Sürütmə, xizək (kirşə), əl arabası
Nümunənin reyestr kodu : DA0203010002
Müxtəlif növ təkərli nəqliyyat vasitələrinin meydana gəlməsinə baxmayaraq, sürütmə, kirşə, xizək, əl arabası kimi ənənəvi nəqliyyat vasitələri uzun müddət təsərrüfat və məişət əhəmiyyətini saxlaya bilmişdir. Sürtmənin “çəpə”, “xizək”, “kirşə” kimi təkmilləşdirilmiş növləri olmuş, qoşqu heyvanı qoşulmuşdur.
İnsan qüvvəsi ilə hərəkətə gətirilən ən qədim yükdaşıma qaydalarında biri “əl sürütməsi”dir. Bu sadə nəqliyyat vasitələrinin tarixi ibtidai icma quruluşu dövrünə aiddir. Əl sürütməsi əməli əhəmiyyətini indiyədək qoruyub saxlamışdır. Bir neçə budağın bağlanması ilə düzəldilən “əl sürütməsi” ilə ot, odun, dərz, çırpı daşınırdı. Sürütməni ilk vaxtlar insanlar özləri çəkmişlər. İnsan qüvvəsi ilə hərəkətə gətirilən ən qədim yükdaşıma qaydalarından biri olan “əl sürütməsi” təkmilləşdirilək qoşqu heyvanları vasitəsilə sürütmə ilə əvəzlənmişdir.
Əsasən Azərbaycanı dağlıq bölgələri üçün xarakterik olan sürütməni düzəltmək üçün bir neçə iri budağın yoğun başlarını bir-birinə bağlayıb, üstünə müxtəlif yüklər (ot, odun, dərz, çırpı) yığırdılar. Sonra sürütməni zəncirin və ya koğanın köməyi ilə öküz qoşulmuş boyunduruğa bağlayırdılar. Öküz sürütməni istənilən yerə dartıb aparırdı. Arabaya çətin qaldırılan və ona yerləşməyən tikinti materialları da (kərən, dirək) bu üsulla daşınırdı. Yükün ağırlığından asılı olaraq boyunduruğa 2 öküz qoşurdular. Sürütmə üsulunun geniş yayılmış növlərindən biri vəl olmuşdur. Öküz və ya ata qoşulmuş vəl ilə xırmanda taxıl dərzinin döyürdülər.
Quruluşuna görə daha çox xizəyə yaxın olan “çəpə” yağışlı-palçıqlı havada yük daşımaq üçün ən münasib nəqliyyat vasitəsi idi. O, qabaq ucları təbii olaraq yuxarıya qatlanmış iki paralel qoyulmuş ağacdan ibarət idi. Çəpənin paralel qollarını qabaq və arxa döşəmələri bir-birinə birləşdirirdi. Döşəmələrin arasına çubuqdan hörülmüş şəpərə qoyulurdu. Dəmirağacında hazılanmış paralel qolları əhali “əyri” adlandırırdı. Çəpəni dartmaq üçün qabaq döşəməyə və ya əyriyə ciyənin (tənək çubuqlarından hazırlanan ciyə qoşquda irəşmə-kəndir rolunu oynayırdı) köməyilə qoşqu heyvanı qoşulurdu. Çəpənin yük tutumunu artırmaq üçün paralel qollara bir-birindən 30 sm aralı cağlar keçirilir, üzərinə beçə qol taxılırdı. Dəmirağac, fındıq, heyva və s. ağaclardan düzəldilmiş çəpə xeyli yüngül konstruksiyaya malik idi. Çəltik dərzlərini daşımaq üçün əvəzedilməz nəqliyyat vasitəsi idi. Qoşqu heyvanı vasitəsilə hərəkətə gətirilən çəpədən fərqli olaraq əl çəpəsi xeyli kiçik ölçüdə düzəldilirdi.
