Satıl
Nümunənin reyestr kodu : ST0702000020
Satıl tipoloji baxımdan su-ağartı qabı sayılır. Su, süd, ayran, şərbət, gülab və s. məhsulları saxlamaq, daşımaq üçün müvafiq formalı maye qablardan biridir. Keçmişdə həm kənddə, həm şəhərdə bütün ailələrin gündəlik məişətində geniş istifadə olunmuşdur. Aşağısı armudu formada, ortası nisbətən daralmış ağzı gen olan satıl böyük, kiçik və orta ölçülərdə hazırlanmışdır. Satılın ağzına qulpun keçirilməsi üçün qarmağa bənzəyən halqa lehimlənib bərkidilirdi. Formaca vedrəyə bənzəyən, lakin qarnıbatıq olan qulplu satılın üstü ənənəvi naxışlarla bəzədilir, yazılı və yazısız olurdu.
Satılın hamam və şərbət üçün nəzərdə tutulan növləri xeyli böyük olub forma etibarı ilə bir-birindən fərqlənirdi. Hamam satılı qapaqlı olub ağzı qıfıllanırdı və maye qabı deyil, etibarlı dəmir sandıq rolunu oynayırdı. Qapaqlı və qıfıllı satıl hamama gedən qadınların öz zinət əşyalarını qoyması və qoruması üçün istifadə edilirdi. Bəzən camda göy gilabı isladıb, satılın içərisində hamama aparılardı.
Toy məclislərində genağızlı böyük satıllara şərbət töküb fincanlarda qonaqlara paylanılırdı. Bu halda o, “şərbət qabı” adlanırdı. Xüsusi şərbət qaşığı və şərbətxor çömçəsi vasitəsilə şərbət piyalələrə və xalq arasında “şərbəti” adlanan kiçik həcmli qablara tökülərək paylanırdı. Satıla bənzəyən digər bir qab isə sərnic idi, lakin bu qab qulplu düzəldilirdi.
Satıl digər mis məmulatları kimi, ənənəvi üsullarla istehsal edilirdi. Misgərlikdə məmulatın formasından (dayaz və ya dərin), ölçülərindən və mürəkkəbliyindən asılı olaraq mis təbəqə dəfələrlə qızdırılıb yenidən döyülür, sonra “lavaşa” adlanan nazik təbəqə formasını alırdı. Qalın divarlı, mürəkkəb quruluşlu qabların istehsalı zamanı isə lavaşa əlavə texnoloji proseslərə məruz qalırdı. Bu səbəbdən satıl kimi dərin qabların istehsalı “izafə” adlanırdı. İzafə iş zamanı qabın hissələrinə uyğun olaraq lavaşa döyülüb çökək hala salınır, sonra “pəsdaha edilirdi”. Bir qayda olaraq satıl kimi dərin qablar bir neçə hissədən (dib, orta, boyun, qulp və s.) ibarət hazırlanandan sonra bir-birinə calaşdırılırdı.
Mis satılın ayrı-ayrı hissələri zindan üzərində döyülüb formaya salınandan sonra “calğa” adlanan həmin hissələrin kənarı gaz vasitəsilə doğranıb dilimlənirdi. Calğaların “dəndə” adlanan qıraq dilimləri “içəri-geri” olmaqla əyilib qatlanırdı. Bundan sonra calğa dəndələri bir-birinə keçirilərək ağız-ağıza birləşdirilir və zindan üzərində tapun ilə tapdanıb aşağı yatızdırılırdı. Bu əməliyyat başa çatandan sonra calğaların calaqları lehimlənib bir-birinə birləşdirilirdi.
Lehimləmədən sonra mis satıl çarxa verilərək səthindəki çəkic izləri itirilirdi. Mis satıl çarxa verildiyindən “çarxı” qab adlanırdı. Belə izafə qablar paxır verməsin deyə, gündəlik tələbat üçün nəzərdə tutulan satıllar ən azı ildə bir dəfə qalaylanırdı. Cehizlik, evlərin daxili interyerinin bəzədilməsi üçün istehsal olunan satılların üstü bəzədilirdi. Digər mis qablar kimi satılı da “həkkak”lar naxışlayırdı. Mis satılların üzərindəki kitabələrdə müqəddəs Qurani-Kərimdən ayələr, müqəddəslərin adları, klassiklərin əsərlərindən şeir parçaları, qab sahibinin, nadir hallarda isə ustanın adı, istehsal tarixi, müxtəlif naxış və təsvirlər (buta, yarpaq) həkk olunurdu.
Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunan ən qədim mis qab nümunəsi Arxeologiya Fondunda saxlanılan Əliköməktəpədəki (m.ə. III minillik) torpaq qəbirdən tapılmış orta tunc dövrünə aid qazandır. Maraqlıdır ki, bu qazan XX əsrin ortalarına kimi xalqın geniş istifadəsində olmuş sərnic və satılların oxşarıdır.
Orta əsrlərdə Azərbaycan ustaları çoxsaylı məişət əşyası və ev avadanlıqları (dolça, satıl, sərnic, aftafa, məcməyi, sərpuş, güyüm və s.) hazırlayırdılar. Bu dövrdə Təbriz, Ərdəbil, Marağa, Salmas, Bərdə, Beyləqan, Dərbənd, Şamaxı, Şəki, Gəncə, Bakı, Naxçıvan, XVIII əsrdən etibarən isə Quba və Şuşa şəhərləri mis məmulatı istehsalının başlıca mərkəzinə çevrilmişdir.