Simurq quşu
Nümunənin reyestr kodu : DR0203000014
Şərq xalqlarının mifologiyasında adı keçən əfsanəvi quşdur. Ərəblərin Anka, iranlıların Simurq adlandırdığı bu quş türk coğrafiyasında Simürğ, Zümrüd, Zümürdü-anka, Samurık, Zumuruk, Semuruk, Sumıray adlarıyla tanınır. Qaf dağında yaşadığına, qanadlarının hər birinin bir rəngə çaldığına inanılır. Həddən artıq iri cüssəli təsvir olunan bu quş uçduğu zaman qanadları Günəşin qabağını tutur və göy üzü qaranlığa qərq olur. Qanadlarını çırpanda mələklər onun səcdəsinə durur. Uçarkən sel səsi və ya göy gurultusuna bənzər səs çıxarır. Olduğu yeri nura qərq edir. Həddindən artıq parlaq olduğundan insanlar çılpaq gözlə ona baxa bilmir. Simurq quşunun o dünyada və ya dənizin ortasındakı cəzirədə bitən ağacın başında yuva qurduğu, orada yaşadığına inanılır. Köməyə ehtiyac olanların dadına çatdığı, onun tükü sürtülən yaranın tez şəfa tapdığı söylənilir. Hətta bir mətndə Simurq quşunun Süleyman peyğəmbərlə mübahisə etdiyi və mübahisəni uduzduğu üçün utandığından Qaf dağının arxasında dimdiyini yerə sancdığı deyilir.
Nağıllarda əjdahanın Simurq quşuna düşmən kəsildiyi, hər il onun yeni doğulan balalarının yediyi, ona görə Simruq quşunun bala üzünə həsrət qaldığı deyilir. “Məlikməmməd” nağılında qəhrəman əjdahanı öldürüb onun balalarını xilas etdiyi üçün quş bu yaxşılığın qarşılığında onu işıqlı dünyaya çıxarır.
Şərq xalqlarında Simurq quşu həm yaxşı, həm də pis xarakterli quş kimi təsvir olunur. Azərbaycan folklorunda isə Simurq quşu bir qayda olaraq xeyirxah, insanlara kömək edən, qəhrəmanla birlikdə şər qüvvələrə qarşı mübarizə aparan bir quş kimi təsvir olunur. Simurq quşu adətən köməçi rolunda çıxış edir. “Siman” nağılında ağacın altında ölümə tərk edilən uşağı məhz Simurq xilas edir, onu öz himayəsi altında böyüdür. Döyüş zamanı qəhrəmanı yaraq-yasaqla, atla təmin edir, qəhrəman dara düşdükdə onun köməyinə çatır. Yeməyinə bihuşdarı qatılmış Siman onun sayəsində ölümdən xilas olur.
Simurq sözünün mənasına gəldikdə bəzi tədqiqatçılar onu “si mürğ” (otuz quş), bəziləri “siyah mürğ” (qara quş), bəziləri isə itbaşlı təsvir olunmasından çıxış edərək “səg-mürğ” (it-quş) deyə izah etməyə çalışmışlar. Simruq quşunu Midiya əfsanələri ilə əlaqələndirən M.Təhmasib onun adının “sem” və “rux” sözlərindən yarandığını və ayın obrazlaşdırlmış surəti olduğunu yazır. Zümrüd kəlməsinin də Simurq sözündən törədiyi, s və x səslərinin müvafiq olaraq z və d səsləri ilə əvəz olunması nəticəsində yaradığını qeyd edir. Bəzi tədqiqatlarda Simurq quşunun təbiət hadisələrinin obrazlaşdırılması nəticəsində yarandığı, xeyirxah Simurqun bərəkət gətirən yağış buludlarının, pis xarakterli Simurqun isə fəlakət gətirən buludların obrazlaşdırılmış təsviri olduğu söylənilir. Tədqiqatçılar Simurq quşunun türk coğrafiyasındakı adlarının fars mənşəli olduğunu və bu adın qonşu xalqlardan alınmış ola biləcəyini ehtimal edirlər. Bununla belə, Simurq quşunun bir obraz olaraq türk xalqlarında çox qədimdən var olduğu, dastan və nağılların strukturunda özünə möhkəm yer tutduğu söylənilir.
Tədqiqatçılar Simurq quşu ilə Şumer-Babil mifologiyasındakı tanrı İannanın bağçasındakı müqəddəs ağacda yuva qurmuş Anzu quşu arasındakı bənzərliklərə dayanaraq bu əfsanələrin Şümer mənşəli olduğu qənaətindədirlər. Şumer mətnlərində Gilqamış ağacın gövdəsinə sarılan ilanı öldürür, amma ağacın gövdəsində yuva qurmuş vampiri qaçırtdıqdan sonra Anzu quşu balasını götürərək dağlara çəkilir. Həmin motiv Azərbaycan nağıllarında ağacın gövdəsinə dolanaraq Simurq quşunun balalarının yemək istəyən əjdahanı xatırladır. Gəlinən qənaətə görə, şumerlərdən Mərkəzi Asiyaya keçən bu təsəvvürlər İran vasitəsilə Orta Asiyaya, Cənubi Sibirə və Hindistana qədər geniş bir ərazidə yayılmışdır.
Simurq quşundan təsəvvüf ədəbiyyatında həm də təşbeh və təmsil kimi istifadə olunmuş, gözlə görünməyən, gizli nə varsa onunla qarşılaşdırılmışdır. Adının var olub özünün olmaması, həm çoxluq, həm də təkliyi özündə birləşdirməsi ilə əlaqədar o, Allahla müqayisə olunmuşdur. Qaf dağında yaşamasına, ovlanmasının zor olmasına dayanaraq şairlər adı hər kəsə məlum olan, lakin gözlə görünməyən məşuqu ona bənzətmişlər.
-
Əfsanəvi quşlar
Məmmədhüseyn Təhmasib
-
Divan şiirinin mitolojik kuşlari: Hüma, Anka ve Simurg
H. Dilek Batislam
-
Anadolu ve Balkan türklerinin halk anlatmalarında mitolojik bir kuş: Zümrüdü Anka
Ali Duymaz
1998
- Bibioqrafiya və tərtibçi