AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Səməni

Nümunənin reyestr kodu : DB0102000002

Səməni – Novruz bayramının əsas atributlarından biridir. Adətən, Novruz bayramı ərəfəsində bütün evlərdə göyərdilən bərəkət nişanəsidir. Bu məqsədlə buğda, arpa, noxud, mərci və digər dənli bitki məhsullarını islağa qoyub cücərdəndən sonra sini, məcməyi, yaxud boşqaba barmaq qalınlığında sərir (üstü dəsmal və ya tənziflə örtülür), üzərinə su çiləməklə cücərdirlər. Yazın gəlməsi, torpağın oyanması, təbiətin canlanması, yaşıllıq rəmzi sayılan səməni Novruz süfrəsində görkəmli yeri tutur. Qohum-qonşu bir-birinə səməni yollayır. Təzə-tər səməninin şərəfinə alqışlar söylənilir, mahnılar oxunur.

Səməninin magik gücü olduğuna inanılır. Ona görə Qazax rayonunda camda qoyulmuş səmənini ailə üzvlərinin üz-gözünə, sinəsinə toxundururlar ki, gözü işıqlı, üzü təravətli, ürəyi möhkəm, ömürləri uzun olsun. Bayramdan sonra saralıb-solan səmənini hara gəldi atmaq günah sayılır. Saralmış səmənini çaya atıb, dalınca da şəkər atırlar. Belə olanda evə xeyir-bərəkət gələcəyinə inanılır. Bu ənənə indi də Azərbaycanın bəzi bölgələrində qorunub saxlanılır.

Yaz əkini qabağı səməni cücərtmək xalqın çörəyə ehtiramı, səcdəsi kimi rəmzi mahiyyət daşımış, azərbaycanlıların şifahi poeziyasında bolluq, səadət arzusunu ifadə etmişdir. Səməninin varlığı, həyatverici gücü, mənası taxıldır, torpağa tapınmaqdır. Səməni göyərtməklə ümidini, arzusunu, ruzusunu göyərtmiş əkinçi babalarımız məhşur el nəğmələrində həzin bir yalvarışla: “Səməni, saxla məni...” – oxuyaraq onları saxlamasını, hifz etməsini istəyirlər. “İldə göyərdərəm səni” – deyə vəd edərək səmənini hər il göyərdəcəklərinə, başqa sözlə, əkin işlərinə hazırlaşacaqlarına, torpağa qayğı və nəvaziş göstərəcəklərinə, bolluq yaradacaqlarına söz verirlər.

Səmənidən hazırlanmış nemətlər – səməni halvası, səməni sıyığı Novruz süfrəsinin bəzəyi sayılır. Səməni halvası adətən nəzir niyyəti ilə bişirilir. Qəlbində niyyəti olan şəxs böyük tabaqlara buğda töküb göyərdir. Sonra cücərtiləri əzib şirəsini çıxarır, şirəyə bir az su əlavə edib iki-üç gün qaynadır. Qoz-fındıq ləpəsi əlavə etdikdən sonra onu sinilərinə töküb yayır. Həmin halva bir gecə çöldə saxlanılır. Səhər bişmişin dadına baxılır. Əgər bişmiş şirin çıxardısa, niyyətin qəbul olunacağına inanılırdı.

Səmənidən həm də ovsun məqsədilə istifadə olunmuşdur. Züriyyəti olan qadın göyərdilmiş səmənini ilaxır çərşənbə günü uşağı olmayan qadının başı üstə saxlayır. O, bulaqdan, çaydan gətirilmiş “çərşənbə suyu”ndan bu səməninin üstündən həmin çilləli qadının üstünə axıdır. Züriyyəti olan başqa bir qadın çillənin üstünə axıdılan bu suyu əlinə aldığı qayçı ilə doğraya-doğraya: “A səmənini göyərdən, bu gəlini də göyərt”, – deyir.

Axır çərşənbədə və ya Novruz bayramında hüzrü olan, bayramı keçirə bilməyən ailələrə sovqat olaraq səməni xonçası göndərilir. Xonçada bayram üçün hazırlanmış nemətlər də olur. Xonçanın ortasında qoyulmuş səməni nimçəsinin ətrafına şam düzülür. Xonçanı gətirən şamları hüzrlünün evində yandırmaqla ailəni hüzndən, yasdan çıxarır.