AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Su əyəsi

Nümunənin reyestr kodu : DR0203000011

Su əyəsi türk mifoloji düşüncəsində, o cümlədən Azərbaycan mifoloji mətnlərində geniş yayılmış obrazdır. Şifahi ənənədə o, “su adamı”, “su nənəsi”, “çay nənəsi” kimi müxtəlif adlarla tanınır. Bu varlıq haqqındakı təsəvvürlər çay kənarındakı yaşayış məntəqələrində daha geniş yayılmışdır. Əsasən dağınıq saçlı bir qadın şəklində təsvir olunur, çayda, su hövzəsində yaşadığına inanılır. İnanca görə, çaydan keçən adam suya çox baxdıqda çay nənəsinin acığı gəlir və həmin adamın başını gicəlləndirib onu çaya salır. Sabirabadın Arazqırağı kəndlərində böyüklər uşaqları su adamı ilə qorxudarlar ki, çaya yaxın getməyin, su adamı sizi aparar. Saatlı rayonundan yazıya alınmış bir mətndə su əyəsi qadın şəklində təsvir olunur, beldən yuxarısının insan, beldən aşağısının balıq olduğu, dağınıq saçlarının olduğu, insan kimi danışa bildiyi söylənilir.

V.N.Basilov su əyəsinin Kazan və Qərbi Sibir tatarları, qazaxlar və başqırdların mifologiyasında antropomorf şəkildə təsəvvür olunan ruh – suyun sahibi olduğunu yazır. Kazan və Qərbi Sibir tatarlarında bu varlıq kişi və ya qadın şəklində təsvir olunur. Başqırdların təsəvvürlərinə görə, su əyələri suda ailələr şəklində yaşayır və onlar çox varlıdırlar. Onların imarətinin girişi suyun dibində, daşın altındadır. Onlar insana heç bir zərər vermirlər.

V.N.Basilov su əyəsi haqqında türk xalqlarında olan təsəvvürləri ümumiləşdirərək yazır ki, o, Kazan, Qərbi Sibir tatarları, tatar-mişarlar, qumıqlar, qaraçayların mifologiyasında su ruhudur. Su anası tatarlarda insan görkəmində təsəvvür olunan su əyəsi ruhlarının bir növüdür. Su anasının su babası adlanan əri və uşaqları var. Həmin uşaqları da bəzən su əyəsi adlandırırlar. Su anası gecə yarısı suyun üstündəki körpüyə çıxıb uşaqlarını yuyundurur. Adamlar su anasını o, çayın sahilində oturub albastı kimi öz saçlarını şana ilə darayanda görürlər. Belə hesab edilirdi ki, su anası quraqlıq, xəstəlik yollaya bilər, insanı suda boğa bilər. Ona görə də ər evindəki təzə gəlin ilk dəfə su üstünə gedəndə su anasına hədiyyə olaraq qəpik atır. Su anası Tobol tatarlarında insanın ayağından tutub suya dartan şər ruhlar – su pərilərinin başçısı sayılmışdır. Tobol tatarları onu uzun, ağ, pırtlaşıq saçları olan qarı görkəmində təsəvvür edirdilər. Bu qarının adi atributları qızıl vedrə, yaxud qızıl şanadır.

Azərbaycan xalqının mifoloji yaddaşında əyələr haqqında çoxlu maraqlı mətnlər vardır. Həmin mətnlərdə su əyəsi obrazının xarakterik cizgiləri verilmişdir.

Qərbi Azərbaycanın Ağbaba mahalına aid mifoloji mətnlərdə ağac əyəsi, dəyirman əyəsi, su əyəsi ilə bağlı inanclar vardır. Sonuncu ilə bağlı mətndə deyilir: “Bir dəfə iki nəfər şər qarışan vaxtı balıx tuturmuş. Birdən tilova bir balıx düşür. Əmə balıx elə betər səs çıxardır ki, elə haray salır ki, balıxçı onu tez suya atır. Di gəl ki, az keçmir, hər iki balıxçının gözdəri tutulur. Sən demə, tilova düşən su yiyəsi, yəni su əyəsiymiş”.

Göründüyü kimi, su əyəsi burada balıq şəklindədir və ona tutan balıqçılara qəzəbləndiyi üçün hər ikisinin gözlərini kor edir. Burada su əyəsi bəd ruh kimi çıxış edir.

Zəngəzur folklor mətnlərində əyələr həm də məleykə adı altında təqdim olunur. O, hər yerdə olur. Su məleykəsi də elə su əyəsinin özüdür: “Dar vaxtı suyun üstə getməzdər. Suyun içində məleykələr var, Adama toxunallar, (adamın – A.H.) ağzı əyilir, qolu quruyur. Vırğın vırıf deyillər belə adamlara”.

Qərbi Azərbaycanın Qaraqoyunlu mahalına dair mifoloji mətnlər su əyəsi ilə bağlı inancları bütöv halda təqdim edir. Bu mətnlər təsdiq edir ki, hər yerin və hər şeyin öz hami ruhu var və su əyəsi də onlardan biridir: “Yer üzərində olan bütün cannı və cansızların hər birinin öz əyələri var. Suyun da öz əyəsi var. Gərəh bunnarın hamısına salam verəsən». İnsan su əyəsi ilə bağlı qaydaya əməl etməlidir. Əks halda su əyəsi ona qarğış edər: «Suya salam verməsən, su sənə qarğış eliyər. Səhər-səhər axar çayın üzərinə gedif salam verməlisən, yoxsa su sənə xətər toxuyar”.

Su əyəsi ilə bağlı qadınlara aid ayrıca xəbərdarlıq var: “Su gətirməyə gedən hər bir qadın suya çatan kimi salam verməli, dua etməlidi. Səhəngini dolduruf gələndə yenə də razılığını bildirməli, “salamat qal” deməlidir.

Suyun üstündən keçməyin də öz qaydası var: “İnsan sudan addayanda salam verməlidi, yoxsa su ondan inciyər, qarğıyar”.