Novruz bayramı
Nümunənin reyestr kodu : DB0102000001
Milli bayramlar hər bir xalqın milli kimliyini formalaşdıran, onu dünyada tanıdan əsas ünsürlərdən biridir. Bir çox xalqlar dünyada milli bayramları ilə tanınmaları da məhz bundan irəli gəlir. Bayramları bu qədər önəmli edən əsas səbəb milləti bütünləşdirməsi, varlı-kasıb, böyük-kiçik fərqi qoymadan toplumun bütün üzvlərini bir araya gətirməsidir. Azərbaycanda belə bayramlardan biri də Novruzdur.
Tarixi kökləri əski çağlara gedən, arxaik mifoloji inanclardan qaynaqlanan Novruz bayramı yüzillikləri əhatə edən təkamül yolu keçmişdir. Hətta cəmiyyətdə oynadığı rolu nəzərə alınaraq tarixin müxtəlif mərhələlərində hakim ideoloji sistemlər ondan siyasi məqsədləri üçün istifadə etməyə cəhd etmişlər. Atəşpərəstlərdə Novruz zərdüştlüklə, farslarda Cəmşidin, islam coğrafiyasında isə Həzrət Əlinin taxta çıxması ilə bağlanılmağa çalışılsa da, bunların heç biri bu bayramı öz mahiyyətindən uzaqlaşdıra bilməmişdir. Hətta Sovet dövründə təqiblərə məruz qalmasına, keçirilməsinin qadağan olunmasına baxmayaraq xalq öz bayramına sahib çıxaraq onu yaşatmış, günümüzə gətirib çıxarmışdır.
Qışı yola salmaq, yazı – yeni günü qarşılamaq məqsədilə keçirilən Novruz boz aydan başlayıb onun qurtarmasına qədər olan dövrü əhatə edən çoxsaylı mərasimlər kompleksindən ibarətdir. Yazın gəlişi gecə ilə gündüzün bərabər olduğu – martın 21-dən 22-nə keçən gecəyə düşsə də, ona qədər müəyyən rituallar icra olunur və yazın gəlişi addım-addım izlənərək qeyd olunur. Novruz bayramının əsas atributlarından biri çərşənbələrdir. Bayramın gəlişinə qədər beş çərşənbə qeyd olunur. Bunlardan dördünə doğru, birinə isə yalançı və ya xəbərçi çərşənbə deyilir. Doğru çərşənbələrin dördü də boz aya düşür, yalnız yalançı çərşənbənin yarısı kiçik çilləyə, yarısı boz aya düşdüyü üçün xalq arasında digər çərşənbələrdən fərqləndirilir. Çərşənbələrin xalq arasında dəqiq sıralanması yoxdur, iqlimdən, coğrafi şəraitdən asılı olaraq onların ardıcıllığı bölgədən bölgəyə dəyişir. Amma bütün bölgələrdə çərşənbələr dörd ünsürün – su, od, torpaq və yelin oyanması münasibətilə qeyd olunur. Sonuncu çərşənbə xalq arasında həm də Axır çərşənbə kimi tanınır və daha təmtəraqlı qeyd olunması, mərasimlərlə zənginliyi ilə seçilir. Həmin gün gün dönəndən sonra qovurğa qovrulur, qohum-qonşuya yeddi ləvin bayram nemətindən hazırlanmış pay verilir, insanlar bir-biri ilə bayramlaşır, küsülülər barışır, qapı pusulur, üzü axşama doğru ocaq qalanır, şal atılır, insanlar səhərə qədər oyaq qalıb çilə çıxarır, səhər erkəndən isə su üstünə gedilir və s. Sadalanan bu rituallar Novruz bayramının Azərbaycan xalqı ilə nə qədər bağlı olduğunu, onun həyatının ayrılmaz bir parçasına çevrildiyini göstərir.
Yazın gəlişi qış-yaz əvəzlənməsinin açıq-aydın hiss olunduğu Şimal yarımkürəsində yaşayan xalqlar arasında qeyd olunur. Sadəcə olaraq, fəsil dəyişikliyi ayrı-ayrı ölkələrdə müxtəlif zamanlara düşdüyündən yazı qarşılamaq münasibəti ilə keçirilən bu mərasim də fərqli vaxtlara düşür. Yazı qarşılama mərasiminin Çində fevral, Azərbaycanda mart, Rusyada aprel ayında keçirilməsi həmin fərqdən qaynaqlanır. Eyni iqlim qurşağında yeləşən ölkələrdə – Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Əfqanıstan, İran və Türkiyədə isə bu bayram eyni vaxtda qeyd olunur. Coğrafi yaxınlıq bu xalqların bayramında ortaq xüsusiyyətlərin yaranmasına səbəb olsa da, hər bir etnosun, bölgənin başqasında təkrar olmayan yaz mərasimi və ayinləri vardır.
-
Türk xalqlarının yaz bayramları və Novruz
Ağaverdi Xəlil
2013
-
Novruz bayramı ensiklopediyası
Bəhlul Abdulla, Tofiq Babayev
2008
-
Novruz. Bələdçi kitabı
2011
-
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XXXI cild
2009
-
"Novruz"un strukturu: arxaik ritual, təqvim və bayram
Ağaverdi Xəlil
- Biblioqrafiya və tərtibçilər