AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sığırxana

Nümunənin reyestr kodu : DA0202000017

Azərbaycan xalqının yaşayış məskənləri tarixən yaranmış daimi (kənd) və müvəqqəti (qışlaq, yaylaq, oba, şenlik, sığırxana, yataq, binə, yurd, düşərgə, dəkkə, dəngə, yaylaq və s.) tiplərdən ibarət idi. Sığırxana, yataq, binə daha çox qışlaq mövsümi məskəni, oba, şenlik, yurd, dəkkə, dəngə, düşərgə isə daha çox yaylaq mövsümi məskəni sayılır. Qışlaq sığırxana, yataq və yaşayış tikililərindən ibarət müvəqqəti yaşayış məskəni olmuşdur. Qışlaq dedikdə həm mal-qaranın qış aylarında saxlandığı yer, həm də maldarların qışlaqda müvəqqəti yaşayış məskəni nəzərdə tutulur. Bəzi hallarda qışlağı ifadə etmək üçün “sığırxana” sözü işlədilmişdir. Əksər hallarda sığırxana sözü daimi yaşayış məskəninin yaxınlığında yerləşən təsərrüfat tikilisi kimi başa düşülmüşdür.

Qışlaq yaşayış məskənləri iki cür olurdu: sığırxana və yataq. Sığırxanada iribuynuzlu mal-qara, yataqda isə xırdabuynuzlu heyvan saxlanılırdı. Yataq yaşayış evlərindən bir qədər kənarda, sığırxana isə yaxınlıqda yerləşirdi. Həm yataq, həm sığırxana, adətən, güney tərəfdə inşa edilirdi. Sonralar maldar ellərin tədricən oturaq həyata keçməsilə əlaqədar olaraq qışlaqların bir hissəsi daimi yaşayış məntəqələrinə çevrilmişdir.

Qışlaq digər müvəqqəti yaşayış məskəni tiplərindən daimiliyi ilə fərqlənirdi, kəndə keçidin son mərhələsi sayılırdı. Bu mərhələdə isə qışlaq tikilililəri, o cümlədən sığırxana tədricən kənd yaşayış məskənlərinin ərazisinə daxil olurdu.

Yaylaq-qışlaq şəraitində heyvan sürüləri bəsləməklə məşğul olan elat obaları “sığırxana”, “yataq”, “binə” və s. adlarla bəlli olan qışlaqlarda qoyun sürüləri bəsləmək üçün ağıl, vana, kəriskə, banıstan, küz, göyəbaxan (kora), iribuynuzlu mal-qara saxlamaqdan ötrü pəyə, tövlə, sığırxana, at ilxısı və dəvə qatarı üçün basdaray, qərəb və s. tikirdi. Bundan əlavə yaylaqda heyvanların gecələməsi üçün arxac yeri seçir və ya qalaq düzəldirdilər.

Qışlaqlarda tövlə əvəzinə “sığırxana” və ya “gəmrə” adlanan uzun mal qazması tikərdilər. Lakin onun çalası xeyli dayaz (0,5-1 m dərinlikdə) qazılırdı. Mal qazmasının ölçüsü mal-qaranın sayından asılı olaraq, böyük və ya kiçik olurdu. Bəzi bölgələrdə sığırxana dedikdə elə tövlə başa düşülmüşdür. Lakin sığırxana dedikdə, bir-iki deyil, sayca daha çox qaramalın saxlanıldığı iri tövlə, qazma nəzərdə tutulurdu. Sığır tövləsi naxır üçün nəzərdə tutulur, bir neçə hissədən (axur, buzovluq, düyəlik, sağmal inəklərin saxlandığı hissə) ibarət olurdu, sığırxananın yaxınlığında ot tayası yığılırdı.

Daimi yaşayış məskənlərində qaramal tövlələrdə saxlanılırdı, bəzən bu tövlələrə də “sığırxana” deyilirdi. Sığırxanalar yaşayış yerlərindən çox da aralı tikilmirdi. Şəki-Zaqatala zonasında iribuynuzlu mal-qara yay mövsümündə xalxalda saxlanılırdı, malabaxanlar isə iri daşlardan hörülmüş “daşqura dəyə”lərdə yaşayırdılar. İndiki dövrdə kənd yerlərində mal damı kəndli həyətlərində, yaxud həyətə bitişik bağlarda yerləşir, bütün mövsümlərdə mal-qara damda saxlanılır, lakin isti günlərdə damın qapı və pəncərələri açıq saxlanılır, belə damlarda bir neçə baş qaramal saxlamaq mümkün olur.

Müvəqqəti səciyyəli məskən növləri köçmə təsərrüfatla məşğul olan maldarlara məxsus olub, sonralar oturaqlaşma prosesinin güclənməsi nəticəsində onların əsasında bir sıra törəmə kəndlər yaranmışdır. Həm də törəmə kəndlər bilavasitə qışlaqlardakı binə, qazma, sığırxana, yataqlar əsasında əmələ gəlirdi. Bunun səbəbi isə, hər şeydən öncə, qışlaqların təsərrüfat üçün yararlı daimi torpaq fonduna – əkin və hənd sahələrinə malik olması ilə əlaqəli idi.

Sığırxana təkcə qışlaq yaşayış məskəninin tikilisi olmayıb, eyni zamanda oturaq əhalinin iribuynuzlu qaramal saxladığı tövlələr idi. Azərbaycanın bölgələrində “inək” sözü ilə yanaşı sığır və bu sözdən yaranan “sığırçı”-naxırçı, “sığırxana”-mal tövləsi-mal damı işlədilir. “Kitabi-Dədə Qorqud” dastanlarında bu söz “sığır damı” şəklində işlədilmişdir: “Gördi kim, oğrı köpək, yekə tana evini bir-birinə qatmış, tauq komasına, sığır tamına dönmüş”. Sığırxanalar sonrakı inkişaf nəticəsində daimi yaşayış məskəninə çevrilmişdir. Azərbaycanın bəzi bölgələrində bu ad kompenentini saxlayan çoxsaylı toponimlərə rast gəlinir.