlar saxlanılardı. Ev sahibəsi sandığı əzizləyər, qıfıllayar, cehizliyini yığar, ən müqəddəs və qiymətli əşyaları orada saxlayırdı. Sandıq həm də bir stul, oturacaq kimi istifadə edilərdi. Sandıq qadının ən sevimli avadanlığı olmaqla, ömrünün sonunadək ona məxsus olur, nəsildən-nəslə keçirdi. “Söz sandığa girməz”, “İnsanın dili sandıq, dodaqları qıfıl olmalıdır”, “Açaram sandığı, tökərəm pambığı” və s. kimi məsəllər çoxmənalılığı ilə diqqəti cəlb etməklə yanaşı sandığın gündəlik məişətdə əhəmiyyətini göstərir.

Azərbaycanın bütün bölgələrində sandıq vacib ev avadanlıqlarından biri olmuş, müəyyən mənada seyf rolu oynamış, qiymətli zinət və əşyaların saxlanması üçün istifadə edilmişdir. XX əsrin ikinci yarısından başlayaraq evlərin daxili səhmanında ciddi dəyişikliklər meydana gəlmiş, müxtəlif növ mebellərin ortaya çıxması ənənəvi sandıqları sıradan çıxarmışdır. Buna baxmayaraq, hazırda Azərbaycanın müxtəlif şəhərlərində bu peşəni yaşadan sənətkarlar fəaliyyət göstərirlər. Masallının Ərkivan qəsəbəsində Şərafət Əzizov, Şərurun Çərçiboğan kəndinin sakini Ülfət Novruzov, Qazax şəhərində Nofəl Qurbanov və başqa ustalar sandıq və mücrü hazırlanması ilə məşğuldurlar, onlar hazırladıqları sandıqları ilə ənənəvi peşənin yaşamasını təmin edirlər.