Sarı gəlin
Nümunənin reyestr kodu : FM0203010003
Azərbaycan, Ərzurum yörəsinə aid türk xalq mahnısı “Sarı gəlin”in mənşəyi müxtəlif rəvayətlərlə, hadisələrlə əlaqələndirilir. Mahnının mifoloji görüşləri əks etdirməsi onun tarixini daha qədimlərə aparır.
Türk mifologiyasında Ak Ana həyatın, gözəlliklərin, yenilənmənin başlanğıcını rəmzləşdirən ulu varlıq, mələk xüsusiyyətli ilk qadındır. İşıqdan yoğrulan həmin surət Altay inanclarına görə tanrı Ülgenə yaratma qüdrəti, ilhamı vermişdir. Ondan törəyən hami ruhlardan biri Umay (Humay) anadır ki, onunla Ülgen arasındakı münasibətlər bir çox mifoloji görüşlərin, inancların əsasında durur. Xakasların qədim təsəvvürlərinə görə, bütün insanlar onlardan yaranıb. Umay ana Sibir, Orta Asiya türk xalqlarının arxeoloji, etnoqrafik məlumatlarında qızılı saçlı, ağ donlu, antropomorfik görünüşlü, quş cildində, qanadlı qadın şəklində təsvir olunur.
Sarı qız haqqında təsəvvürlər də həmin inanclar sisteminə daxildir. Kumandin ovçuluq əfsanələrində “Taqnınq ezi Sarı kıs” (Dağ əyəsi Sarı qız) adlanan həmin surət haqqında təsəvvürlər Anadoludan başlayaraq Qafqaz, Türküstan, Altay bölgələrində yayılmış, qazax, qırğız, başqırdlarda eyni adlı ruhun varlığına inanılmışdır. Ülgenin qızı Ayzıt qəbul edilən Sarı qızı türkmənlər Sarı Saltuqla əlaqələndirir və onu meşənin əyəsi, qoruyucu ruhu hesab edirlər. Afyon-Qarahisarda, Mudurnunun Gəncək kəndi yaxınlığında Sarı qız adlı qaya, Təkirdağda eyni adlı pir, sitayiş yeri vardır. Orta Asiya türklərinin ənənəvi inanclarında Sarı qız dağ ruhu olduğu qədər yarğanların, suya yaxın yerlərin əyəsi də sayılır. Şamanlar onlara vergi verilməsini birbaşa Sarı qızın ruhuna bağlayırlar.
Mifoloji təsəvvürlərdə adi insanların qadın mənşəli hami ruhlarla evlənməsi qadağan olunmuşdur, lakin sonrakı dövrlərdə mifoloji təbəqənin zəifləməsi, hadisələrə gerçəklik donu geydirilməsi nəticəsində belə vəziyyət adi hal alır. Mifoloji təbəqə tam itdikdən sonra xalq yaddaşı şüuraltı səviyyədə keçmiş toxunulmaz ideallarını öz gündəlik tələblərinə uyğunlaşdırır. Eyni hal başqa xalqların mifologiyasında da baş vermişdir. Məsələn, yunan-roma mifologiyasında qadın mənşəli allahlar, hami ruhlar qədim dövrdə inanc, sitayiş hədəfləri idilər. Xristianlığın qəbulundan sonra onlar artıq öz əvvəlki əhəmiyyətlərini itirmiş, müasir dövrdə isə gözəllik ideallarına, estetik zövq rəmzlərinə, qadın adlarına çevrilmişlər. Sarı qız surəti də qədim qoruyucu mifoloji əsaslarını itirdikdən sonra tədricən xalq yaddaşında, məşhur mahnının süjetində dəlicəsinə sevilən gözəl qıza çevrilmişdir. Mətndə aşiq sevgilisinə “Səni mənə verməzlər...” deyir. Burada əsl məhəbbət zamanı yaranan paklıqla, saflıqla, gücsüzlüklə yanaşı şüuraltı səviyyədə artıq türklərin genində kodlaşmış mifoloji Sarı qızın toxunulmazlığına işarə olunur.
Sarı gəlin adındakı sarı rəng anlayışının xüsusi vurğulanması da təsadüfi deyil. Mifoloji şüur dövründə hər bir tayfanın, etnik birliyin fərqli onqonu, totemi olmuşdur. Makro halda mahiyyətcə uyğun baxış böyük genetik-etnik dünyanın, irqin ruhunu oxşayan, xeyirxah qəbul etdikləri rənglərə münasibətdə mövcud idi. Ural-altay xalqlarının mifoloji görüşlərində ağ, sarı, göy rəngləri daha xeyirxah sayılırdı.Onların dünyabaxışına görə günəş tanrının ruhu, sarı rəngi, ağ şüaları onların əsas irqi özəlliklərinin təməli qəbul edilirdi. Sarı rəng həm də ural-altaylarda genetik xüsusiyyət kimi sarı-monqoloid irqinə aid olmalarında da özünü qoruyur. Ural-altay xalqlarının mifologiyasında, inanclarında mühüm əhəmiyyət daşıyan qadın mənşəli hami ruhların müqayisəsindən bəlli olur ki, onlar daha çox sarı uzun saçlı, ağ donlu görkəmdə təsvir olunurlar. Belə hal qədim mifoloji görüşə görə günəşin sarı rənginin, ağ şüalarının birliyini yaradır. Sarı gəlində də həmin rəng, ruh, gözəllik anlayışı qorunub.
-
"Sarı gəlin" mahnısının ural-altay qaynaqları
Tahir Nəsib
2016
-
“Sarı gəlin” mahnısının tarixi
Hikmət Babaoğlu
2012
- Biblioqrafiya və tərtibçi