Əhalinin təsərrüfat məişətində daha ağır yükləri daşımaq üçün sürütməni təkmilləşdirilmiş formasından biri xizək olmuşdur. Xizəyin ən qədim və ən sadə forması iki budağı olan haçalı ağacdan düzəldilirdi. Bunun üçün xırda budaqlar təmizləndikdən sonra haçaların arasına “atmalar” (zolalar) bərkidilir, ağacın haçalı ucu hərəkət zamanı yerə ilişməsin deyə, çəp şəkildə kərtilib orada deşik açılırdı. Deşiyə bənd edilmiş ip və ya zəncirin digər ucunu boyunduğa bağlayırdılar.
Xizəklər vasitəsilə daşınan yükün həcmini artırmaq məqsədilə sonralar onu xeyli təkmilləşdirmişlər. Belə xizəklər, adətən, səliqə ilə yonulmuş və ucları kərtilmiş bir cüt eyni ölçülü paralel qollardan ibarət olur, bağlamalar vasitəsilə bir-birinə bənd edilir, üzərinə cağ və tar keçirməklə çardaq qurulurdu. Xizək düzəltmək üçün əsasən qarağac, iydə, yemişan və s. ağaclara üstünlük verilirdi. Quruluşlarında o qədər böyük fərqlər olmasa da, xizək Azərbaycanın ayrı-ayrı ərazilərində müxtəlif terminlərlə – Masallı və Lənkəranda “havza”, Kürdəmir və Ağsuda “kəriskə”, Şamaxı, Quba, Qusar və İsmayıllıda isə “kirşə” və ya “xizək” ilə ifadə olunmuşdur:
Azərbaycanı Şamaxı, Quba, Qusar və bir sıra digər rayonlarda yayılmış xizək formalarından biri, möhkəm ağac materiallarından hazırlanmış kirşədir. Kirşəni düzəltmək üçün əvvəlcə “kirşə tayları” və ya “kirşə ayaqları” adlanan hissələr düzülür, onlar birbirinə paralel olaraq ağaclar vasitəsilə birləşdirilirdi. Kirşənin çardağı qollar üzərində qurulur, ağac döşəmələrə bərkidilirdi. Kirşə boyundurğa “cunu” adlanan dişlə vasitəsilə qoşulurdu. “Cunu”nu düzəltmək üçün lazımi ölçüdə kəsilmiş ağacın müvafiq hissəsini qayışla möhkəm sıxır, onu bağlanmış yerə kimi balta ilə cırıb haçalayırdılar. Sonra onun haçalı uclarında kiçik deşiklər açılırdı. “Cunu”nun haçalanmış ucları kirşə taylarının arasına qoyulur və “cunu ağacı” vasitəsilə bərkidilirdi. “Cunu”nun uc hissəsindəki deşiyə ağacdan hazırlanmış “eşşək” adlanan hissə taxılır. Boyunduruq “eşşək”lə “cunu” arasına qoyulub “baş ağacı” ilə bərkidilirdi. Kirşə düzəltmək o qədər də çətin deyildi. Dülgərliklə az-çox məşğul olan hər bir kəs bunun öhdəsindən gələ bilərdi. Kirşə ilə 500-600 kq yük daşımaq mümkün idi. Yolun vəziyyətindən və yükün ağırlığından asılı olaraq kirşəyə 1-2 cüt kəl və ya öküz qoşulurdu. Ayrı-ayrı işlərə işlədilməsindən asılı olaraq kirşə müxtəlif adlarla adlanırdı: “təzək kirşəsi”, “dərz kirşəsi” və s.
Sürütmədən Azərbaycanın dağlıq və meşəətrafı rayonlarında indi də istifadə olunur. Onun “çəpə” adlanan təkmilləşdirilmiş formasından XX əsrin 50-60-cı illərinə qədər Lənkəran-Astara bölgəsində istifadə edilmişdir. Şimal ölkələri üçün xarakterik olan at, maral, it və s. vasitəsilə hərəkətə gətirilirdisə, Azərbaycanda xizəyə bir cüt kəl və yaxud öküz qoşurdular.