Səngqaldırma (daşoynatma)
Nümunənin reyestr kodu : FO0105000005
Zorxanada tamaşaçıların rəğbətlə qarşıladığı oyunlardan biri səngqaldırma və yaxud daşoynatmadır. Bu oyunda pəhləvanlar ovalşəkilli, ağır, bərk taxtadan hazırlanmış səngisino ("sinə daşı" anlamındadır) adlanan bir, iki, üç pudluq çəki daşlarına bənzər idman aləti ilə çıxış edirlər. Oyun idman daşlarını yuxarı atıb, sonra iki əllə tutmaqdan və başqa mürəkkəb hərəkətlərdən ibarətdir.
Daş qaldıran pəhləvan əvvəlcə hər əlində pudluq, sonra qoşa-qoşa pudluq daşlar qaldırır. Sonra həmin daşları atıb-tutmaqla şou göstərir, sinəsini, çiynini, kürəyini havaya atdığı daşların qabağına verərək onları itələyir, kənara atır. Daşoynatma oyununun ən maraqlı yeri pudluq daşları dişlə oynatmaqdır. Bu, çox çətin nömrədir və həmişə çox tamaşaçı toplayır. Bəzən belə də olur ki, bir pəhləvan həm əl üstə gəzir, həm də daşoynatma məharətini nümayiş etdirir. Belə tamaşalarda əvvəlcədən proqram hazırlanır və xüsusi müşayiətçi tərəfindən göstəriləcək nömrələr sadalanır. Bu elanlar daha çox tamaşaçı toplamaq üçün edilir.