Simvol və ornamentlər
Nümunənin reyestr kodu : DR0100000001
Simvollar nədir və həyatımızda onlar nə kimi rol oynayır? Nə üçün real həyat gerçəklikləri simvol şəklində şifrələnmişdir? Əski insan lap qədim dövrdən müşahidələr aparmış, gerçəkliyi dərk etməyə çalışmışdır. İnsan gerçəklik hadisələrini bir qəlib kimi, bir forma kimi qavramışdır. Müşahidələr yolu ilə insan beyni gerçəkliyi özünəməxsus şəkildə dərk etmiş, hifz edib daşlaşdırmış və bu informasiyanı nəsildən-nəslə ötürmüşdür. Bu informasiya Azərbaycan folklorunda, mədəniyyətin müxtəlif sahələrində öz əksini tapmışdır.
İnsanın dünya haqqında təsəvvürlərini əks etdirən simvollar zaman keçdikcə yeni çalarlar da qazanır. Belə ki, eyni simvol müxtəlif mədəniyyətlərdə müxtəlif mənalar daşıyır. Məsələn, udilərdə gəlin yola düşəndə yolu uğurlu olsun deyə dalınca mütləq təmiz su atılır. Ancaq talışlarda gəlin köçəndə qızın dalınca su atmazlar, çünki su tez qayıtmaq anlamına gəlir. Onun əvəzinə gəlin köçən qızın arxasınca daş atırlar ki, gəlin boşanıb qayıtmasın. Udilərdə isə gəlin köçən qızın arxasınca daş atıldıqda uğursuzluq, bədbəxtlik gətirəcəyinə inanılmışdı.
Ətraf aləmi, gerçəkliyi anlamaq üçün simvollar bir vasitədir. Uzun əsrlərdən bəri gerçəkliyin şifrələnmiş sirrlərini özündə əks etdirən simvollar Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində, memarlıq abidələrində həmişə özünü göstərmişdir. Simvolların insan həyatında necə əhəmiyyətli rol oynadığını folklor örnəklərində, xalça sənətində, digər əl işlərində, müxtəlif məişət əşyalarında daha qabarıq görürük. Məsələn, “Baftaçı Şah Abbas” nağılında şah çətinliyə düşdüyü zaman toxuduğu xalçanın üzərinə saldığı naxış hesabına quldurlardan qurtulmağı bacarır. Göstərilən nağıl nümunəsini əsas götürərək onu demək mümkündür ki, əl sənəti nümunələrində hər bir ilmənin, hər bir naxışın kodu vardır. Bu gizli sirri açmaq üçün bu sənət işlərinə yaxından bələd olmaq, böyük bir səbrlə öyrənmək lazımdır.
“Ornament” isə latın sözü olub, bəzək, naxış anlamına gəlir. Ornamentlərin ən sadə ünsürlərinə – düz və sınıq xətlərə, ziqzaqlara, dairələrə, üçbucaqlara, kiçik romblara, nöqtə ornamentinə Azərbaycanda hələ erkən bürünc dövrünə (e.ə. III minillik) aid saxsı qabların üzərində rast gəlinir. Bu naxışların özləri də həndəsi, nəbati, zooloji, astroloji və antropoloji olmaqla müxtəlif qruplara bölünür. Ornamentlər də simvollarda olduğu kimi xalqın kodlaşmış əski inanclarını əks etdirir və zənginliyi ilə seçilir. Azərbaycan naxışları içərisində bitki ornamentləri – sünbül, zanbaq, lalə, nar, heyva çiçəyi və yarpağı; quş ornamentləri içərisində – tovuz quşu, göyərçin, bülbül; heyvan ornamentləri içərisində – ceyran, əjdaha və s. ən qədim naxışlardandır. Azərbaycan xalçalarını bəzəyən bu elementlərdən dekorativ və tətbiqi sənətin müxtəlif sahələrində geniş istifadə olunur. Məsələn, geniş yayılmış bəzək elementlərindən olan butadan Azərbaycan xalçalarında, dekorativ və tətbiqi sənətin müxtəlif növlərində – təkəlduz tikmə sənətində, kəlağayılarda, binaların daxili bəzəyində və digər sənət nümunələrində geniş istifadə olunur, həmçinin dulusçuluq, memarlıq abidələri və şəbəkə nümunələri üzərinə müxtəlif üsullarla həkk edilir.