Sapand
Nümunənin reyestr kodu : ST0703000013
Sapand ən qədim silah növlərindən biridir. Neolit dövründə meydana gəldiyi güman edilən sapand üç hissədən – daş qoyulan “aya” və hər tayının uzunluğu bir metrə çatan bir cüt hörmə “qol”dan ibarət hazırlanırdı. Qədim dövrdə sapandın qolu və enli “aya”sı lifli bitkilərdən, elastik ağac sıyrımından, sonralar isə yun və aşınmış dəridən hazırlanırdı. Qədim və orta əsrlər hərb sənətində kütləvi səciyyə daşıyan yaraq növləri arasında atma silahlar sayılan yay-ox, nizə ilə yanaşı sapand da mühüm yer tutmuşdur.
Adətən sapandı kişilər toxuyurdu. Bunun üçün yunu didir, 15-20 sm uzunluqda hamar çubuqlara sərməklə ip hazırlayırdılar. Sapand ayası (daş qoyulan yer) toxunarkən əvvəlcə bütün iplər üç tağ edilərək (1,5 sm uzunluqda) hörülür, sonra tağların sayı tədricən 15-dək çatdırılırdı. Bu iş başa çatandan sonra tağlar əvvəlki nisbətdə azaldıla-azaldıla əks istiqamətdə toxunurdu. Sapandın qolları ya ayrıca toxunub tikilir (bənd edilir), ya da gövdə ilə birlikdə toxunurdu. Bir çox hallarda sapand aşılanmış dəridən hazırlanır, özünün möhkəmliyi ilə seçilirdi.
Sapandın bir qolunun ucunda barmaq üçün ilgək olur. Sapand daşını atmaq üçün həmin ilgəkli ucu sağ əlin şəhadət barmağına keçirib, digər ucunu əldə tutur və ayasına qoyulmuş daşı baş üzərində bir neçə dəfə fırlatdıqdan sonra ilgəksiz qolunu sərbəst buraxırdılar. Bunun nəticəsində daş sapandın ayasından çıxır və süzüb uzaq məsafəyə düşürdü. Döyüş zamanı sapandın o biri ucundakı düyün sıxılaraq başın üzərində, yandan şaquli müstəvidə fırladılır, fırlanma sürəti yığandan sonra ipin düyünlü ucu buraxılırdı. Bəzi hallarda sapandın qolunun uzunluğu adam boyuna uyğun gəlirdi. Sapand daşının uzağa atılmasında uzun boylu adamlar xüsusi ilə seçilirdi.
Azərbaycanın qədim və antik dövrə aid arxeoloji abidələrindən (Mingəçevir, Şamaxı, Nüydi, Qırlar, Uzunboylar adlı yaşayış yerlərindən, habelə Qəbələ, Quba, Şəmkir, Lənkəran və Lerik rayonlarındakı nekropollardan külli miqdarda soyuq silah və əsləhə növləri – qılınc, xəncər, yay-ox, nizə, mizraq (cida), cəng yabası, sapand daşları, ikipərli nizə ucluqları, kəməndsalan, kəməndqaytaran, habelə bir sıra müdafiə ləvazimatı – dəbilqə, cövşən, qolçaq, qalxan və s. tapılmışdır. Arxeoloji qazıntılardan çoxsaylı sapand daşlarının tapılması uzaq məsafədən düşməni və ya ovu hədəfə götürə bilən sapandın hələ qədim zamanlardan geniş yayıldığını, Orta əsrlərdə də döyüş silahı dövriyyəsindən çıxmadığını göstərir.
Sapand haqqında “Kitabi-Dədə Qorqud” dastanında (“Salur Qazanın evinin yağmalanması” boyu) bəhs edilir. Salur Qazanın çobanı Qaracuq ağasının evini yağmalamağa gələn düşmənə qarşı üç yaşarlıq dana dərisindən hazırlanan sapand vasitəsi ilə mübarizə aparır. Daş qurtarandan sonra sapandın ayasına qoyun, keçi qoyub atır. “…Qaraca çoban hövlənak ayağa durdu. Qabangücü və Dəmirgücü adlı iki qardaşını yanına çağırdı. Ağılın qapısını bərkitdi. Üç yerdə təpə kimi daş yığdı, ala qollu sapandını əlinə aldı”. Yaxud, “Çobanın sapandının daşlığı üçyaşar dana dərisindən, sapandının qolları isə üç keçi tükündən düzəlmişdi. Sapandın çatısı bir keçi tükündən idi. Hər atanda on iki batman daş atardı. Atdığı daş yerə düşməzdi. Yerə düşsə də, toz kimi sovrular, kül kimi ovulardı. Üç ilədək daşının düşdüyü yerin otu bitməzdi. Bayırda kök qoyun da, arıq toğlu da qalsaydı, sapandın qorxusundan qurd gəlib yeməzdi. Sultanım, Qaraca çoban çatan kimi, sapandını işə saldı. Dünya-aləm kafirin gözündə qaraldı”.
Bu ibtidai silah növü uzun əsrlər boyu əhəmiyyətini saxlaya bilmiş, tədricən oyun, güc-qüvvə sınağı vasitəsinə çevrilmişdir. XX əsrin 70-80-ci illərində Abşeronda “zoppan” adı ilə tanınan sapand uşaq əyləncə vasitələrindən biri idi. Təxminən 70-80 metr uzunluğunda ipin hər iki ucuna 600-700 qramlıq daş bağlayırdılar. Atmaq istəyərkən daşın biri əldə ikən, o biri daş havada üfiqi istiqamətdə möhkəm fırladılır. Bundan sonra əldəki daş ilə birlikdə hər iki daş hədəfə doğru atılır.
-
Qarabağın elat dünyası
X.Xəlilov
1992
-
Azərbaycanın maddi mədəniyyət tarixi
Arif Mustafayev
2009
- Tərtibçi və biblioqrafiya